Ötən gün DOSYE.ORG saytında yayımlanan “Tikinti şirkəti ilə İcra başçısının əlbir fəaliyyəti- Vətəndaşın mülkü darmadağın edildi” başlıqlı məqaləyə yayımlanıb. Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini diqqətinizə çatdırırıq.
Məlumat üçün bildiririk ki, “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı 12, 12A, 14A, 16 və 18 saylı ünvanlarda yerləşən uzun müddət əsaslı təmir olunmadan istismar edilən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı hesab edilmiş məhdud kommunal şəraitli çoxmənzilli yaşayış binalarının sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış kompleksinin inşa edilməsi nəzərdə tutulmuşdur.
MMC ilə sözügedən binaların sakinlərinin əksər hissəsi ilə razılığa gəlmiş və onların hər ay kirayə haqqı ödənilməklə müvəqqəti başqa yerə köçürülməsinə başlanılmışdır.
Baxışov Naxış Xudaverdi oğlu ilə tikinti şirkəti arasında yaranmış narazılıq şikayətçinin etibarnamə üzrə nümayəndəsi-oğlu və “Memarlıq Şəhərciyi 2021” MMC-nin nümayəndəsinin iştirakı ilə araşdırılmışdır.
Baxışov Naxış Xudaverdi oğlu ifadəsində ona məxsus mənzilin faktiki sahəsinin 127.5 kv.m olduğunu bildirərək 20% artıq, tam təmirli yeni mənzillə təmin olunacağı halda MMC ilə razılığa gələcəyini qeyd etmişdir.
Araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Baxışov Naxış Xudaverdi oğluna məxsus mənzilin ümumi sahəsinin 34.50 kv olduğu, iddia etdiyi qalan sahənin isə bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin zəbt edilməklə (binanın ümumi istifadəsində olan torpaq sahəsinin 1/3 hissəsi) sonradan qanunsuz inşa edildiyi müəyyən edilmişdir.
“Memarlıq Şəhərciyi 2021” MMC-nin nümayəndəsi Elnur Mustafayev isə vətəndaşa rəsmi sənədlərə istinad olunmaqla mənzilin ümumi sahəsindən 56.5% artıq, yəni 54 kv.m tam təmirli yeni mənzillə (binanın yaşayış üçün nəzərdə tutulmuş hissəsindən) təmin edə biləcəyini bildirmişdir.
Yaranmış vəziyyətdə tərəflər arasında razılıq əldə olunmadığından MMC tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur.
Baxışov Naxış Xudaverdi oğluna məhkəmənin gedişinə hər hansı müdaxilənin edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu, hazırki mərhələdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı köməkliyin göstərilməsinin imkan xaricində olduğu barədə müvafiq izahat verilmişdir.
Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, MMC ilə razılığa gələn vətəndaşlar mənzillərini tərk etdikdən sonra Rayon İcra Hakimiyyəti binaların ümumi istifadədə olan həyətyanı sahələrində abadlıq işləri həyata keçirməyə başlamışdır. Belə ki, mənzillərin boşaldılması zamanı toplanmış tikinti materiallarının qalıqları ərazidən təmizlənməyə başlanmış və binanın həyətinə girişi tamamilə məhdudlaşdıran, Baxışov Naxış Xudaverdi oğlu tərəfindən qanunsuz inşa edilmiş daş hasar sökülmüşdür.
Xahiş edirik nəzərə alasınız.
COMMENTS