İkram İsrafil AXCP-yə sərt cavab verdi

Sabiq millət vəkilinin oğlunun toyu ilə bağlı qalmaqal bitmək bilmir; o, cəbhəçilərin mövqeyini tərbiyəsizlik kimi qiymətləndirdi

 

Müsavatın Divan üzvü, sabiq millət vəkili İkram İsrafilin oğlunun toyunda YAP-çı deputat Aydın Mirzəzadənin iştirakı ilə bağlı yaranan qalmaqal hələ də davam edir. Toydan 10 gün keçməsinə baxmayaraq, narazılıq səngimək bilmir.

Bu işdə əsas fəallıq AXCP üzvlərinə məxsusdur. Sosial şəbəkələrdə, mətbuatda partiya rəhbərliyi və üzvləri açıq şəkildə İkram İsrafili hakimiyyətə yaxınlıqda suçlayırlar. AXCP-yə yaxınlığı ilə seçilən “Azadlıq” qəzeti də bu prosesdən kənarda qalmır. Demək olar ki, hər gün qəzetin səhifələrində İ. İsrafilin ünvanına tənqid və təhqir dolu yazılar dərc olunur. Toyun bu qədər gündəmə gəlməsində əsas rolu AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov oynayıb. Partiya funksionerinin facebookda yazdığı status əksər insanların qınaq obyektinə çevrilib.
Baş verənlərlə bağlı İkram İsrafilin mövqeyini öyrəndik. Sabiq millət vəkili bu mövzuda ona dəstək olan insanlara, mətbuat orqanlarına təşəkkürünü bildirdi: “Öncədən bu işdə mənə dəstək olan bütün insanlara, başda ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olmaqla, minnətdarlığımı bildirirəm. Qəzetinizin əməkdaşı Elşad Paşasoy daxil olmaqla digər jurnalistlərin bu barədə yazıları oldu. Hər bir jurnalistə minnətdaram. Bu məsələ öz övladımla bağlı olduğuna görə mənə danışmaq çox çətindir. Amma bir çox məsələlərin həllinə kömək oldu. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu çox ciddi mövzudur. İqtidar-müxalifət münasibətlərinin necə olmasına aydınlıq gətirir. Jurnalist araşdırmaları daha çox bu problemin həllinə kömək edir. Baş verən bu qalmaqalda dostlarım çox narahat oldular. Mənə açıq dəstəklərini göstərdilər”.
“Azadlıq” qəzetində dərc edilən yazıların AXCP sədri Əli Kərimliyə məxsus olması ilə bağlı xəbərlər yayılıb. İ. İsrafil bu məsələ barədə də danışdı: “Mənə bu barədə açıq fikir bildirmək yaraşmaz. Qəzetin açıq ideoloji xətti var. Bu qəzetdə mövzu ilə bağlı geniş yazıların dərc olunmasının Əli Kərimli ilə əlaqədar olması ilə bağlı fikir söyləmək doğru olmaz. Amma hesab edirəm ki, bu barədə Əli bəy fikir bildirməli idi. AXCP-də kifayət qədər yaxın dostlarım var. Hətta mənə bu məsələdə dəstək oldular. Adlarını çəkmək etik qaydalara uyğun olmaz. Oğlumun toyunda AXCP Rəyasət Heyətinin üzvü, həmkəndlim, ən yaxın dostlarımdan biri Sahib Kərimli iştirak edib. Onun timsalında mənə dəstək olan, düzgün analiz çıxaran bütün cəbhəçilərə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, toy və yas mərasimlərini siyasiləşdirmək əxlaqsızlıq, tərbiyəsizlikdir. Bu mövqeni tutanlara başucalığı gətirmir”.
Müsavatın Divan üzvü Aydın Mirzəzadəyə toyda iştirak etdiyinə görə bir daha təşəkkür etdiyini bildirərək bunları dedi: “Mən bir daha açıq şəkildə bəyan edərək, Aydın Mirzəzadəyə oğlumun toyunda iştirakına görə təşəkkür edirəm. Dəvətimi qəbul edib toyumda iştirak etdi. Müsavat deputat qrupu olaraq, biz də onların yas və toy məclislərində iştirak etmişik. İndinin özündə belə bir situasiya yaranarsa, yenə iştirak edərik. Belə vəziyyətdə heç vaxt tərəddüd etməmişik. Bu mövzu yaranandan sonra mətbuatda dərc edilən yazılara baxıram. Kifayət qədər siyasi mənsubiyyəti olmayan, yaxud partiya üzvü olan, eləcə də YAP rəhbərliyi toy və yas mərasimlərinin siyasi məsələlərə daxil edilməsinin doğru olmadığını bildirdilər. Yaxından tanışlığım olmayan insanlardan belə dəstək gördüm. Bu, cəmiyyətin mövzuya münasibətinin göstəricisidir. Ümid edirəm ki, övladımın toy məclisini bu qədər siyasiləşdirən insanlar artıq səhv etdiklərini anlayıb, bu məsələni birdəfəlik bağlayacaqlar”.
Qeyd edək ki, İkram İsrafil oktyabrın 18-də oğluna toy edib. Həmin toyda YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin iştirakı AXCP üzvləri tərəfindən tənqidlə qarşılanıb və onlar tərəfindən bu məsələ ilə bağlı çoxsaylı yazılar, şərhlər yazılıb..

COMMENTS