İlham İsmayıl yazdı: DTX araşdırmalıdır? – Möhtəşəm dialoq

Sosial şəbəkədə Ermənistan Baş naziri Nikol Paşinyanın adından yazdığı “xəbər-status”la iki gün ölkə gündəmini məşğul edən, sosial statusuna görə çoxlarının inandığı və bunun da nəticəsində qarşı tərəfə daha tutarlı cavab verməməsi əsas gətirilərək, Azərbaycan Xarici İşlər Nazirliyinə və Azərbaycan Müdafiə Nazirliyinə qarşı ən ağır tənqidə şərait yaratdığı üçün qınanan keçmiş MTN-in polkovnik-leytenantı İlham İsmayıl Axar.az-da gedən məqaləyə cavab göndərib.

Cavab saytımızda dərc olunan Paşinyan Azərbaycana “qorxaq” deyib? – Xəbər belə yayıldı və “Paşinyan yalanı”: ajiotaja XİN-dən – Cavab yazılarına deyil, yalnız DTX İlham İsmayılı araşdırmalıdır – Ekspertlər açıqlamasına göndərilib. Niyə məhz 3-cü məqaləyə?

Göndərilən cavab və qeydlərimiz bu sualı avtomatik aydınlaşdıracaq.

İndi isə İlham İsmayılın Axar.az-ın poçtuna ünvanladığı cavabı müdaxilələrlə təqdim edək:

“Saytınızda Firuzə Vahidqızının müəllif olduğu “DTX İlham İsmayılı araşdırmalıdır” başlığı ilə yazı dərc olunub. Yazıda mənim Feysbuk səhifəmdə paylaşdığım statusumu tamamilə təhrif edərək, kimlikləri bəlli olmayan, adları çəkilməyən “ekspert və hüquqşünaslara” istinadən, guya “saxta xəbər yaydığımı” iddia etmisiniz. Əvvələn, yazdığınız kimi, mən “Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) deyil, keçmiş MTN-in polkovnik-leytenatı kimi istefaya getdiyimi və həmin qeyd etdiyiniz rütbəni də müstəqil Azərbaycan Respublikası tərəfindən aldığımı nəzərinizə çatdırıram…”

Qeyd: Paylaşdığınız status nəinki təhrif edilib, hətta olduğu kimi skrin-fotosu ötən gün dərc edilən məqalələrdə yerləşdirilib. Sitat gətirilən cümlə də sizin statusunuzdandır və məhz dırnaqda verilməklə, sizə aid olduğu bildirilib.

KQB iradınız isə xüsusi əhəmiyyət kəsb etmir.

“İkincisi, yazırsınız ki, “İlham İsmayıl keçmiş KQB-nin polkovnik-leytenantı olaraq provokasiya, şayiə ilə insanları nəyəsə təşviq etmə və ictimai narazılıq yaratma kimi texnologiyaları mənimsəmiş şəxsdir. O, statusunun doğuracağı effekti hesablamaya bilməzdi və hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən bilməli idi”. Bilməlisiniz ki, mənim təhsil aldığım Ali Kursda bu cür hazırlıqlar aparılmayıb və mənim ixtisasım tamamilə fərqli istiqamətdə – sırf əks-kəşfiyyat fəaliyyətilə bağı olub. Və Sizin – bu “texnalogiyaları mənimsəmiş şəxsdir” qənaətiniz kökündən yanlış və uydurmadır, Cinayət Məcələsindən götürülmüş maddədir. Əlinizdə konkret olaraq mənim hazırlığım və xidməti fəaliyyətim haqqında dediklərinizi sübut edən məlumatlar varsa, dərc edə bilərsiniz”.

Qeyd: İlham ismayıl ən azı daşıdığı rütbəyə və özünün qeyd etdiyi ixtisasına hörmət olaraq belə fikir yazmamalı idi. Əks-kəşfiyyatçı və KQB-MTN məktəbini keçən şəxs “provokasiya, şayiə ilə insanları nəyəsə təşviq etmə və ictimai narazılıq yaratma kimi texnologiyaları” bilmədiyini deyirsə, ya qarşı tərəfi 3 gün öncəki statusunda olduğu kimi, manipulyasiya edir, ya da çıxıb, əks-kəşfiyyatçı kimi polkovnik-leytenant rütbəsinə qədər necə ucalmasının səbəbini izah etməlidir. Jurnalistikada belə tədris edilən və media nümayəndələrinin bildiyi texnologiyanı çekist bilmədiyini deyirsə və bu sözünə kimisə inandıracağına düşünürsə, cəmiyyət və media haqqında yanlış düşüncədədir.

İnsanları bu qədər savadsız hesab etmək bir polkovnik-leytenanta yaraşmaz.

