İcra başçısı Maşallah Əhmədova 2 milyon manat “atıb” ?

İmişlinin icra başçısı Vilyam Hacıyev “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədova 2 milyon manat borcludur. Bu barədə jam.az saytı məlumat yayıb.

 

Məlumata görə, Maşallah Əhmədov idmandan ayrıldıqdan sonra özünə kiçik bir MMC qurub. Daha sonra isə tanışları və illərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayıb. Və nəhayət, rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulub. Keçirilən tenderlərdən bir neçəsində qalib olub.

Maşallah Əhmədovla Vilyam Hacıyevin yolları ilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişib. Həmin vaxt sözügedən rayonun icra başçısı olan Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlb edib. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qismini verərək, yerdə qalanını da ödəyəcəyini vəd edib.

Amma bu anlaşmadan qısa müddət sonra Hacıyev Samux rayonuna icra başçısı göndərilib. Və Mahşallah Əhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılıb. Orada da bir xeyli işlər görüb və bunun üçün ayrılmış pulların bir qismini ala bilib. Yerdə qalan vəsaiti isə öz cibindən xərcləməli olub.

Xəbərdə iddia edilir ki, Samuxda icra başçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesi uzatmaqla onu sakitləşdirməyə nail olub. İmişli rayonunda görülən işlərə də cəlb edilən Mahşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşüb. Hətta onun aldığı borcları qaytara bilmədiyi də verilən məlumatlar sırasında var.

Məlumata görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülən işlərə görə Vilayam Hacıyevin Mahşallah Əhmədova olan ümumi borcu təqribən 2 milyon manat civarındadı. Dəfələrlə tərəflar arasında bununla bağlı söhbət olsa da, icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Amma sonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunu almayacağı barədə xəbərdar edilib. Və bundan sonra Əhmədov bu ilin əvvəllərində İmişli rayon İcra Hakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib.

Məlumatlarda iddia olunur ki, həmin vaxt İcra Hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardımçı olmayıb. Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyəti yuxarılardan gizlətdiyi deyilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS