İnhisarçıların xalqı soymasını necə əngəlləmək olar?

Vahid Əhmədov: “Hətta xaricdən gətirilən ərzaq məhsullarının, dərmanların qiymətində artım 12 faizdən çox olmamalıdır”; Afiq Səfərov: “Azərsun” Holdinq manatın devalvasiyası haqqında qərar qəbul olunduğu gün bəyanat verdi ki…”

Qadir İbrahimli: “Hökumətin inhisarçı şirkətlərə qarşı deyil, məhz marketlərə qarşı tədbirlər görməsi anlaşılan deyil”

Hökumətin süni qiymət artımlarına qarşı gördüyü sərt tədbirlərə baxmayaraq, dövlət nəzarətində olan yerli şirkətlərin məhsul və xidmətlərində də qiymət artımı müşahidə edilməkdədir. Ötən dəfə qeyd etdiyimiz kimi, marketlərdə yerli istehsalçı olan “Azərsun Holdinq” məhsullarında qiymət artımı var. Bu artımın şirkətin, yoxsa mağaza sahibinin iradəsi ilə baş verdiyini dəqiq bilməsək də, artım vitrinlərdəki qiymətlərdə deyil, çox kassalarda özünü göstərir.

Digər bir yerli şirkət, hava nəqliyyatında Azərbaycanda inhisarçı şirkət olan AZAL-ın təyyarə biletlərində bahalaşma var. AZAL rəsmiləri bunu avronun məzənnəsinin manata nisbətən bahalaşması ilə əlaqələndirsələr də, insanlar qiymətlərin hədsiz baha olmasından narazıdırlar. Onu da qeyd edək ki, Türk Hava Yolları şirkəti də daxil olmaqla bir çox beynəlxalq aviaşirkətlər neftin qiymətinin və dolayısı ilə təyyarə benzininin ucuzlaşması ilə bağlı biletlərdə 10 faizə qədər endirim ediblər. Azərbaycan Hava Yolları (AZAL) isə hələ ki, bu addımı atmaq niyyətində deyil.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli “Yeni Müsavat”a bildirdi ki, hələ ki, təyyarə biletlərinin ucuzlaşması müzakirə mövzusu deyil.

Bəs görəsən, hökumətin bahalaşma əleyhinə apardığı mübarizə tədbirləri niyə birbaşa dövlət nəzarətində olan şirkətləri əhatə etmir?

“Yeni Müsavat”ın suallarını cavablandıran Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, manatın devalvasiyasından sonra qiymət artımı labüd idi:

 “Hökumət bunun qarşısını müəyyən qədər inzibati metodlarla almağa çalışdı. Son günlər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  müəyyən qədər bu işin öhdəsindən gəldi. Ancaq bəzi məhsullar var ki, ölkəyə xaricdən gətirilir və ya yerli istehsal olsa da xammalı xaricdən gətirilir. Bu məhsullar da dollarla alındığı üçün qiymət artımına səbəb olur. Ancaq burada obyektiv və subyektiv qiymət artımlarını fərqləndirmək lazımdır. Çox təəssüf ki, bəzən kimlərsə bundan istifadə edib qiymətləri süni şəkildə qaldırırlar. Bizim apardığımız hesablamalara görə, hətta xaricdən gətirilən ərzaq məhsullarının, dərmanların qiymətində artım 12 faizdən çox olmamalıdır. Ancaq birdən birə qiyməti 30-33 faiz artırmaq yolverilməzdir. “Azərsun” şirkətinin prezidenti ilk günlərdən bildirmişdi ki, bu şirkətin məhsulların qiymət artımı olmayacaq.  Ancaq siz deyirsiniz ki, qiymət artımı olub. Hər nə qədər qiymət artımının qarşısını alınmağa çalışsalar da, bu, labüddür. Bütün yerli şirkətlər istehsal etdiyi məhsulun xammalının müəyyən hissəsini xaricdən gətirir. Bir müddət qiymət artımın qarşısını almaq olar, ancaq bu gözləniləndir. Ərzaq məhsullarından əlavə, əhalinin dərman preparatları ilə təminatına da diqqət ayırmaq lazımdır. Biz təklif etmişik ki, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənsin və hər bir dərman üçün maksimal hədd müəyyən edilsin. Heç bir şirkət də dərmanı həmin qiymətdən yuxarı bazara çıxara bilməsin”.
 