“Qeyd edirsiniz ki, “Paşinyan belə deyib” qeydini verməklə tam şəkildə nə etdiyinin fərqində olub. Çünki onun keçdiyi məktəbdə bu xüsusiyyətlər tədris edilir”. Mənim oxuduğum Minsk Ali Kursunda əgər bu cür tədrisi sübut etsəniz, Sizə bu barədə iradım olmayacaq. O ki qaldı “vasitəsiz nitq” məsələsinə, mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini əyani bitirmişəm və yazını necə yazmağı orda öyrənmişəm. Fikrimin tam effekt verməsi üçün dırnaqdan istfadə etmişəm və ayırmışam”.

Qeyd: Demək, siz Jurnalistika fakültəsini, həm də əyani bitirmişsinizmiş. Yəni: 1) Siz çox əla bilirsiniz provokativ material, şayiə yayılması metodologiyasını; 2) Jurnalistikanın əyani şöbəsində təhsil alan şəxs kimi sizə öyrətməmiş olmazdılar ki, dırnaq işarəsi “fikrin tam effekt verməsi üçün” deyil, vasitəsiz nitqdir və qarşı tərəfin fikrinin olduğu kimi çatdırılmasıdır; 3) Siz “fikrinizin tam effekt verməsi üçün” dırnaqdan istifadə etmişdiniz? Nə idi fikriniz, hədəfiniz və məqsədiniz? “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” – Paşinyan belə deyib” cümləsini yazmaqla hansı effekti hesablayırdınızsa, ona da nail olmusunuz, cənab polkovnik, sayənizdə, XİN və Müdafiə Nazirliyinin ünvanına minlərlə ağır təhqirlər gəlib.

“Nəzərinizə çatdırım ki, jurnalistikada, ümumiyyətlə, ədəbiyyatda “sarkazm” deyilən yazı üslubu var və daha təsirli, effektli olmaq üçün bu üslub tarixən, böyük klassiklərin (Sabir, Mirzə Cəlil, Haqverdiyev və sairə), müasir yazarların da istifadə etdiyi populyar bir yazı üslubudur və bunu mənim statusumda görməmək, bilməmək yalnız qərəzlilikdən qaynaqlanır və bu da yazıda açıq hiss olunur. Qərəzli olmasaydı, savadsızlıq kimi dəyərləndirmək olardı, amma güman edirəm ki, orda savadlı şəxslər var”.

Qeyd: 1) Sarkazm – yazı üslubu deyil, satirada istifadə olunan acı gülüşdür. 2) “Sarkazm deyilən üslub” dediyiniz satirada ümumiləşmiş obrazdan istifadə olunur və konkret adam adı, onun adına yazılan sitat isə dırnaqda verilmir. Məsələn, “Millət necə tarac olur-olsun, nə işim var” deyən Mirzə Ələkbər Sabir yazmayıb ki, məsələn, “Tağıyev deyib: “Millət necə tarac olur-olsun…”

Sizə jurnalistikada, həm də əyani şöbədə doğrudanmı belə öyrədildiyinə bizi inandırmaq istəyirsiniz?

“Maraqlıdır, keçmiş KQB polkovnik-leytenantının öz ictimai statusundan istifadə edərək, belə bir ajiotaj yaratması hansı məsuliyyət doğurur?” – yazırsınız. Mənə də maraqlıdır. Onsuz da erməni 25 ildir Qarabağı işğal edib, “ajiotaj” da yoxdur. Tutaq ki, həqiqətən Paşinyan o sözü özü desəydi, nə olasıydı ki? Məqsədim dövlətimi və millətimi qınağa doldurub, ermənidən vətənimin torpaqlarını geri almaq üçün heysiyyatımıza toxunan bir fikir yazmaq olub. Torpaq azad etməyin ajiotajının məsuliyyətini hər zaman çəkməyə hazıram. Təki xalq qalxıb, onun heysiyyatına toxunan düşməndən qisas almağın ajiotajını yaşasın. Ola bilsin ki, kimlərisə Qarabağın azad edilməsi maraqlandırmır və xalqın bu yolda hər hansı bir fəaliyyəti Sizin üçün də arzuolunan deyil. Belə düşünən, müharibə olmamasını, vətən torpağının azad edilməsinin savaş yolunu istəməyənlər az deyil, Sizi qınamıram, amma mən istəyirəm və Sizin soruşduğunuz “hansı məsuliyyət doğurur”a cavab verim. Qarabağı azad etmək məsuliyyəti doğurur. Siz vətəni azad etməyi cinayət bilirsinizsə, öz işinizdir”.

