Kinorejissorun “The New Times”a iradlarının nəzərə alınmaması da onu göstərir ki, redaksiya öz jurnalistini haqlı bilir…
Kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ABŞ-da nəşr olunan “The New Times”a müsahibəsində “biz erməni xalqı ilə düşmən deyilik, baş verənlərə görə erməni xalqı günahkar deyil və mütləq barışacağıq” deməsi Azərbaycanda ciddi ictimai qınaq doğurub. Təxminən bir həftəyə yaxındır ki, ölkə mətbuatında ciddi müzakirə mövzusuna çevrilən bu müsahibəyə R.İbrahimbəyovun reaksiyası yox idi.
Lakin üzərindən bir neçə gün keçəndən sonra Milli Şuranın fəxri sədri “The New Times”ın nəşriyyatına etiraz məktubu göndərib.
“Müsahibəmin mətni ilə bu qədər sərbəst şəkildə davranılması ilə bağlı məyusluğumu ifadə etməyə bilmərəm. Böyük ixtisarlar və mənimlə razılaşdırılmamış redaktor müdaxiləsi nəticəsində Olqa Qalitska ilə söhbətdə dediklərimin ümumi mənası itirilib, mənim üçün prinsipial əhəmiyyət kəsb edən konkret ifadələr təhrif olunub.
Jurnalınıza hörmətlə yanaşıram və dərc edən redaktorun sözlərinə görə, nömrənin ümumi həcminin qısaldılması ilə bağlı texniki səbəblərin müəllifin fikirlərinin bu dərəcədə təhrif edilməsinə gətirib çıxara bilməsinə təəccüb edirəm. Müsahibəni bu şəkildə dərc etməməyi israrla xahiş edirəm” deyə, R.İbrahimbəyovun bir nüsxəsini “Turan”a göndərdiyi müraciətdə bildirilir.
Xüsusən İbrahimbəyov aşağıdakı paraqrafın ixtisar edilməsindən narazılığını bildirib: “Ermənistan Dağlıq Qarabağı işğal edərək, mənim nöqteyi-nəzərimdən, təkcə Azərbaycan və erməni xalqına qarşı cinayət işləməyib – hər iki ölkədə çox sayda insan həlak olub, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb – bu təcavüzün nəticələri bütün bəşəriyyət üçün təhlükəlidir.
Qavrila Prinsipin açdığı bir atəş Birinci Dünya müharibəsinə səbəb olub. Dünyadakı hazırkı vəziyyətdə isə sərhədlərə yenidən baxılması üzrə istənilən cəhdlər bütöv ölkələrin məhvinə səbəb olar. Bu, səhvdir, faciəvi səhv”.
Maraqlıdır ki, Amerika nəşri R.İbrahimbəyovun israrlı xahişlərinə baxmayaraq, onun iradlarını tam şəkildə nəzərə almağı lazım bilməyib.
R.İbrahimbəyovun müsahibəsində jurnalistin nəyi təhrif etdiyi və ya ixtisara saldığı yenə də müəmmalı qalır. R. İbrahimbəyovun etiraz və heyrət doğuran iki fikri – erməni xalqının baş verən konfliktdə heç bir günahının olmaması və Krımın Rusiya torpağı olması – təkzib edilməyib.
İbrahimbəyovun iradlarının nəzərə alınmaması da onu göstərir ki, redaksiya öz jurnalistini haqlı bilir. (musavat.com)
COMMENTS