İcra nümayəndəsini təhqir edən cəbhəçi həbs olundu

Yanvarın 23-də Ağsu Rayon Məhkəməsi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) yerli təşkilatının fəalı, son seçkilərdə bələdiyyə üzvlüyünə namizəd olmuş Ruslan Xalıqov haqqına 3 sutkalıq həbs qərarı çıxarıb.

Bu haqda “Azadlıq” radiosuna məlumat verən KXCP-nin sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, o, yaşadığı Ərəbmehdibəyli kəndinin icra nümayəndəsini təhqir etməkdə günahlandırılıb: “Ruslan bəy seçkidə yaşadığı kəndin bələdiyyəsinə namizəd olub. Seçki vaxtı saxtakarlıq baş verib və bu zaman kəndin icra nümayəndəsi ilə aralarına mübahisə yaranıb. Bu günlərdə icra nümayəndəsi təhqir olunması ilə bağlı polisə müraciət edib. Ruslan Xalıqov saxlanıb və məhkəməyə çıxarılıb. Məhkəmədən onun 10 sutkalıq həbsi istənsə də hakim 3 sutka verib”.

“Azadlıq” radiosunun məsələyə aydınlıq gətirmək üçün Ağsu rayon Ərəbmehdibəyli kənd icra nümayəndəliyi ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Ağsu Rayon Polis Şöbəsindən isə Ruslan Xaliqovun həbsi ilə bağlı məlumat vermək istəməyiblər.

COMMENTS