2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən, bu il isə Kürdəmirə icra başçısı təyin olunan Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub.
Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Sabiq icra başçısı İrşad Əliyevin yerinə gələn yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. O, təyin aldığı ilk günlərdə bəzi media orqanlarında öz xeyrinə reklam xarakterli məqalələr yazdıraraq işgüzar və yenilikçi başçı obrazı yaratmağa çalışırdı. Lakin Azərbaycan mediası Ceyhun Cəfərovu Tərtər rayonunda icra başçısı işlədiyi zamanlardan tanıyır. Medianın arxivində Tərtərdən gələn şikayətlərin sayı-hesabı yoxdur. Məcburi köçkünlərdən tutmuş, iş adamlarına qədər minlərlə şikayətçi var idi. Məsələ burasındadır ki, Ceyhun Cəfərov gənc olmasına baxmayaraq sələfi İrşad Əliyev kimi özünün qocaman xərac yığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir.
Mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, son zamanlar rayondakı korrupsiya və rüşvət halları ilə bağlı, xüsusən də rayon təhsil idarəsində və Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsində baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kompramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilib.
Mənbə bildirir ki, rəqibləri Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yarada bildiklərindən hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib: «Doğrudur, o, vəzifəsində yenidir. Amma Şəkinin keçmiş icra başçısı da görəv başında heç bir ilini tamamlaya bilmədi».
Mənbəmiz bildirir ki, konkret olaraq icra başçısının adı təxminən 600 min manatlıq büdcə pulunun yoxa çıxmasında hallandırılır. Həmin vəsaitin bir hissəsi isə rayon təhsil idarəsinin iştirakı ilə mənimsənilib. Hər halda, bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük fərasət tələb edir.
«Kadr islahatları» adı altında yığım
Bu arada Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı ilə bağlı yeni iddialar ortaya çıxıb. Üç ay bundan öncə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan söz açılır. Belə ki, uzun illər İrşad Əliyev və onun klanından cana doyan kürdəmirlilər indi C.Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıb. Rayona yenicə ayaq basan icra başçısı ilk əvvəl kadr dəyişikliyinə başlayıb. Rayon təhsil şöbəsinin müdiri, İrşad Əliyevin adamı kimi tanınan torpaq şöbəsinin müdiri və icra başçısının birinci müavini vəzifədən demək olar ki, uzaqlaşdırılıb. Həmçinin digər idarə müdirlərinə də vəzifədən uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıqlar olunub. Amma vəzifədə qalmaq istəyən idarə müdirləri üçün də bir şans qoyub. “Xoş gəldinə” əli dolu gələn idarə müdirlərinə bildirilib ki, aylıq haqqları bir qədər artıb.
Bütün bunlar azmış kimi, C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda alver edən insanlardan pulların yığılması məsələsi İrşad Əliyevin adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Məlumatda qeyd olunur ki, sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Olmayanlara isə işləmək imkanı verilməyəcək.
Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin yenidən qaldırılmasıdır. Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bilidirib. Bir sözlə, İrşad Əliyevdən canlarını güclə qurtaran kürdəmirlilər üçün daha ağır dönəm başlayıb.
Məlumat üçün qeyd edək ki, C.Cəfərov əvvəlki icra başçısı İrçad Əliyevin rayondakı torpaq sahələri və obyektlərinə də əl qoymaq niyyətindədir. Artıq bir sıra obyektlərin sənədləşməsinin araşdırılmasına başlanılıb. İrşad Əliyev isə obyektləri asanlıqla əldən vermək niyyətində deyil. Beləliklə, yaxın aylarda İrşad Əliyevlə Ceyhun Cəfərov arasında yeni bir konfliktin başlanmasının şahidi olacağıq.
İdarə rəhbərlərinə Heydər Əsədov şantajı
Ceyhun Cəfərovun icra nüamyəndələrini və bələdiyyə sədrlərini Heydər Əsədovla qorxutduğu iddia olunur. Kürdəmirdən daxil olan məlumata görə, bu il aprelin 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20 yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib. Daxil olan məlumatda göstərilir ki, Kürdəmirin icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman Kənd Təsərrüfatı naziri Heydər Əsədova həmin bələdiyyələrdə və icra nümayəndəliyində yoxlamalar aparmaq üçün müraciət edəcək. Ceyhun Cəfərov bələdiyyələrə sifariş göndərib ki, “əgər onlar saxta sənədlərlə yazdırdıqları torpaq sahələrinə veriləcək yanacaq yardımını icra başçısına verməsələr, Kənd Təsərrüfatı Nazirliyinin əli ilə yoxlanılmalarına şərait yaradacaq”.
Bələdiyyə sədrləri, icra nümayəndələri Kürdəmir icra başçısının bu “xəbərdar”lığından ciddi şəkildə narahat olublar və Ceyhun Cəfərovun istəyi ilə razılaşıblar.
