“Azərbaycan o vaxtı silahlanırdı ki, terrorçuluğa qarşı mübarizə lazım idi və Qarabağda separatçılar mövqe tutmuşdu”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Azərbaycan haqqında səsləndirdiyi bəyanatlara münasibət bildirib.
Xatırladaq ki, erməni spiker jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda atom bombasından başqa hər şey var.
Erməni siyasətçi, həmçinin onu da əlavə edib ki, Azərbaycanın milyardlarla dollara alınmış silah-sursatına beynəlxalq ictimaiyyət diqqət yetirməli və sual verməlidir ki, Azərbaycana bu qədər silah nəyə lazımdır?
Öz növbəsində, Z. Məmmədov vurğulayıb ki, A. Simonyanın təmsil etdiyi hökumət 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə gəldikdən sonra belə Azərbaycan torpaqlarını işğal altında saxlayırdı:
“Həmin dövrdə Azərbaycan silahlanırdı və bunu heç də gizlətmirdi. İndi isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün artıq heç bir problem yoxdur. Bakı bir sıra sülh təkliflərini İrəvana yönləndirib”.
Analitikin fikrincə, belə olan təqdirdə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi planlaşdırmaqdansa, ən qabaqcıl Fransa və Hindistan silahlarını alması onu göstərir ki, İrəvanın əsas məqsədi gələcəkdə müharibə etməkdir:
“Yaxşı olardı ki, Alen Simonyan bu bəyanatı ilə sudan quru çıxmaq istəməsin. Çünki onların əsl niyyətinin nədən ibarət olduğunu artıq hər kəs bilir. Azərbaycanın bəyanatında da artıq açıq şəkildə göstərilirdi ki, tərəflər arasında heç bir problem qalmayıb, lakin buna baxmayaraq, Ermənistan yenə də silahlanır. Ona görə də pis vəziyyətdə qalan Alen Simonyan öz hökumətini xilas etmək üçün belə bir bəyanat verir və Azərbaycanı nələrdəsə günahlandırır”.
COMMENTS