İnstitut direktorundan ağır ittiham

İnstitut direktorundan ağır ittiham

Azərbaycanlı alimlər tərəfindən yeni gübrə yaradılıb. Lent.az-ın məlumatına görə, bunu Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov deyib. O bildirib ki, yeni gübrədə karbon, fosfor, hidrogen, azot və oksigendən başqa ayrı bir element yoxdur. Onun sözlərinə görə, bu gübrə ilk dəfə olaraq qarğıdalı əkin sahəsində tətbiq edilib və nəticələr uğurlu olub: “Azot, fosfor gübrələri birgə istifadə edildikdə qarğıdalıda 12 ədəd qılça, bizim yeni yaratdığımız gübrə istifadə edildikdə isə 17 ədəd qılça olur. Hətta dənlərin sayında da ciddi fərqlər qeydə alınıb. Bundan əlavə, hər hektarda yeni gübrədə 150 manat dəyərində mənfəət var”.

V. Abbasov qeyd edib ki, gübrələrlə bağlı müəyyən tədqiqatlar aparılıb. Onun sözlərinə görə, ancaq yeni gübrənin bitkilərə təsiri mexanizmi, hansı bitkidə necə təsir edəcəyi, əkin sahəsində bitkiyə nə qədər verilməli olması ilə bağlı müəyyən tədqiqatların aparılmasına ehtiyac var.

İnstitut direktoru bildirib ki, bu gün Azərbaycanda 1 milyon 200 hektara yaxın suvarılan torpaq var: “Ötən il ölkəyə 98 min ton gübrə gətirilib. Azərbaycana gətirilən gübrələrin əksəriyyəti dünyada imtina olunan gübrələrdir. Belə gübrələrin də torpaqda istifadəsi bir çox mənfi hallara gətirib çıxarır. Ümumilikdə isə Azərbaycana bir milyon tona yaxın gübrə lazımdır”.

COMMENTS