Sabuncu sakini azyaşlı övladı ilə evsiz qaldığını deyir
Semnara Məmmədova Sabunçu rayonu, Zabrat qəsəbəsi, Barat Şəkinski küçəsində yaşayır. Onun sözlərinə görə, illərdir ki, bir hissəsi taxta konstruksiyalı, kiçik, şəraitsiz evdə yaşayırmış. Buna görə dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsə də, qurumdan ona evin təmir-tikintisi üçün vəsait olmadığı bildirilib. Semnara xanım da bir neçə ay əvvəl Prezident Administrasiyasına müraciət edib. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti hərəkətə gəlib və vətəndaşın evinin əsaslı təmirini öz üzərinə götürüb. Ancaq evin taxta konstruksiyalı hissəsini sökəndən sonra vətəndaşa bildirib ki, işi davam etdirməyə pul yoxdur.
“Mən də bildirdim ki, əgər sizin edəcəyiniz kömək iki maşın daşdan, bir maşın torpaqdan, 40 kisə sementdən ibarət olacaqdısa, evi niyə söküb yerə qoyurdunuz? Əvvəldən bildirəydiniz biz bura qədər sizə kömək edəcəyik, mən yenidən Prezident Administrasiyasına yazardım ki, icra icra hakimiyyətinin təklifi bizi qane etmir. Bütün yayı açıq havada qaldıq, uşağın yatdığı yataqda dəfələrlə ilan gördük, çölə qaçdıq, evdə gecələməyə qorxduq. İndi evin daş hissəsinə sığınmışıq, ora da yağış yağanda suya qərq olur. Uşağı götürüb, gedib qohum evində qalıram, su çəkiləndə qayıdıram”.
Semnara xanım narahatdır. Deyir, icra hakimiyyətinin yarımçıq işi üzündən ailə soyuq qışı yarımtikilidə keçirməli olacaq:
“Qızım azyaşlıdır, bu vəziyyətə düşəndən uşaq tez-tez xəstələnir. Özüm xəstəyəm, həyat yoldaşım günəmuzd fəhləliklə məşğul olub, gündəlik çörəkpulunu zorla qazanır”.
Semnara Məmmədova 1 ay əvvəl yenə Sabunçu Rayon İcra Hakimiyyətindən şikayət edib, işlərin yarımçıq qalması barədə məktub yazıb. Məktubdan səs çıxmadıqda Prezident Administrasiyasının məktublar şöbəsinə müraciət edib. Ona bildirilib ki, məktub aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilib:
Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun imkanları Sabunçu rayonu ərazisindəki şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirilib. Bununla belə, qurum Semnara Məmmədovanın evinin abadlaşdırılmasına da qismən diqqət ayıra bilib. Gələcəkdə imkan daxilində qurum yenə də köməyini əsirgəməyəcək.
COMMENTS