 “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bildirdi ki, “Yeni Müsavat” qəzetində “Azərsun” şirkətinin istehsalı olan məhsullarda qiymət artımının olması ilə bağlı məqalədəki məlumatlar həqiqəti əks etdirmir:

 “Bununla bağlı demək istəyirəm ki, hazırda “Azərsun Holdinq” tərəfindən heç bir məhsulun qiyməti artırılmayıb. “Azərsun Holdinq” manatın devalvasiyası haqqında qərar qəbul olunduğu gün bəyanat verdi ki, biz daxili imkanlarımız hesabına heç bir məhsulda qiymət artımına yol verməyəcəyik. Bu gün də həmin qərarın üzərində dayanırıq və heç bir məhsulun bahalaşmadığını bir daha bildiririk. Biz dövlətin müvafiq qurumları ilə birgə əməkdaşlıq şəraitində çalışırıq ki, qiymət artımı olmasın. Dünyanın hər bir yerində iqtisadi böhran yaşanmaqdadır. Azərbaycanda isə dövlət də çalışır ki, iş adamları bu zərərdən maksimum şəkildə sığortalansınlar”.

“Azərsun Holdinq” rəsmisi bu şirkətə məxsus məhsulların qiymətinin mağaza və market sahibləri tərəfindən qaldırılmasını da istisna etmədi və bildirdi ki, bu kimi hallar baş verərsə həmin şəxslərə qarşı sərt tədbirlər görüləcək: “Təəssüf ki, bu kimi hallar baş verir, bizə də məlumatlar daxil olur. Bizim müvafiq şöbələrimiz məsələyə dərhal reaksiya göstərirlər və müdaxilə edirlər. Mən bir daha deyirəm ki, nə qədər ki, əlimizdə ehtiyatlarımız var heç bir qiymət artımına getməyəcəyik. Biz bəzi məhsulların yerli xammal hesabına istehsalına nail olmuşuq. Ancaq bəzi məhsulların qablaşdırılması, xammalı  xaricdən gətirilir. Dünya bazarında, o cümlədən ixracatçı ölkələrdə baş verən proseslər də qiymətlərə təsir edə bilər. Hal-hazırda gələcəklə bağlı dəqiq qərar yoxdur. Ancaq hazırda heç bir qiymət artımı yoxdur. Gələcəkdə isə dünya bazarındakı qiymətlərdən asılı olaraq endirimlər də ola bilər, artımlar da”.

Son günlər istehlak bazarında baş verənləri dəyərləndirən iqtisadçı ekspert Qadir İbrahimli yaranan problemlərin əsas səbəbi kimi, ölkədə monopoliyanın mövcud olmasını göstərdi:

 “Ərzaq məhsullarında qiymət artımın səbəbləri müxtəlifdir. Birincisi, manatın devalvasiyası avtomatik olaraq qiymət artımına gətirib çıxarır. Burada söhbət süni yox, təbii qiymət artımından gedir. Hökumət süni qiymət artımına qarşı mübarizə aparmasını bəyan etməklə əslində, faktiki olaraq ölkə iqtisadiyyatının monopoliyalardan ibarət olduğunu rəsmən təsdiqlədi. Çünki, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Bazar iqtisadiyyatı şəraitində tənzimlənən qiymətlər var, onu da bazar özü tənzimləyir. Əgər hökumət qiymətləri tənzimləyə biləcəyini iddia edirsə, deməli ölkədə bazar iqtisadiyyatı anlayışı yoxdur, ölkə tamamilə monopoliyaların nəzarətindədir. Hökumət həmin monopolistlərə təzyiq edir ki, qiymətləri aşağı salsın, bəzən buna nail olur, bəzən isə yox. Monopoliyanın fəlsəfəsi ondan ibarətdir ki, o istədiyi zaman qiyməti qaldıra bilər. Azərbaycanda manatın devalvasiyasından əvvəl də dəfələrlə qiymət artımları baş vermişdi. Eyni zamanda AZAL-ın qiymət artımları da inhisarçılığın bir təzahürüdür. Çünki AZAL aviareyslər bazarında monopolistdir. Azərbaycanda sərnişin və yük daşımalarının 99 faizi məhz AZAL-ın payına düşür. Hava nəqliyyatında AZAL-ın rəqibinin olmaması bu şirkətə imkan yaradır ki, istədiyi həddə qiymətləri artıra bilsin”.

Hökumətin gördüyü tədbirlərə gəlincə, ekspert bildirdi ki, burada çox absurd bir tendensiya yaranıb ki, hökumət ölkədəki monopolistləri yox, həmin monopolistlərin tərəfdaşı olan kiçik biznesmenləri – marketləri, mağazaları cəzalandırır: “Ancaq onların bu prosesdə günahı yoxdur. Onlar şirkətlərdən aldıqları qiymətin üzərində 20 qəpik əlavə etməklə satışa çıxarırlar. Kiçik ticarətçilərin rolu burada 20 qəpikdən artıq deyil. Hökumətin inhisarçı şirkətlərə qarşı deyil, məhz marketlərə qarşı tədbirlər görməsi bu mənada anlaşılan deyil”.  

COMMENTS