“İran ABŞ-ın gizli dəstəyi ilə regional güc oldu” – HƏQİQƏTƏN DƏ…

“İran ABŞ-ın gizli dəstəyi ilə regional güc oldu” – HƏQİQƏTƏN DƏ…

“İran İslam Respublikası yaranandan ABŞ ilə heç bir ciddi problemi olmayıb. Nüvə məsələsi, Qasım Süleymani və s. bunlar baş qatmaq üçün olan məsələlərdir”.
DOSYE.ORG xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Xaləddin İbrahimli danışıb. O, qeyd edib ki, İİR yaranandan əksər müsəlman dövlətləri ilə pis və ya düşmən münasibətdədir. İran ABŞ-a arxayın olaraq hamı ilə döyüşərək regional gücə çevrilib.

“ABŞ-ın gizli dəstəyi ilə regional güc oldu və müsəlman dünyası üçün “problem maşınına” çevrildi. Gəlin baxaq. Necə odu ki, ABŞ şeytan üçbucağı deyilən Əfqanıstana və İraqa hücum etdi, amma İrana toxunmadı? Dünya və ən çox da cənubdakı soydaşlarımız gözləyirdilər ki, ABŞ İrana hücum edəcək”,- deyə Xaləddin İbrahimli qeyd edib.

O, bildirib ki, nüvə proqramında kimsə İranın səmimiyyətinə inana bilər. “Əslində İran Rusiya və ABŞ arasında manevr, bazarlıq etmək üçün nüvə proqramını işə saldı. Bir müddət qazansa da, indi bu fənd effektli işləmir. İrana imkan verərlərmi ki, nüvə dövləti olsun? Rusiyanın zəifləməsi, Azərbaycan-Türkiyə arasında birbaşa quru əlaqələrinin qurulması ehtimalının artması, Türk Dövlətləri Təşkilatının yaranması, Qarabağ probleminin tam həlli üçün ciddi təməllərin yaranması kimi məsələlər İran-ABŞ gizli münasibətlərinin açılmasını məcburi edir. ABŞ Türk dövlətləri başda olmaqla bütün müsəlman ölkələrində demokratik rejimlərin bərqərar olmasını istəmir. Demokratiyanı xalqlar anlayır, istəyir və əgər çox istəyirsə qazanır, sahib olur”,- deyə politoloq əlavə edib.

Xaləddin İbrahimli bildirib ki, İran, Ermənistan və ABŞ qəti şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu səbəbdən də təlaş içində min cür hiylə işlədərək mane olmağa çalışırlar. O, həmçinin qeyd edib ki, Nensi Pelosinin İrəvan səfəri, Tehran səfəri kimi də başa düşülə bilər.

“Yaxın zamanlarda İran-ABŞ dostluğunu hamı görəcək. ABŞ Türkiyə ətrafındakı bütün rəqib oyunçuları özünə müttəfiq edir. Kipr üzərindən silah embarqosu da qaldırılıb”,- deyə politoloq vurğulayıb.

COMMENTS