İcra başçısının qardaşının qoçuları iş adamının üstünə silah çəkir, ölümlə hədələyir…

İcra başçısının qardaşının qoçuları iş adamının üstünə silah çəkir, ölümlə hədələyir…

Polis, prokurorluq orqanları isə  susur….

Suraxanının sabiq, Şirvanın indiki icra başçısı İlqar Abbasovun qardaşı quldurluq edir…

“Az Pal”  şirkətinin sahibi iş adamının avtomobilini girov götürüb…

Beynəlxalq  təşkilatların ciddi araşdırmalarına görə, dünyada ən az yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir.
Bəli, jurnalistlərin az ömür sürməsinin səbəbi təkcə  təhlükəli bölgələrdə olması, risk etməsi deyil…
Həm də hər gün oxuduqları  neqativ xəbərlərin onlarda yaratdığı stress, əzab və mənəvi ağrılardır.
Tam səmimiyyətlə deyirəm ki,  indicə oxuduğum xəbər məni əməlli-başlı sarsıtdı.
Axı,  biz XXI əsrdə, demokratik ölkədə, sivil cəmiyyətdə yaşayırıq, Allah qoymasa….
İcra başçısının qardaşı kimdir ki, Azərbaycan dövlətinin qanunlarını ayağı altına atır, lotuluq  edir, iş adamının başına tapança  dirəyir, öldürməklə hədələyir, hələ üstəlik qanuni avtomobilini əlindən alıb bir təpik də vurub  qovur…
Zərərçəkən iş adamı  polisə, prokurorluq orqanlarına, məhkəməyə üz tutur, amma heç bir faydası olmur.
Təsəvvür edirsiniz, əlacı hər yerdən kəsilən iş adamı deyir ki, Prezident Administrasiyasının qarşısında özümə qəsd edəcəm.
Görün insanı hansı həddə  çatdırırlar ki, o öz canına qəsd  etmək həddinə çatır.
Bəli, Suraxanının keçmiş, Şirvanın indiki icra başçısı İlqar Abbasovun qardaşı neçə ildir ki, iş adamı Vüqar Əhmədovun həyatını məhv edib.
Belə ki, icra başçısının qardaşı İlham Abbasovun  Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətinə məxsus olan dəyirmanı var.
Bəli,  Abşeron İlqar və İlham Abbasov qardaşlarının oylağı olub. 
Və  İlqar Abbasovun şərik olduğu COCA-COLA şirkəti də  Xırdalanda yerləşir.
Deməli,  şirniyyat  sexi  işlədən iş adamı qanuni yolla  İlqar  Abbasovun qardaşının  dəyirmanından hər ay  un alır və pulunu ödəyir.
Müəyyən zamanda  iş adamının borcu yarandığı üçün  un almaqdan imtina edəndə  İlqar Abbasovun qardaşı deyir ki, “hamının hamıya borcu var, narahat olma..”.

Beləcə iş adamı un almaqda davam edir. Və yavaş-yavaş borcu ödəməyə  başlayır.
Peşəkar şirniyyatçı  olan iş adamı deyir ki, bir gün icra başçısının qardaşı məni  Xırdalandakı ofisinə dəvət elədi.
Və orada mənə dedi ki, imkanlı qohumların var, onlardan pulu al borcu bağla. Mən isə ondan 2 ay möhlət istədim.
Onlar silahı başıma  dirəyib  hansısa hazır sənədə qol çəkdirdilər. Və mən  ofisin həyətində saxladığım kreditə  götürdüyüm avomobilimə  minmək istəyərkən, yenə silahla məni qorxudub  avtomobilin texniki pasportunu və kredit sənədlərini, etibarnaməni zorla mənim əlimdən alıb mənə fiziki təzyiq etdilər.
Şikayətçi  iş adamı deyir ki,  mən iflic oldum və xəstələndim. Ancaq 2 ay tamam olmamış  borcu bağlayıb avtomobilimi geri almaq üçün icra başçısının qardaşının yanına getdim. Ki, borcu bağlamışam, avtomobilimi qaytarın.
Söhbət zamanı məlum olub ki, iş adamına məxsus avtomobil çoxdan satılıb.

Hələ üstəlik iş adamına İlham Abbasovun  qoçuları deyib ki,  sənin gecikməyə görə, faizlə  2000 manat borcun da var.
Beləcə çarəsiz qalan  iş adamı əvvəlcə  Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Bir neçə aylıq süründürmədən sonra  cavab verilib ki, müraciət  hadisənin baş verdiyi ərazinin polisinə, yəni Abşeron RPİ-ə olunmalıdır.
Bir neçə aylıq araşdırmadan sonra Abşeron polisi də işi bağlayıb.
Şikayətçi deyir ki, Abşeron RPİ-nin təhqiqatçısı açıq şəkildə mənə dedi ki, icra başçısından çəkinirik.
Bu dəfə şikayətçi Abşeron rayon prokurorluğuna müraciət edib.
Prokurorluq işi yenidən araşdırılması üçün Abşeron RPİ-yə göstəriş verib.
Ancaq bu dəfə yeni təhqiqatçı  bir müddət sonra işə xitam verib, yəni işə baxılmasını rədd edib.
Sözün qısası, uzun müddət ərzində xəstəlik tapan, müflis olan iş adamı üz tutur Baş prokurorluğa və digər dövlət qurumlarına. Ancaq  heç bir nəticə olmur.
İş adamı düşünür ki, bəlkə icra başçısı İlqar Abbasovun qəbuluna gedib qardaşının onun başına açdığı müsibəti desin. Uzun  gözləntilərdən sonra icra başçısı İlqar Abbasov şikayətçi iş adamına deyib ki, mən  qardaşımın işinə qarışmıram, get özün problemini həll elə.
İndi gördünüzmü, bu ölkədə nələr baş verir..?

Yəqin ki, İlqar və İlham Abbasov qardaşları qanun qarşısında cavab verməsələr də bir gün Allah qarşısında cavab verəcəklər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Gündəlik Bakı)

DOSYE.ORG

COMMENTS