“İcra nümayəndəsi ilə işçisindən mənə qarşı istifadə ediblər”

Cəfər Cəfərov: “Adı mənim imza vərəqəmə yazdırılan Elmir Əliyev icra başçısı Rafil Hüseynovun oğlunun maşınla 4 nəfəri vurub öldürməsi işində vasitəçilik etmiş Hacı Mirkərim ağanın yaxın qohumudur”

Ötən günlərdə məlumat vermişdik ki, 71 saylı Masallı kənd Seçki Dairəsindən bələdiyyəyə seçkilərində iştirakla bağlı namizədliyi irəli sürülmüş Asiya.az saytının rəhbər Cəfər Cəfərovun namizədliyi qeydə alınmayıb. Bununla bağlı MSK qərarını açıqlayıb və namizədliyin qeydə alınmamasını belə əsaslandırıb ki, Cəfər Cəfərov imza vərəqlərində bələdiyyə üzvlüyünə namizədə dair zəruri məlumatlar (onun adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verilmə tarixi, imzanın qoyulduğu tarix iş yeri (fəaliyyət növü), yaşayış yerinin ünvanı) tam qeyd etməyib. “02 nömrəli imza vərəqi bələdiyyə üzvlüyünə namizəd tərəfindən imzalanmamış, həmin vərəqdə imza toplayan şəxs kimi Əliyev Elmir Mirələm oğlu göstərilsə də, müəyyən edilmişdir ki, o, imzatoplama prosesində iştirak etməmiş, həmin vərəqdə olan imza, eləcə də göstərilən seriya və nömrəli şəxsiyyət vəsiqəsi də ona aid deyildir”.

Bundan başqa, qərarda o göstərilir ki, imza vərəqlərinə imza atan seçicilərdən 3-ü respublikadan kənarda yaşayır, 2 seçicinin isə şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir. “DSK-nın işçi qrupu tərəfindən imzaların yoxlanılması zamanı 71 imzadan 36-sı etibarlı hesab edilmişdir. Yekunda namizədin qeydə alınması üçün lazım olan imzalar yetərli olmadığından C.M.Cəfərovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir”.

Asiya.az xəbər verir ki, məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən jurnalist isə MSK-nın qərarının ədalətsiz olduğunu bildirib. “Bunların hamısı ağ yalan, mənə qarşı atılan iftiradır. İmza vərəqəsində hər bir zəruri məlumatı tam qeyd eləmişəm. Həmçinin mən də Əliyev Elmiri tanımıram. Və belə bir şəxsə imza toplamaq kimi xahişim olmayıb. Toplanan imzaların yarsını özüm, digər yarsını isə İlham adlı dostum edib. İmza vərəqələrində də İlham və öz adımı qeyd etmişdim”.

C.Cəfərov deyir ki, imza vərəqələrinə imza atanlardan 3-nün xaricdə, 2-nin isə şəxsiyyət vəsiqəsinin müddətinin bitdiyi barədə deyilənlərdə də qaranlıq məqamlar var. “Əgər imza vərəqəsinə imza atanların 3-ü Respublikadan kənarda yaşyırsa, onların ad, soyadlarını niyə yazmırlar? Onların adlarını açıqlamaq lazımdır”.

Jurnalist hesab edir ki, onun namizədliyinin qeydə alınmaması birbaşa sifariş əsasında olub. “Bunu tam əminliklə deyirəm ki, icra başçısı Rafil Hüseynovun göstərişinə əsasən 71 saylı Seçki Dairəsinin sədri Hikmət Xanməmmədov və icra başçısının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Sabiq Cahangirov əlbir olaraq, nə yolla olursa olsun mənim namizədliyimin ləğvi üçün əllərindən gələni ediblər. Əvvəlcə, Ərkivan ərazi nümayəndəliyində mühasib kimi çalışan Elmir Əliyevin adının imza vərəqəmə mənim nümayəndəm kimi qeyd edilib. Daha sonra onun çağıraraq, məni tanımadığını və imza toplamadığı haqqında ərizəsin alıblar.

H.Xanmməmədovun bütün seçkilərdə belə çirkin oyunlar oynamasını bilməyən yoxdur. “Adamı yandıran qəsəbəmizdə yetərincə sayılıb seçilən nəsilin nümayəndəsi olan, Qəsəbənin ərazi nümayəndəsi Sabiq Cahangirovun belə iyrənc oyuna getməsidir. Vəzifədə qalmaq o qədər şirindir? El arasında belə bir deyim var “Ər igid dayısın çəkər”. Bəs Sabiq sən kimə çəkdin? Axı sənin dayıların qəsəbəmizin sayılıb seçilən kişilərindəndir. Bu namərdliyi kim sənə öyrətdi?”

Asiya.az-ın baş redaktoru bildirir ki, imza vərəqələrində adı keçən Elmir Əliyevin də kimliyini müəyyənləşdirib. “Bu çirkin oyuna cəlb edilən Elmir Əliyevdə qəsəbədə, rayonda xüsusi hörmətə sahib olan Hacı Mirkərim ağanın qardaşı nəvəsidir. O, Mirkərim ağa ki, icra başçısının oğlu 4 nəfər Ərkivan sakinini avtomobili ilə vurub öldürəndə, onların qanının arasına girmişdi. Hacı Mirkərim ağa bu hadisə ilə əlaqədar rəhmətə gedənlərin şikayətçi olmamalarına razı salıdığından Rafil Hüseynovun yanında xüsusi hörmət qazanıb. Elə bu hörmətin qarşılığı kimi icra başçısının göstərişi ilə Hacı Mirkərimin oğlanlarına köhnə xəstəxananın yanında maqazin tikmək üçün yer ayrılıb. Əsas yoldan hacının evinə kimi asfalt döşənib. Hacı Mirkərimin xahişi ilə qardaşı nəvəsi Elmir Əliyev Ərkivan Ərazi nümayəndəliyində vəzifə tutur. Bələdiyyə seçkilərindən sonra isə Sabiq Cahangirov və Elmir Əliyevə yeni vəzifələr vəd edilib”.

COMMENTS