Top.Mail.Ru

“İndiki çətin durumda ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi”

“İndiki çətin durumda ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi”

Haitili futbolçu Donald Gerye yenidən “Qarabağ”a qayıdışını şərh edib.

Qol.az-ın xəbərinə görə, ölkəsinin haititempo.com saytına müsahibəsində o, yenidən Ağdam klubunda oynayacağı üçün şad olduğunu söyləyib:

“Bu komandada özümü həmişə vacib oyunçu saymışam. Müəyyən fikir ayrılığından sonra yenidən bir yerdəyik. Mən xoşbəxtəm və özümü evimdəki kimi hiss edirəm.

“Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindir. Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadır. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da “Qarabağ”a qayıtmağımı istəyirdi”.

Gerye deyib ki, Ağdam klubuna budəfəki transferindən əvvəl bir neçə futbolçu ilə danışıb: “Onlar da dedi ki, qayıt. Fanatlar da vardı. Biz müzakirə etdik və qərara gəldik ki, qayıtmaq ən yaxşı variantdır. Ona görə də müqavilə bağladım”.

Qurban Qurbanov haqda nə dedi?

Gerye bildirib ki, “Qarabağ”da həmişə yaxşı oynayıb: “Mən buna görə həyat yoldaşıma və ailəmə təşəkkür edirəm. Mən həmçinin Qurban Qurbanova minnətdarlığımı bildirirəm. Burada əlimdən gələni edəcəyəm. İnanıram ki, yenidən yaxşı forma yığıb əsl Donald Geryenin kimliyini meydanda göstərəcəyəm. Mən “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Ona görə yox ki, “Qarabağ”a qayıtmaq istəyirdim. Biz sadəcə görüşdük. Çünki o, yaxşı insandır. O, mənim üçün çox şey edib və uğurlarımda pay sahiblərindəndir. Bizim münasibətlərimiz qalırdı və tez-tez danışırdıq”.

DOSYE.ORG

COMMENTS