Qeyd: Bax, sarkazm budur, cənab polkovnik, demək siz yaxşı bilirsiniz ironiya, satira, sarkazm nədir. Ancaq hədəfiniz doğru deyil. Ona görə ki: 1) Bu millət də, dövlət də torpaqlarını işğaldan məhz savaşla geri almaq istədiyini 2016-cı il aprelində sübut etdi. Onminlərlə gənc Müdafiə Nazirliyinin qapısında yatırdı cəbhəyə getmək üçün. Onu da çox gözəl bilirsiniz ki, əməliyyat niyə dayandı və Ordumuz niyə geri çəkildi! Unutmusunuzsa, xatırladaq: Rusiya 25 minlik ordusunu Azərbaycanın şimal sərhədində 4 apreldə “həyəcanla” ayağa qaldırıb, guya təlimlərə başladı, Abxaziya və Cənubi Osetiyadakı birləşmələri də hazır vəziyyətə gətirildi. Keçmiş MTN-nin keçmiş polkovniki, siz ağıllı adamsınız, populist ifadələrlə, məşhur ifadədə deyildiyi kimi, birilərinin son sığınacaq yeri olan saxta patriotizmlə bu cür “hücum cəhdi” nə Minsk Ali Kursundakı, nə jurnalistikadakı təhsilinizə yaraşar, nə də hazırda harda saxladığınızı bilmədiyimiz poqonunuzdakı ulduzlara.

2. “Torpağı azad etmə məsuliyyəti” sosial şəbəkə istifadəçilərinin öz Ordusuna sevgisinə balta vurmaqla olmur. Bu, sırf provokasiyadır, dövlətinə, Ordusuna inamsızlıq yaratma cəhdidir və bunun “torpaqların müharibə yolu ilə azad edilməsi” məntiqinə heç bir aidiyyəti yoxdur.

3. Necə düşünürsünüz, hansı ordu, hansı komandan Vətəni işğaldan azad etmək istəməz? Hansı millət qalib olmaq istəməz? Biz bilmirikmi ki, qarşımızdakı erməni deyil, bütün dünyaya təkbaşına meydan oxuyan Rusiyadır?

Siz bunu hamıdan yaxşı bilirsiniz, bilə-bilə də yazdığınız bu qeydlər “kütlənin patriotluq damarına” sığınma cəhdidir.

“Sizin məchul hüquqşünaslara (adları çəkilmir, amma mən onu tanıyıram – təkdir) deyin ki, yorumu yanlışdır. XİN niyə zərərçəkmiş hesab olunur? Axı, məsələni birbaşa qəbul edirsinizsə, statusda “qəhrəman XİN-imiz” yazılıb. Niyə XİN-i qəhrəman adlandırmağı qəbul etmir o hüquqşünas? Yox, əgər bunu sarkazm kimi qəbul edirsinizsə, bəs mən nə deyirəm ki? DTX-ya pas verən hüquqşünasa deyin ki, onlar məni 23 yaşımdan öyrəniblər, ta bu günə kimi, onun pasına ehtiyac yoxdur.

“Burda əsas məsələ “feyk”i yayan və ictimai narazılıq yaradan şəxsin kimliyidir”. Bu fikir də hüquqşünasa məxsusdur. Feyklə sarkazmı ayıra bilmək üçün xüsusi istedad sahibi olmaq lazım deyil. Hüquq adamı bunu bilməyibsə, öz işidir. “Ancaq keçmiş KQB polkovnik-leytenantı nəticəni hesablamalı idi və öz ictimai statusuna görə o xəbərin mötəbərliyinə kütləvi inamın yaranacağını bilirdi”. Paşinyanın bizi təhqir etməsinə kütləvi inam yaranarsa, bu hüquq adamı niyə narahat olur? Qoy xalq inansın və nifrət etsin, qəzəb yaransın və Qarabağı azad etməyi tez tələb etsin. Niyə Paşinyanı kütlə qəzəbindən müdafiə edir bu hüquqşünas?

Qeyd: Tam doğrudur, “ekspertlər” kimi təqdim etdiyimiz o şəxs məhz təkdir, bizə yalnız bir hüquqşünas danışıb. Əks-kəşfiyyatçı olaraq bunu müəyyən etməyinizə təəccüblənmədik və yəqin ki, təxmin etdiyiniz o şəxsin Azərbaycanın ən savadlı, ən dəyərli hüquqşünaslarından biri olduğunu da bilirsiniz. Onu da çox gözəl bilirsiniz ki, hüquq meydana gələndə yalançı demoqogiya və patriotizm, söz oyunu, milli hisslərə qaçqın düşərgəsi kimi pənah aparmaq işə keçmir. Siz çox gözəl bilirsiniz ki, o statusunuzun məsuliyyəti nədir və hüquqşünas da məhz nəyə toxunub.