Bildirək ki, Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi subsidya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsi isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir. Qeyd edək ki, Kürdəmir rayonunda subsdiya yardımı ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik…
İşdən qovulanları geri qaytarır
İcra başçısı təyin edildikdən qısa müddət sonra özünün birinci müavini vəzifəsinə Tacəddin Novruzovu təyin edib. Ən qəribəsi isə budur ki, T.Novruzov bu təyinatdan bir neçə ay əvvələ qədər Kürdəmir rayon Təhsil şöbəsinin müdiri işləyib, lakin işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Kürdəmirin yeni icra başçısı isə qeyd olunduğu kimi, onun vəzifəsini bir qədər də artıraraq özünə birinci müavin təyin edib. T.Novruzovun isə nöqsanlara görə şəxsən təhsil naziri Mikayıl Cabbarov tərəfindən işdən uzaqlaşdırıldığı bildirilir.
Kəndlərdən şikayətlər gəlir, cavab verən yoxdur
Son zamanlar rayonla bağlı apardığımız araşdırmalara daxil olan şikayətləri də əlavə edə bilərik. Rayonun Şilyan kəndində yaşayan bir qrup vətandaş tərəfindən daxil olan şikayət məktubunda yolsuzluqdan əziyyət çəkdikləri yazılır. Kənd sakinləri yollarının çox bərbad vəziyyətdə olmasından şikayətlənirlər.
Məktubda bildirilir ki, artıq onlar kənd yollarının belə vəziyyətdə olması ilə bağlı rəsmi qurumlara şikayət etməkdən qorxur: «Hara şikayət ediriksə məktublar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun üstünə qayıdır. Başçı da bütün mümkün vasitələrlə bizə təzyiq etdirir. Şikayət edən adamlardan bir neçəsinə inzibati həbs qərarı verilib. Düzdür, bu həbsləri şikayətlərlə bağlamasalar da, ancaq hamı gözəl bilir ki, kökündə həmin məsələ durur.
Biz dəqiq bilirik ki, dövlət büdcəsindən kəndimizin yolunun abadlaşdırılması üçün bir neçə dəfə vəsait ayrılıb. Ancaq təəssüflər olsun ki, həmin vəsait rayon rəhbərliyi tərəfindən mənimsənilir. Sizdən xahiş edirik, bizim şikayətimizi ictimailəşdirin ki, qoy Kürdəmirdə baş verən özbaşınalıqdan hamı xəbərdar olsun».
İcra başçısının Tərtərdən Kürdəmirə gələn vəhabi dostları
Uzun zaman, xüsusilə də Tərtərin icra başçısı işlədiyi dönəmlərdə Ceyhun Cəfərovun adı vəhabilərlə yaxın işbirliyində çəkilirdi. Həmin iddialara görə, icra başçısı harda olursa, onlara bütün şəraiti yaradır. Bu imkanlardan istifadə edən vəhabilər də Tərtərdə artıq bir neçə iri fermer kompleksi yaradıblar və heyvandarlıqla məşğul olurlar. Onlara yaradılan bir başqa şərait də odur ki, vəhhabilərə kimsə söz deyə bilməz.
Mənbə bildirir ki, artıq Kürdəmirdə də C.Cəfərovun vəhabi ortaqlarının sayı artıb. Onlar rayonda abadlaşdırma adı altında aparılan bəzək-düzək işlərində iştirak edirlər. Yerli sakinlər deyirlər ki, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, yalnız Tərtərdən gələn vəhabilər işə götürülür.
Camaatı narahat edən məqam icra başçısı ilə vəhabilərin dost olması deyil. Onları narahat edən səbəb vəhabilərə bu qədər geniş şəraitin yaradılmasıdır. Üstəlik, bu iş adamı dindarların heç birinin kürdəmirli olmamasıdır. Mənbə deyir ki, Ceyhun Cəfərov zaman içində onlara digər şəraitlər yaratmağa da söz verib. Məsələn, artıq rayonun mərkəzindəki bəzi dükan və ticarət məkanlarının həmin vəhabilərin əlinə keçdiyinə dair məlumatlar var. Həmçinin o da vurğulanır ki, icra başçısı onlara maliyyə yardımları edərək, işlərini böyütmək üçün də imkanlar açır.
Qeyd edək ki, vəhabilər kifayət qədər radikal dini təşkilatların təmsilçiləridir. İndiyə qədər Azərbaycanda onların vasitəsi ilə bir neçə terror aktlarına cəhd olub və bu səbəbdən də təhlükəli dini cərəyan kimi qəbul edilirlər. Belə olan təqdirdə, dövləti təmsil edən icra başçısının onlarla bu qədər yaxın olması qəti başadüşülən deyil.
COMMENTS