İlham Əliyev ikinci dəfə irad tutdu

Prezident İlham Əliyevin banklardan gözlədiyi addım onların biznes kreditlərinə daha çox vəsait ayırmasıdır. Baxmayaraq ki, ölkə başçısı banklara bu müşavirədə etdiyi iradı bir müddət öncə də etmişdi.

Maraqlıdır ki, iraddan nəticə çıxarmayan banklara biznes kreditlərini verməyə nə mane olur? Ekspetlər bankların istehsalın uzunmüddətli sferasına kredit verməsinin səbəbini bu sahədə risklərin yüksək səviyyədə olması ilə izah edirlər.

İqtisadçı ekspert Azər Mehdiyev bildirdi ki, bu risklərin hansı səbəbdən yaranması məlumdur: “Lakin bu səbəblərin aradan qaldırılması üçün heç bir işlər görülmür. Bunun aradan qaldırılması üçün istehsal sferasında olan inhisarlaşma məmur özbaşnalığı aradan qaldırılmalıdır”.

Bü gün Azərbaycanın bank sektorunda mövcud olan 18 milyard kredit vəsaitinin yalnız 2,8 milyardı sənaye və kənd təsərrüfatı sahələrinə verilir. Banklar istehsal sahələrinə kredit ayırmamalarının səbəbini sahibkarların layihələr yaza bilməməsi və lazımi smetanı düzgün izah etməməsilə izah edirlər. Bir sözlə real müraciətin olmaması ilə əsaslandırırlar. Millət vəkili Vahid Əhmədov isə hesab edir ki, bu, bankların uydurduğu bəhanədir:

“Sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun dəstəyilə çox böyük, həm iri, həm də xırda layihələr həyata keçirir. O layihələr də hamısı vaxtlı-vaxtında yerinə yetirilir. Layihələr ilə bağlı banklarda kreditlə əlaqədər məsələ qaldırılanda orda müəyyən problemlər üzə çıxır. Ona görə də əsasən bu problemləri həll etmək lazımdır. Çox vaxt deyirlər ki, banklarda faizlər yüksək deyil 10-12 faizdir. Amma bu bank faizlərinin görünən tərəfidir. Eyni zamanda görünməyən qaranlıq tərəfləri də var”.

İstehlak kreditlərinə üstünlük verən banklardan prezidentin daha bir tələbi də var. Bu tələb isə bankların şəhər və rayonlarda layihələrə qoyduqları vəsaitlərin həcminin ictimaiyyətə açıqlanmasıdır.

Ölkə başçısı əminliklə söyləyir ki, yalnız məlumatların şəffaflıqla açıqlandığı halda bilmək olar ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda ölkənin inkişafı üçün də fəal çalışır.

COMMENTS