Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında oturaq etiraz aksiyası keçirilir.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən aksiyaçılar tələblərinin qəbul olunması üçün hakimiyyətə saat 18:00-a qədər vaxt veriblər.
“Soyğuna son!” adı ilə keçirilən aksiyanın iştirakçısı Artur Çibuxçyan “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, əgər hakimiyyət deyilən vaxta kimi tələblərinə müsbət cavab verməsə, saat 19:00-da prezident iqamətgahına tərəf yürüşə başlayacaqlar.
“Biz tələbimizə cavabları almağa çalışacağıq. Bizim tələbimiz elektrik enerjisinin qiymətinin artırılması haqqında qərarın ləğvidir. Qiymətin artırılmasına görə məsuliyyət prezident Serj Sarkisyanın üzərinə düşür. Çünki Tarif Şurasının üzvlərini Sərkisyan təyin edir. Biz bu qərarı tanımayacağıq, xalq bu qərarı tanımır. Hakimiyyət bizim tələbimizə hörmət etsin və Tarif Şurası qərarını ləğv etsin. Bunu necə edəcək, bu artıq hakimiyyətin problemidir”, – Artur Çibuxçyan bildirib.
Xatırladaq ki, Ermənistan Tarif Şurası iyunun 17-də qəbul etdiyi qərarla əhaliyə satılan elektrik enerjisinin qiymətini 16 faiz artırıb.
COMMENTS