Aprelin 9-10-da İran-Ermənistan sərhədində iki ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimləri keçirildi. Yayılan xəbərlərə görə, bu təlimlərin əsas hədəfi terrorçuluğa qarşı mübarizədir. İran-Ermənistan hərbi təlimləri doğrudanmı terrorçuluğa qarşı mübarizədən qaynaqlanır?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Əkrəm Bəydəmirli deyib ki, əslində hər bir dövlətin digər ölkələrlə birgə hərbi təlimlər keçməsi anlaşılandır: “Amma o anlaşılan deyil ki, Ermənistan illər boyu terrorçu qruplar yetişdirdiyi, regionda sabitliyi təhdid etdiyi, işğalçılıq siyasəti həyata keçirdiyi, birmənalı şəkildə terrorizmə dəstək verdiyi halda terrorizmə qarşı mübarizədən necə danışa bilər?
İranın da yaratdığı proksi qüvvələr vasitəsilə Orta Şərqdə hansı işlər gördüyü geniş ictimaiyyətə bəllidir. Həmin hərbi birləşmələr tədricən sıradan çıxarılıb. Terrorçu bir dövlət olan Ermənistana qucaq açmış İranın islami dəyərlərə zidd siyasəti də ortadadır. İran-Ermənistan hərbi təlimlərinin niyyətləri, mesajları bəllidir.
Təəssüf ki, hər iki ölkənin siyasəti regionda sabitliyə, konstruktiv əməkdaşlığa xidmət etmir. Hiylə, məkr, təhdid normal qonşuluq prinsiplərindən, sülhdən çox uzaqdır. Həm xarici, həm də daxili siyasətdə münasibətlər sistemi milli maraqlarla, beynəlxalq hüquqla bərabər ədalətə söykənməlidir. Bu, islamın vacib prinsiplərindən biridir”.
COMMENTS