Sadəcə, hamının tanıdığı o məşhur hüquqşünas sizinlə tanışlığı səbəbindən adının çəkilməsini istəmədi və biz də onun bu istəyinə hörmətlə yanaşdıq.

Sizin statusunuz “hamının Qarabağın azadlığını tez tələb etməsinə” yönəlməyib, Paşinyanı da “xüsusi sevib-eləyən” yoxdur: statusunuzun yazılış formasının nəticəsi də düşmənə qan udduran, Paşinyanın yana-yana, ağzı köpüklənə-köpüklənə “varvar” deyə aşağıladığı Ordumuzu bizim öz sosial şəbəkə istifadəçilərimizin hədəfinə çevirmək oldu. Bunu da hesablamamışdınız?

O “kirli vərəq” sarkazmınız əvəzinə niyə yazmırdınız ki, Ordumuz bunlara necə dağ çəkibsə, Paşinyan yandığından belə sözlər deyir?! Niyə milli qürur hissi yaratmaq əvəzinə millətdə özünəinamı dağıtmağa çalışırsınız? İki ildir bu millətin qürurunu dim-dik ayağa qaldıran Ordumuzla (baxın, sevgimizdən “Ordumuz” sözünü böyük hərflə yazırıq, ancaq, jurnalistikanın məzunu olaraq, bu sözün kiçiklə yazıldığını bilməlisiniz) bağlı neqativ fikirlərə yol açırsınız?

Siz hansı formada vətənpərvərlik aşılandığını bilmirsinizmi? Yoxsa manipulyativ spekulyasiyalara davam etməkdə israrlısınız?

“DTX keçmiş xəfiyyənin bəlli texnologiyadan dövlətə, XİN-ə, Müdafiə Nazirliyinə qarşı istifadə etdiyinə görə ciddi şəkildə araşdırma aparmalıdır. Çünki burda hansısa düşünülmüş plan və bəlli dairələrə xidmət versiyası gündəmə gəlir”. Burda xoruzun quyruğu tam görünür. Hardadı o “ bəlli dairələr” və “düşünülmüş plan”? Əgər o hüquqşünasa bəllidirsə, niyə elə DTX-ya xəbər vermir ki, həmin “dairə” məhv edilsin. Mənim bir bəlli dairəm var – Qarabağ dairəsi”.

Qeyd: Bəlli dairələr AŞPA-da, ABŞ Helsinki Komissiyasında… Öz nankorlarımızı maliyələşdirib, özümüzə qarşı qoyanları siz bizdən yaxşı tanımalısınız.

Siz, keçmiş MTN-nin keçmiş polkovniki olaraq, çox yaxşı bilirsiniz ki, DTX-nın bu faktı araşdırması peşəkarlıq olardı. Doğrudan da heç bir “dairə” narahatlığınız yoxdursa, onda hüquqşünasın bu hüquqi yanaşmasından niyə narahat olmusunuz ki?

“Hüquqşünaslar bildiriblər ki, beynəlxalq təcrübədə belə şəxslər, ümumiyyətlə, ictimai-siyasi sferadan tamamilə təcrid edilir:

“Yəni Avropada güvənilən mötəbər şəxsin bu cür provokativ informasiya yaydığı üzə çıxdığı an özünə hörmət edən media qurumları həmin adamla bütün əlaqələri kəsir və o, ictimaiyyətdən təcrid olunur. Bu, bir tərəfdən media qurumunun öz nüfuzunu, digər tərəfdən isə ictimaiyyəti yanlış nəticələrə gətirib çıxaracaq risklərdən qorumaq istəyindən irəli gəlir”.

Umrumda deyil! Qarabağdan təcrid olunan birinin itirəcəyi heç nəyi qalmayıb. İtirdiyimi 25 ildir itirmişəm, heç vaxt da heç bir KİV-ə “məndən müsahibə alın, mənim açıqlamamı verin” deyə müraciət etməmişəm, etmirəm də. Məni o hüquqşünasdan çox, jurnalistlər yaxşı tanıyır. Hörmətimiz onlarla həmişə qarşılıqlı olub. Vətəni azad etməyi “yanlış nəticələrə gətirib çıxaracaq risq” kimi dəyərləndirən hüquqşünas isə hiss olunur ki, Qarabağ heç maraqlandırmır”.

Bu tezisiniz özündə hər şeyi ehtiva edir, QEYDsiz də olar!

SON: İstəyinizə uyğun olaraq, mövqeyinizi verdik və sizinlə virtual polemikaya girdik.

Dosye.org

COMMENTS