İrəvan təşvişdə: İdlibdən sonra Qarabağ? – GƏLİŞMƏ

İrəvan təşvişdə: İdlibdən sonra Qarabağ? – GƏLİŞMƏ

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ətrafında Türkiyənin siyasi fəallığı artmağa başlayıb.

Analitiklər rəsmi Ankaranın son addımlarını Türkiyə və Rusiya arasında Suriyada yaranmış qarşıdurma ilə izah edir. Yəni Türkiyənin Suriyanın İdib vilayətindəki hərbi əməliyyatlar fonunda Rusiya ilə baş verən maraqlar toqquşması Cənubi Qafqazda da öz təsirini göstərir. Çünki Cənubi Qafqaz Rusiya və Türkiyənin maraqlarının ən çox kəsişdiyi bölgələrdən biridir.

Üstəlik, Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflərdən Azərbaycan Türkiyənin, Ermənistan isə Rusiyanın ən yaxın strateji müttəfiqidir. Tərəflərin bir-birinə qarşı siyasi və hərbi təzyiq mexanizlərini işə salması Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artacağını, hətta hərbi əməliyyatların başlanması ehtimalını istisna etmir.

2016-cı ildən etibarən Suriyada Ankara və Moskva arasında formalaşmış taktiki yaxınlıq Dağlıq Qarabağ məsələsinə münasibətdə Türkiyənin daha çox neytral mövqe nümayiş etdirməsi ilə müşahidə olunub. Türkiyə Ermənistanın işğalçı mövqeyinə yanaşma dəyişməsə də Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zidd addım atmayıb. Lakin son günlər İdlib böhranı ilə əlaqədar Türkiyə və Rusiya arasında həm siyasi, həm də hərbi müstəvidə yaranmış fikir ayrılığı Dağlıq Qarabağ probleminin həlli prosesində də özünü göstərir. Türkiyə prezidentinin fevralın 25-də Bakıya səfəri zamanı Dağlıq Qarabağ probleminin Türkiyənin də işi olduğunu söyləməsi, eyni zamanda Azərbaycanla birgə silah istehsalına dair strateji əhəmiyyətli saziş imzalaması rəsmi Ankaranın Rusiyaya ünvanlanmış xəbərdarlıq mesajı kimi başa düşülə bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Rusiya istəsə, Qarabağ problemini çox tez həll edə bilər. Mövlud Çavuşoğlu martın 2-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

“Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün daha effektiv işləməlidir. Bu həll Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır”,- deyə Çavuşoğlu bildirib. Xarici işlər naziri diplomatik yolla Türkiyənin Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməyəcəyini, o cümlədən, Dağlıq Qarabağ məsələsinin Rusiyanın maraqlarına uyğun həllinə imkan vermək istəmədiyini çatdırır.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə və Rusiya arasında Suriyada mövcud olmuş koordinasiyalı əməkdaşlıq artıq başa çatıb. Rusiya İdlibdə Türkiyənin təhlükəsilik maraqlarını nəzərə almır. Ekspert yaranmış gərginliyin Ermənistan-Azərbaycan münaqişəsinə də sirayət edəcəyini bildirir:

