İran Azərbaycana qarşı mübarizəni gizli formata keçirir: – NƏLƏR OLACAQ?

İran Azərbaycana qarşı mübarizəni gizli formata keçirir: – NƏLƏR OLACAQ?

“İran Azərbaycana qarşı hibrid mübarizəyə başlayacaq”-Ekspert “Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib.

“Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikrimcə, açıq gərginlik mərhələsini başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”, – nazir vuruğulayıb.

Hüseyn Əmir Abdullahianın qeyd edilən açıqlaması Azərbaycanla İran arasında gərginliyin tam aradan qalxmadığı anlamına gəlir. Bu isə o deməkdir ki, rəsmi Tehranın Azərbaycanla dostluq və qarşılıqlı anlaşma barədə bəyanatları protokol xatirinə deyilmiş sözlərdir. İran Azərbaycana qarşı açıq mübarizəni dayandırsa da, qarşıdurma gizli şəkildə davam edə bilər.

Bu barədə Cebhe.info-ya açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan-İran münasibətlərində son aylar müşahidə olunan gərginlik nisbətən səngiyir. İran rejimi Azərbaycan-Türkiyə tandeminin qarşısında geri çəkilir. İranın Azərbaycan təzyiq siyasəti fiaskoya uğrayıb. Lakin rəsmi Tehran öz təxribatçı addımlarından əl çəkməyəcək:

“İran hesab edirdi ki, şimal sərhədlərində hərbi təlimlər keçirməklə Azərbaycana təzyiq göstərəcək. Ona görə də açıq müstəvidə sərt təzyiqlərə əl atdı. Göründüyü kimi, Ankaradan və Moskvadan sərt etirazlar, Azərbaycan dövlət başçısının Araz çayının sahilinə gedib İrana konkret mesajlar verməsi nəticəsində Tehran hakimiyyətini regionda gedən proseslərlə üzdə müəyyən qədər barışmağa vadar etdi.

Lakin xarici işlər naziri Abdullahianın “Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb”deməsi onu göstərir ki, İran Azərbaycana hibrid mübarizə apara bilər.Həmçinin, İranın Azərbaycana qarşı gizli təşkilatlanma işi aparması mümkündür. Ona görə də Azərbaycanın təhlükəsizlik orqanlarının bu yaxınlarda keçirdiyi müşavirədə Dövlət Təhlükəsizlik Şurası katibi və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən verilən mesajlar göstərir ki, İrandan təhdidlərin olacağı istisna edilmir.

İran dini-məzhəbsəl, ideoloji təxribatlara əl ata bilər. Mühafizəkarların nümayəndəsi İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik gözlənilən idi. Çünki hazırkı hakimiyyətdə aparıcı yer tutan İslam İnqilabı keşikçiləri Korpusu Azərbaycanın bölgədə rolunun artmasını qəbul etmir. Xüsusilə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə güclənməsi və sərhədlərinin möhkəmlənməsi İranı narahat edir. İran bu məsələni özünün “qırmızı xətt”i kimi hesab edir. Amma Azərbaycan-Türkiyə birliyi qarşısında geri çəkildi”.

Politoloqun fikrincə, Abdullahianın verdiyi bu bəyanata baxmayaraq, Azərbaycana qarşı gizli hibrid təxribatları da müsbət nəticə verməyəcək:

“Çünki Azərbaycanın adekvat taddımlar atır, təhlükəsizlik orqanları təxrtibatçı fəaliyyətlə məşğul olanları zərərsizləşdirir. Azərbaycan-İran münasibətləri əvvəlki qədər normal olmayacaq və gərginlik müstəvisində davam edəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi və Zəngilan rayonunda Zəngəzur dəhlizinin avtomobil yolu hissəsinin təməlini qoyması İran tərəfindən müsbət qarşılanmayacaq. Ona görə də yaxın perspektivdə Tehrandan Azərbaycanın və Türkiyənin ünvanına sərt bəyanatların səslənməsi gözləniləndir. Ancaq nazir Abdullahianın Bakıya nəzərədə tutulan səfəri bu gərginliyin üzərinə “su səpə” bilər.

Məhəmməd Əsədullazadə hesab edir ki, Zəngəzur dəhlizinin açılması geosiyasi reallıqdır. İran bununla razılaşmaq istəməsə də, etirazları heç bir nəticə verməyəcək:

“Abdullahianın Bakıya gəlişi ikitərəfli münasibətlərdə böhranı aradan qaldırsa da, İran həmişə Azərbaycana qarşı təxribaçı-destruktiv siyasətini həyata keçirəcək. Çünki İran Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistana da təzyiqlər edir. İranın Fars-körfəzindən Qara dənizə nəqliyyat-kommunikasiya dəhlizi layihəsi var. Ona görə də İran Zəngəzur dəhlizini özünün maraqlarına zidd hesab edir. Buna baxmayaraq bölgədə əsas güc mərkəzi Rusiya və Türkiyədir. Ona görə də İranın təzyiq siyasəti nəticə verməyəcək”.

DOSYE.ORG

COMMENTS