“İlqar Məmmədov həbsdə qanunsuz saxlanılır” – bəyanat

REAL hərəkatı bəyanat yayıb. Musavat.com-a daxil olan bəyanatda bildirilir:

REAL sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayının sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılığdan doğan çıxışların təşkilatçısı kimi qanunsuz olaraq həmin ilin fevral ayının 4-də qondarma ittihamlarla həbs edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü il tarixdə həmin həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanımışdır.

Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməmiş və qərar qüvvəyə minmişdir. Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü ilin dekabr ayında 4-də qəbul etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılmış və İlqar Məmmədov təxirə salınmadan azad edilməsi təmin olunması tələb edilmişdir. Bununla əlaqədar hökümətin hesabatı bu ilin mart ayının 11-də dinlənilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq Azərbaycan höküməti hal-hazırki vaxtadək Avropa Məhkəməsinin qərarını qəsdən icra etmir və İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir.

İlqar Məmmədovun barəsində qanunsuz və siyasi xarakterli həmin iş üzrə artıq 7 il azadlıqdan məhrum edilməsinə dair çıxarılmış məhkəmə qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti 13 yanvar 2015-ci il tarixdə qeyri-müəyyən müddətə təxirə salınmışdır və hal-hazırki vaxtadək baxılması qəsdən ləngidilir.

REAL hərəkatı Azərbaycan hökümətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edilməsini, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təxirə salınmadan icra etməyi, İlqar Məmmədovu, həmin iş üzrə siyasi motivli əsaslarla məhkum edilmiş Tofiq Yaqublu və digər İsmayıllı məhbuslarını dərhal azad etməyə çağırır”.

COMMENTS