İran şahının arvadı Fərəh Pəhləvi Bakıda –Şahbanu kimin səs yazısını axtarıb?

İran şahının arvadı Fərəh Pəhləvi Bakıda –Şahbanu kimin səs yazısını axtarıb?

İran şahı Məhəmməd Rza şah Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi 70-ci illərdə SSRİ-yə səfəri zamanı  Azərbaycana gəlib.

Bu səfərlə bağlı nadir kinoxronika yayımlanıb.

Süjetdə Şahbanusu (1959-1979) Fərəh Pəhləvi və anası Fəridə Dibanın 1970-ci ildə Bakıya səfərindən, habelə səfər çərçivəsində Tarix Muzeyinə və Konservatoriyaya (indiki adı ilə Musiqi Akademiyası) baş çəkməsindən kadrlar öz əksini tapır. Kadrlardan görünür ki, şahbanunun korteji İnşaatçılar prospektindən də keçib.

F.Pəhləvi Bakıda təmtəraqla qarşılanıb, şəhərin görməli yerlərinə aparılıb. O, Tarix müzeyində, Konservatoriyada olub və istedadlı tələbələri dinləyib.

1972-ci ildə Bakıda olan şahbanu üçün burada dəbdəbəli qonaqlıq təşkil edilib.

F.Pəhləvinin gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələsgərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış edib.

Fərəh Pəhləvini həmin səfərdə görənlərdən biri də xalq artisti Fidan Qasımovadır. O illər öncə mediaya açıqlamasında deyib ki, İran şahının xanımı Azərbaycana gələndə “Arşın mal alan”ın valını axtarıb. Dükanları gəzib, valı tapa bilməyən şahbanuya isə mayestro Niyazi kömək edib.
“Onda Fərəh xanıma dedi ki, “Arşın mal alan”ı təzədən vala yazıb ona göndərəcək. Beləliklə, mənim ilk səsyazmam oldu. Gülçöhrəni mən, Əsgəri Rəşid Behbudov oxudu. Bu, Rəşid Behbudovun son səsyazması oldu. Asyanı isə bacım Xuraman oxudu, onun da 16-17 yaşı olardı. Beləliklə, o val tarixə düşdü, onun Fərəh xanıma çatıb-çatmadığı haqqında isə məlumatlı deyiləm”.
Fidan Qasımova Fərəh Pəhləvəni o zaman oxuduğu Konservatoriyada görüb.
“Onda mən Konservatoriyanın II ya da III kursunda oxuyurdum, istedadlı tələbə idim. Fərəh xanımı Konservatoriyanı gəzdirirdilər və onda kiçik konsert də təşkil etmişdilər, istedadlı tələblər orada oxuyurdu. Yəni ilk dəfə orada görmüşəm, ancaq tanış olmamışam, yəni yaxından tanışlığım olmadı”.

Fərəh Diba özünün Bakı səfərini isə “Xatirələr”ində belə qeyd edib: “.. daha sonra bizim Azərbaycan əyalətimizin sərhəd qonşusu olan Sovet Azərbaycanının paytaxtı Bakıya da getdik. Azərbaycanlı ruslar atamın kökünün bu bölgədən olduğunu bilirdilər, belə vəziyyətin aramızda xüsusi yaxınlıq yaratdığını hiss eləyirdim. Küçədəki adamların bizə qarşı böyük maraq duyduqlarını, İranın əsl vəziyyətini öyrənmək üçün suallar vermək arzusunda olduqlarını hiss eləyirdik. Sovet rəhblərininsə, xalqla ünsiyyətdə olmağımızın, qeyri-rəsmi görüş keçirməyimizin qabağını almaq istədikləri açıqca görünürdü. Təhlükəsizliyimizi bəhanə gətirib, bir az şübhə oyadan təlaşla bizi xalqdan ayırdılar”.

Fərəh Pəhləvi də xalqın onunla ünsiyyətə can atdığını bilirdi, amma nə səbəbdən olduğunu yox. Bunu isə növbəti gəzəcəyi yerdə öyrənəcəkdi.

“Sulu boya rəsmləri və miniatürlərdən ibarət olan rəsm sərgisini gəzəndə, elə bil, rəhbərlərin göstərdikləri bu əcaib cəhdlərin səbəbini başa düşdük. Bəzi rəsmlər eynilə ortaçağdakı kimi öküzlərlə tarlalarını şumlayan cütcüləri göstərirdi, rəsmlərin üzərində də bu qısa izah yazımışdı: “Sərhədin o tərəfində…”. İnsanlar belə şeyləri başa düşmürdülər artıq! Stalinin kömək elədiyi Cəfər Pişəvərinin birliklərini İrandan qovduğumuz zaman çoxlu iranlı kommunist qaçıb, 1946-cı ildə onlara quçaq açan Sovet Azərbaycanına keçmişdi. Həmin iranlıların bəziləri kommunist ideyalarından əl çəkib İrana qayıtmaq, ailələrini tapmaq və yenə azad olmaq arzusunda idilər. Buna görə də bizə yaxınlaşmağa çalışır, İrana qayıtmağa icazə almaq üçün mənə məktub verməyə can atırdılar”.

COMMENTS