İcra başçısının bezdirdiyi sahibkar Zakir Qaralova müraciət etdi – “Cənab baş prokuror, 1 sillə vursaydım…”

İcra başçısının bezdirdiyi sahibkar Zakir Qaralova müraciət etdi – “Cənab baş prokuror, 1 sillə vursaydım…”

“Cənab baş prokuror, əgər mən bir şəxsə 1 sillə vursaydım, anındaca həbs olunardım. Mənim notariusda alqı-satqı yolu ilə aldığım, çıxarışla adıma rəsmiləşmiş əmlakın 6 gündür ki, qəsb olunub, bunu araşdıran yoxdur” – Gədəbəy rayon sakini Fəxrəddin bağırov baş prokuror Zakir Qaralova ünvanladığı müraciətində belə yazır.

Qeyd edir ki, Gədəbəy rayonu, H.Əliyev prospekti 10 ünvanında yerləşən şəxsi mülkü yerli icra hakimiyyəti işçilərinin və polisin basqınına məruz qalıb: “Müşahidə kameraları sındırılıb, sağ və sol tərəfi qonşuların hasarları ilə arxa tərəfi hündür uçurumla əhatələnmiş, yalniz prospektə çıxışı olan oyektimin bütün qapı pəncərə və həyət darvazası daş hasarla bağlanıb. Mənə məxsus maşınlar, mallar və avadanlıqlar, eyni zamanda ev hasarlama yolu ilə mənimsənilib, cinayət barədə foto və video materiallar mətbuatada yayılıb, hazıra obyektə nəzarət və sahiblik hüququm əlimdən alınıb. Obyektimə kimin daxil olub çıxdığından xəbərim yoxdur, mülküm talan olunur, eyni zamanda yenə çıxarışla mənə məxsus olan başqa torpaq sahəsinə ağır texnika yeridilərək 1.5 m hündürlüyündə, 100 metr uzunluğunda daş hasar yerlə yeksan edilib. Bütün dövlət orqanlarına, o cümlədən Baş Prokurorluğa bu barədə müraciət etmişəm. Amma 6 gündə heç bir tədbir görülməyib. Yəqin ki, müraciət etdiyim dövlət orqanlarının əməkdaşları rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb və onların yalan məlumatı əsasında materialı bağlayıblar.

Hörmətli Zakir müəllim.

Mülkiyyət hüququnun tanınması üçün Dövlət Reyestr Xidmətinin verdiyi çıxarışdan mötəbər sənəd varmı? Cinayətin sübutu üçün video və fotolardan güclü fakt nədir? Daha hansı materialı təqdim etməliyəm ki, mənə qarşı yol verilən cinayətlər əsaslı araşdırılsın?

Sizdən xahiş edirəm, minlərlə insanın gözü qarşısında Konstitutsiya və qanunların, dövlət başçısının fərman və sərəncamlarının pozulması ilə müşayət olunan bu açıq aşkar cinayət əməlinin əsaslı araşdırılmasına göstəriş verəsiniz”.

Qeyd edək ki, Gədəbəyin icra başçısı R.Yediyarov 6 il əvvəl sahibkar F.Bağırovun obyektinin yan tərəfinə hasar çəkdirib. Sahibkar hasarın sökülməsi üçün ötən 6 ildə Gədəbəy İcra Hakimiyəti də daxil olmaqla müxtəlif qurumlara şikayətlər edib. Noyabrın əvvəlində Gədəbəy icra Hakimiyyətindən ona məktubla cavab verilib. Cavabda yazılıb ki, hasarı guya sahibkar özü çəkib. Bundan sonra sahibkar hasarın demontaj olunmasına başlayıb və icra başçısının qəzəbinə tuş gəlib. R.Yediyarov obyektin bütün giriş-çıxış qapılarını hasarladıb, sahibkarın əmlakı qəsb olunub. F.Bağırov hazırda Bakıdakı yaxınlarına sığınıb və ölkə rəhbərliyindən kömək gözləyir.

Dosye.org

COMMENTS