İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Bakı şəhər sakini Röyal Məmişovun tikdiyi çay evini dağıdıb, özünü isə döyüblər.
Bunu haqsızlıqla üzləşmiş Röyal Məmişovun özü redaksiyamıza gələrək deyib. Şikayətçi İqtisadi İnkişaf Nazirliyi tərəfindən aldadıldığını iddia edir: “Nərimanov rayonunun Daş karxanası adlı ərazisində 6-7 ildir ki, boş qalan bir torpaq sahəsi vardı. Mən buranı icarəyə götürüb vaqon qoydum və İqtisadi İnkişaf Nazirliyinin Alim adlı nümayəndəsinə iki il ayda 300 manat icarə haqqı ödədim.
Onun yanında özünü nazirliyin nümayəndəsi kimi təqdim edən Cavid, Arzu adlı şəxslər də vardı. İki ildən sonra mən Alim adlı şəxsə həmin o torpağı mənə satmalarını təklif etdim. O da razılaşdı. Alimə 10 min manat verdim. Bunu təsdiq edəcək şahidlərim də var.
Məni aldatdı ki, torpağın sənədlərini 1-2 aya verəcəyəm. Üstündən bir il keçməsinə baxmayaraq, o mənə heç bir sənəd təqdim etmədi. Yanına gedib sənədləri tələb etdikdə isə məndən 5 min manat istədi. Mənsə buna etiraz edəndə gəlib mənim həmin torpaqda tikdiyim çay evinə hücum etdi. Mən polisə müraciət etsəm də, ağsaqqalların məsləhəti ilə şikayətimi geri çəkdim. Mənim həyat yoldaşım qüsurludur, nə danışa, nə də ki, eşidə bilir. Mən həmin torpaqda vaqon kimi bir yer tikib yoldaşımla yaşayırdım, qırağını da çay evi kimi işlədirdim. İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tökülüb oranı sökdülər. Hətta bu nazirliyin adamları məni təhdid edib, dedilər ki, sən sevin ki, hələ yaşayırsan. Məhkəmə kağızı ilə gəliblər ki, bura bizə məxsusdur.
Məhkəmədə mən iştirak etsəydim, bu qədər mənə təsir etməzdi. Mənə məhkəmədən çağırış, bildiriş gəlməyib. Birdən-birə gəldilər ki, siz məhkəməni uduzmusunuz və biz buranı sökürük. Mənim xəbərim, iştirakım olmadan Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb. Həmin qərardan apelyasiya şikayəti verəcəm. Mən söküntüyə mane olmaq üçün özümü qabağa atdım ki, heç olmasa Apelyasiya Məhkəməsi olsun, ondan sonra sökün. Ancaq mənim bu sözümə məhəl qoyan olmadı, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları və icra nümayəndələri məni döydülər, qolumu sındırıblar. Alim adlı şəxsə dedim ki, haramın olsun, məndən bu qədər pul almısan. Mənə dedi ki, sübut et ki, mən səndən pul almışam, əlində heç bir sənəd yoxdur. Çox çarəsizəm, bilmirəm nə edim?! Əgər haqq-ədalət yerinə tapmasa, ailəlikcə Azərbaycan vətəndaşlığından imtina edəcəyik”.
Məsələ ilə bağlı ittihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Musavat.com
COMMENTS