İcra Nümayəndəsinin Xırdalandakı monopoliyası

İcra Nümayəndəsinin Xırdalandakı monopoliyası

Redaksiyamıza Xırdalan şəhər sakinlərindən şikayət daxil olub.

 

Şikayətdə deyilir ki, artıq bir neçə aydır ki, pərakəndə satış məntəqələrində, mağazalarda kartof, soğan, pomidor, xiyar, göyərti, ət və başqa kənd təsərrüfatı məhsullarının satışı qadağan edilib.

 

 

Bu məhsulların yalnız şəhərdə, 28-ci məhəllədə yerləşən və təzə bazar adlanan yerdə satılmasına icazə verilir.

Məsələ bizim diqqətimizi cəlb etdi və Xırdalan şəhərinə gedərək hər şeyi yaxından görmək qərarına gəldik.

Şəhərə girdiyimiz anda artıq hər şey məlum idi. Yolun kənarlarında olan marketlərin böyük hissəsi bağlanılmışdı. Bəziləri isə artıq sökülürdü.

Marketlərdən birinə müştəri qismində daxil olduq. Satıcıya meyvə almaq istədiyimizi dedik.

Cavab isə belə idi: “Mənim artıq 1500 manatım yoxdur”. Sözün düzü heç nə anlaya bilmədim. Söhbətə davam etdikcə hər şey anlaşıldı.

Satıcı dedi: “Məsələ burasındadır ki, bizə meyvə, tərəvəz, kartof, soğan, mal əti, toyuq əti və bu kimi məhsulların satışı qadağan edilib. Əgər kimsə satsa 1500 manat cərimə edilir. Özü də ki, heç bir qəbz də vermirlər”.

– Kim qadağan edib?

– İcra başçısı (Söhbət Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi Fikrət Orucovdan gedir – red)

– Qadağaya səbəb nədir?

– Rəsmi olaraq deyirlər ki, lisenziyamız yoxdur.

– Yoxdursa, niyə almırsınız?

– Qardaş elə şey mümkünsüz kimi bir şeydir. Çünki lisenziyanı İcra Hakimiyyəti verir. Elə şeylər tələb edirlər ki, lisenziya almaq mümkün olmur.

– Dediniz rəsmi olaraq. Bəs qeyri-rəsmi olaraq səbəb nədir?

– Səbəb bazardır. İstəyirlər ki, öz bazarları yaxşı işləsin. Çünki oranın qazancı öz ciblərinə gedir.

– Yol kənarında olan marketlərin böyük hissəsi ya bağlıdır ya da sökülüb. Buna səbəb nədir?

– Sökülənlər icranın işidir. Hələ bağlananlar da. Çünki satacaq bir şey qalmayıb. Alver olmur deyə çox adam ya dükanını bağlayır, ya da məcbur qalıb bazardan yer götürüb işləyir. Mən də 1-2 aya marketi bağlamaq fikrindəyəm. Demək olar ki, müflisəm. Məcbur qalıb, bağlayacağam.

Üzərində qiyməti olmayan məhsullar
Marketdən çıxaraq adı çəkilən yeni bazara yollandıq. Bazar təzə tikilmiş çoxmərtəbəli binanın zirzəmisində yerləşir. İlk baxışdan normal bazar kimi görünür. Amma piştaxtalarda olan tərəvəz və digər məhsulların üzərində qiymət yox idi. Satıcılardan birinə yaxınlaşıb almanın qiymətini soruşduq. Bizə 3 manat 50 qəpik qiymət deyildi. Bazarı bir az gəzib həmin yerdən bir də keçdiyimiz zaman başqa bir alıcıya həmin alma üçün 2 manat 70 qəpik qiymət deyilirdi. Maraqlıdır…

Əslində vəziyyətin belə olması normal haldır. Çünki satıcılar arasında hansısa bir rəqabət yoxdur. Alıcı bazara gəlirsə məcbur deyilən qiymətlə razılaşmalıdır. Çünki adı çəkilən məhsulları başqa yerdən almaq şansları yoxdur.

Diqqətimiz isə bazarın yaxınlığında yerləşən “ARAZ” market cəlb etdi. Çünki bu marketə qadağa tətbiq olunmurdu. İstənilən qədər meyvə, tərəvəz məhsulları almaq olardı.

“İstədikləri icarə pulu həddindən artıq çoxdur”
Yaranmış vəziyyət pərakəndə satış məntəqələri tikib, son bir aya qədər bu məhsulların satışı ilə ailəsinin dolanışığını təmin edənlərin ciddi narazılığına səbəb olub. Onlardan biri də adının çəkilməsini istəməyən və bu qadağaya görə ət dükanını bağlamağa məcbur olan şəhər sakinidir: “Mən qəssabam. Daha doğrusu bir neçə aya qədər qəssab idim. İndi işsizəm. Çünki ət satmağa qoymurlar. Deyirlər ki, get bazarda yer götür, orada sat. Mənə isə bu sərf eləmir. İstədikləri icarə pulu həddindən artıq çoxdur”.

Bu qadağa şəhər sakinlərini də narazı salıb. Belə ki, bazarın önündə rastlaşdığımız Şəfiqə Əliyeva deyir ki, bu qadağalar onların yaşam tərzini çətinləşdirib: “Tutaq ki, evə qonaq gəlib. Yemək bişirmək lazımdır. 1 kiloqram pomidor, xiyar, kartof, soğan, yaxud başqa bir kənd təsərrüfatı məhsulu lazımdırsa, gərək bir taksiyə əyləşib, bazara qaçasan. Üstəlik, bazarda seçim imkanı da yoxdur. Bazardakı satıcılar kənd təsərrüfatı məhsullarını demək olar ki, eyni və Bakıdakı bir çox pərakəndə satış məntəqələri ilə müqayisədə daha baha qiymətə təklif edirlər. Almamaq şansımız da yoxdur”.

Məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışovla əlaqə saxladıq. M.Baxışovun sözlərinə görə, əgər satış üçün normativ şərait varsa heç bir qadağa ola bilməz: “İcra hakimiyyətinin bu məsələyə yanaşması yanlışdır. Çünki bütün şəhər ərazisində, pərakəndə satış məntəqələrində, mağazalarda kənd təsərrüfatı məhsullarının satışını qadağan etmək olmaz. Bu qanunla da yol verilməzdir. Buna görə, İcra orqanları qanun qarşısında məsuliyyət daşıyırlar. Bu, öz vəzifəsindən sui-istifadə etməkdir. Yox, əgər bir neçə dükana, daha doğrusu normativlərə cavab verə bilməyən dükanlar varsa onlara qanun çərçivəsində qadağan qoyula bilər”.

İqtisadçı-ekspert Samir Əliyev isə deyir ki: “Əgər biz kənd təsərrüfatı məhsullarının satış imkanlarını artırmaq, bazarlarda süni qiymət artımın qarşısını almaq istəyiriksə, satıcılara lazımi şərait yaratmalıyıq. Burada isə hər şey əksinədir. Şərait daha da pisləşdirilir. Bütün dükanlara qadağa qoyaraq, məhsulları bir əldə saxlamaq yolverilməzdir. Bu, bazarda rəqabəti məhv edir, qiymətlərin süni şəkildə qaldırılmasına şərait yaradır. Əgər kimsə normativ şərtlərə riayət etmirsə, standartlara cavab verə bilmirsə onlara qarşı qanun çərçivəsində hansısa qadağalar tərtib etmək olar. Bu qadağanı hər kəsə şamil etmək olmaz”.

COMMENTS