“Suriyadakı tərəfdaşlıq Türkiyə və Rusiya arasında hərbi-texniki, iqtisadi, enerji sahələrindəki əməkdaşlığı da möhkəmləndirmişdi. Tərəflərin birgə layihələri Qərbi narahat edirdi. Hətta Türkiyənin Cənubi Qafqazda öz maraqlarını müəyyən qədər Rusiyaya güzəştə getməsi ehtimalı var idi. Doğrudur, əvvəlki illərdə Türkiyə tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müəyyən fəallıq göstərdi. Lakin Rusiya “Dağlıq Qarabağ çətin problemdir”-deyərək kənara çəkildi və Türkiyənin bu məsələyə müdaxiləsini istəmədi. Yəni Rusiya Türkiyənin Cənubi Qafqazda geosiyasi maraqlarının güclənməsini özünə təhdid hesab edirdi. Hazırda İdlib böhranı ilə bağlı tərəflər arasında mövcud olan Soçi və Astana razılaşmaları demək olar ki, fiaskoya uğrayıb. Türkiyə Rusiyanın dəstəklədiyi qüvvələrə qarşı hərbi əməliyyatlar aparır. İdlib böhranı fonunda prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi və Bakıda yüksək səviyyəli strateji tərəfdaşlıq şurasının iclasında iştirak etməsi, iki lkə arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalaması Türkiyənin mövqelərinin gücləndirilməsinə hesablanıb. Qeyd edim ki, daima Ankara və Moskva arasında münaqişəli vəziyyət yarananda Türkiyə rəsmiləri dərhal Azərbaycana gəlir. Biz bunu 2016-cı ildə də gördük. Rusiya qırıcı təyyarəsinin vurulması ilə bağlı münasibətlər gəriginləşəndə Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Bakıya gəldi və Rusiyaya müəyyən mesajlar vermişdi. Eyni siyasət davam etdirilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də Türkiyə dövlətinin dəvəti ilə Ankaraya səfər edib. Danışıqlardan da göründüyü kimi, Türkiyə Cənubi Qafqazda fəal rol oynamaq istəyir və Dağlıq Qarabağa probleminin həlli prosesi ətrafında yaranmış vəziyyətdən də narazıdır. Rəsmi Ankara münaqişənin aradan qaldırılması üçün danışıqlar aparılmasında maraqlıdır. Bu həmçinin, Rusiyaya mesajdır. Rusiya ilə yaranmış gərginlik fonunda Türkiyənin Cənubi Qafqazda güclənməsi Azərbaycanın da maraqlarına cavab verir. Hesab edirəm ki, martın 5-də keçiriləcək Putin-Ərdoğan görüşü ciddi nəticə verməyəcək. Artıq hər iki tərəf arasında soyuq münasibətlər yaranıb. Bundan sonra Türkiyə Cənubi Qafqazda öz mövqeyini möhkəmlətməyə çalışacaq. Bu da Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verir. Birgə hərbi müəssisələrin yaradılması, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Türkiyənin Azərbaycana yardım etməsi kimi məsələlər rəsmi Ankaranın rolunun artırılmasına hesablanıb. Putin-Ərdoğan görüşündən sonra tərəflərin mövqeləri aydınlaşacaq və Türkiyə daha prinsipial addımlar atacaq. Təbii ki, Rusiya ilə Türkiyə arasında sülhün olması Azərbaycanın maraqlarına cavab verir. İki ölkə arasında münaqişə fəsadlar törədə bilər. Amma Türkiyə ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olması mümkün də deyil. Çünki hər iki ölkənin Yaxın Şərqdə, Cənubi Qafqazda, Qara dəniz hövzəsində maraqları ciddi şəkildə üst-üstə düşmür. Ona görə də bu vəziyyətin yaranması Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinə gətirib çıxara bilər”.

Məhəmməd Əsədullazadə Dağlıq Qarabağda hərbi əməliyyatların başlanacağını da istisna etmədi:

“Dağlıq Qarabağ probleminə dair danışıqlar prosesində gözləmə mövqeyi var. Martın 31-də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyinə sekilər keçiriləcək. Aprel və may aylarında müəyyən danışıqlar aparılacaq. Əgər bu müzakirərlər nəticə verməsə, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Türkiyə də bu əməliyyatlarda Azərbaycana ikitərəfli hərbi müqavilələr çərçivəsində dəstək verə bilər. Artıq regionda yeni siyasi və hərbi nizam formalaşıb. İdlibdə baş verən hadisələr Türkiyənin regional güc olduğunu göstərdi. Bu baxımdan, Dağlıq Qarabağa hərbi əməliyyatlar başlayarsa, Türkiyə öz mövqeyini ortaya qoyacaq”.

DOSYE.ORG

COMMENTS