İcra başçısı ilə baş həkimin tender əməliyyatları

İcra başçısı ilə baş həkimin tender əməliyyatları

Tofiq-İbrahimov-lənkəran-icra-başçısı7-300x228

Nuru Nuriyevin rəhbəri olduğu sahə batır, kəndlərdəki tibb məntəqələri kağız üzərində təmir olunsa da, reallıqda uçmaq təhlükəsi ilə üz-üzədir 

Ağdaş rayonunun səhiyyəsi məhv olmaq üzrədir. JAM.AZ xəbər verir ki, baş həkim Nuru Nuriyevin pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, hətta dövlət büdcəsindən ayrılan milyonlarla vəsait belə ona yetmir. Elə buna görədir ki, rayonun kəndlərindəki tibb məntəqələrinin əksəriyyəti ya uçmaq təhlükəsi yaşayır, ya bərbadlıq səviyyəsinə görə analoqu yoxdur. 

Qeyd edək ki, son 3 il ərzində Ağdaş səhiyyəsinə 2 milyon manatdan artıq vəsait ayrılsa da, heç bir nəticə yoxdur. Baş həkimin hazırladığı plana əsasən mənimsənilən pulların acı nəticəsini isə sakinlər yaşayırlar. Məlumatlarda deyilir ki, Ağdaşın kəndlərindəki tibb məntəqələri demək olar ki, sıradan çıxmış vəziyyətdədir. Elə Mərkəzi Xəstəxananın da durumu yaxşı deyil. Buraya müraciət edən xəstələrə ancaq gəlir mənbəyi kimi baxılır. 

Bildirilir ki, həkimlərin xəstələrdən pul qoparmaq həvəsi səbəbsiz deyil və burada Nuru Nuriyevin xüsusi marağı var. Çünki baş həkim digər həkimlərdən hər ay ona haqq vermələrini tələb edirlər. JAM.AZ-a danışan həkimlərdən biri isə deyib ki, Nuriyev bütün bu işləri Ağdaşın icra başçısı Tofiq İbrahimovun ayağına yazır. Belə ki, o, icra başçısının rayonda tikinti işləri apardığını və bunun üçün pul lazım olduğunu əsas götürərək, həkimlərən aylıq haqq almağı vacib sayıb. 

Aydın məsələdir ki, Nuru Nuriyev dövlət büdcəsindən ayrılmış pulları təkbaşına yemir və burada icra başçısının da payı var. Elə buna görədir ki, rayonda fəaliyyət göstərən 3 xəstəxana, 1 uşaq Poliklinikası, 1 təcili tibbi yardım məkəzi və 61 kənd tibb məntəqəsi tamamilə bu cütlüyə işləyir. 900 nəfərlik tibb personalının arasında isə xeyli sayda «ölü canlı»nın olduğu da sirr sayılmır. Çünki hər bir məntəqədə 2 tibb bacısının işlədiyi sənədləşirilib. Lakin onların adları var, özləri isə yoxdur.Hətta belə bir iddia da var ki, Nuriyev hər ay 240 ştatın maaşını alaraq cibinə qoyur. 

JAM.AZ-ın araşdırmalarına görə, Nuru Nuriyevin mənimsəmə işlərində təcrübə toplaması üçün maraqlı «eksperimentləri» olub. Məsələn, Ağdaşın baş həkimi icra başçısı Tofiq İbrahimova arxalanaraq ayrılmış 2 milyon manatın 1,6 milyon manatını rayonun Qarağan, Ərəb, Xosrov, Şordəhə, Ara-1, Orta Qəsil, Bəylik, Əmirmahmud, Hapıtlı, Dəhnəxəlil, Güvəkənd, Əmirax, Binələr, Abad, Xınaxlı, Malay, Kotavan, Huşun, Şəmsabad, Eymur, Şıxlı, Kükəl və digər kəndlərdə yerləşən tibb məntəqələrinin cari təmirinə sərf etdiyini sənədləşdirib. Əslində isə burada vəziyyət olduqca bərbaddır. 

Biz hələ rayonun Orta Ləki, Aşağı Ləki, Ərəb, Tofiqi, Qolqəti, Ərəbocağı kəndlərindəki tibb məntəqələrinin yenidən tikilməsində ciddi şəkildə maxinasiyalar həyata keçirildiyini qeyd etmirik. 

Bu əsnada Ağdaşın baş həkimi daha 250 min manatlıq bir işə imza atıb. JAM.AZ-ın araşdırmalarına görə, yerli Mərkəzi Xəstəxanaya ayrılmış ərzağın hansı təyinatla sərf olunduğu kimsəyə məlum deyil. Amma faktiki olaraq xəstəxanaya çörək məhsullarının satın alınması üçün ayrılmış və “Tobol-C” MMC şirkəti tərəfindən həyata keçirilmiş əməliyyata 11 min manatın sərf olunduğu sənədləşdirilib. 

Ağdaş xəstəxanasına ayrılmış və “FRİ-F” MMC tərəfindən alışı həyata keçirildiyi iddia edilən ərzaq məhsullarının satın alınmasına da kağız üzərində 82900 manat xərcləndiyi qeyd olunur. Hərçənd Ağdaşda kimsə xəstəxanada xəstələrə yemək verildiyini nə görüb, nə eşidib, nə də bundan xəbəri var. Amma Nuru Nuriyev şəxsi maraqları xatirinə bu ilin ilk yarısında ərzaq məhsullarının satın alınması üçün ikinci bir tender keçirib və bu zaman daha 52100 manatın «başına daş salıb». 

Qeyd edək ki, Nuriyevin əməliyyatları bununla yekunlaşmır. Onun həmçinin tibbi avadanlıqlar və dərman pereparatlarının alınması, dəftərxana ləvazimatları, habelə digər avadanlıqların satın alınması məqsədi ilə büdcədən ayrılmış milyonları necə mənimsədiyi də fakt olaraq qalır. Bu məsələ ilə bağlı araşdırmamış davam edir. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

COMMENTS