İcra Hakimiyyəti “tender kralı” ilə yarım milyonluq müqavilə bağladı

İcra Hakimiyyəti “tender kralı” ilə yarım milyonluq müqavilə bağladı

Qazax Rayon İcra Hakimiyyəti “Azərtranss” MMC ilə topam dəyəri 427 298.9 AZN olan iki müqavilə imzalayıb. 

“Dosye.org” Yenisabah.az-a istrinadən xəbər verir ki, MMC bu məbləğə Qazaxda abadlıq işləri aparmalı və yolları təmir etməlidir.

İqtisadi İnkişaf  Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azərtranss” MMC  17 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Qazax rayonu, Heydər Əliyev prospekti, ev 58/5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur.

Açıq mənbələrdə Adil Qasımov barədə hər hansı məlumata rast gəlinmir. Amma “Azərtranss” MMC barədə internet resurslarında çoxsaylı məlumatlar var. Media bu şirkəti “tenderlər kralı”  adlandırır. Çünki bir çox iri layihələr 20 manat nizamnamə kapitalı olan bu şirkətə həvalə edilib. Maraqlıdır ki, MMC əsasən Qazax və Gədəbəy rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi olur.

2019-cu ilin yanvar-dekabr aylarında “Azərtranss” MMC Qazax rayonunda 3 tenderin qalibi olub. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791 158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669 467 manat və yolların təmir işləri üçün isə 530 040 manatlıq tenderlərin qalibi olub. Beləliklə, “Azərtranss”ın qalibi olduğu tenderlərin ümumi dəyəri 1 990 665 manat edir.

Bundan az əvvəl isə MMC Gədəbəy Rayon İcra Hakimiyətinin 933 623.8 manatlıq tenderini udub. 3 ay sonra sözügedən icra hakimiyyəti növbəti dəfə “Azrtranss”la 288 215 manatlıq müqavilə bağlayıb. Bu dəfəki müqavilə icra hakimiyyəti binasının təmiri ilə bağlı olub.

2020-ci ilin mart ayında isə Gədəbəy Rayon İcra Hakimiyyəti ilə “Azərtranss” MMC arasında toplam 1 666 081 manat 66 qəpiklik müqavilə bağlanıb. Müqavilədə şəhərdaxili küçə, meydan və parkların abadlaşdırması, həmçinin asfaltlanması nəzərdə tutulub.

2019-cu ildə isə “Azərtranss”ın Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin də qalibi olub.

20 AZN-ə qurulan “Azərtranss” MMC-nin milyonluq tenderləri hansı fəzilətinə görə udması isə qaranlıq qalır.

DOSYE.ORG

COMMENTS