Tehran anlaşmanı “mükəmməl” saymasa da mühüm hesab edir, Qərb məmnun, İsrail isə qəzəblidir; ekspertlər: “Sənəd Azərbaycana da təsirsiz ötüşməyəcək…”
Nəhayət ki, İran və “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı yekun razılıq əldə olunub. Aprelin 2-də Cenevrədə əldə olunmuş anlaşmaya əsasən yekun müqavilə üçün son tarix iyunun 30-da bitsə də, tərəflər müddəti uzatmışdılar. İyulun 14-də Vyanada 18 gün davam edən aramsız danışıqlar başa çatıb və tərəflər yekun anlaşmanı imzalayıblar.
İlk olaraq Avropa Birliyi mətbuat katibi Katerine Ray bəyan edib ki, anlaşma əldə olunub. İran XİN rəhbəri anlaşmanı “mükəmməl olmasa da tarixi bir sənəd” adlandırıb. “Reuters” yazıb ki, tərəflər İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında İslam Respublikasına qarşı iqtisadi embarqoların ləğv olunmasında razılaşıb. Açıqlama verən adını açıqlamayan iranlı diplomat isə deyib ki, “gərgin çalışma nəticəsini verdi və anlaşmanı əldə etdik”.
Məlumata görə, İran və “altılıq” ölkələri arasında anlaşma 100 səhifəlik mətndən ibarətdir. Müqavilənin bir hissəsi daha əvvəldən razılaşdırılsa da, bir sıra mühüm bəndlərdə anlaşma əldə etmək mümkün olmurdu. Ən əsas problemlərdən biri isə Beynəlxalq Atom Enerjisi Qurumunun müfəttişlərinin İranın nüvə mərkəzlərinin mümkün hərbi imkanlarını araşdırması, ehtimal olunan nüvə daşıyıcıları ilə bağlı tədqiqat aparması imkanları, həmçinin İranın BMT-nin silah embarqosunun ləğv olunması və BMT TŞ qərarlarında İranın nüvə fəaliyyətlərinin qanunsuz olmadığını göstərməsi ilə bağlıdır.
***
Anlaşmanın əldə olunması xəbəri dünya neft bazarına ani təsirini göstərib. Beynəlxalq media neft qiymətlərinin 1 dollar ucuzlaşaraq 57 dollardan aşağı düşdüyünü yazıb.
İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib ki, anlaşma nüvə məsələsi ilə bağlı anlaşılmazlıqları aradan qaldırmağa səbəb olacaq. Eyni zamanda Salehi anlaşmaların İranın dövlət maraqlarına cavab verdiyini və nüvə məsələsi ilə bağlı İslam Respublikasının əsas istəklərini nəzərə aldığını söyləyib.
Bu arada BBC İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın detallarını qeyd edib. Yekun anlaşmaya əsasən, İran nüvə mərkəzlərinin təftiş olunmasını qəbul edir. Ancaq eyni zamanda İranın beynəlxalq müfəttişlərin nüvə mərkəzlərinə daxil olması üçün icazə tələblərinə etiraz haqqı tanınacaq. Bundan başqa, əgər İran əldə olunmuş anlaşmanı ləğv edərsə, o zaman 65 gün ərzində İrana qarşı sanksiyaların yenidən bərpa olunmasını qəbul edir. Bundan başqa, İrana qarşı BMT-nin silah embarqosu 5 il, raket istehsalı ilə bağlı embarqo isə daha 8 il qüvvədə qalacaq.
Anlaşma BMT TŞ-nin təsdiqləməsindən sonra 90 gün ərzində tətbiq olunmağa başlayacaq. Anlaşma qüvvəyə mindikdən sonra İrana embarqoları nəzərdə tutan BMT-nin 7 qətnaməsi ləğv olunacaq. İranın uran zənginləşdirməsi proqramı qarşıdakı 15 il ərzində 3,67 faizdən artıq olmayacaq. İranın 2012-ci ildə istifadəyə verilmiş Fordo nüvə kompleksi texnoloji mərkəz kimi fəaliyyət göstərəcək. İran və “altılıq” ölkələri ildə ən azı iki dəfə nazirlər səviyyəsində görüş keçirib anlaşmanın şərtlərinin icrasını müzakirə edəcək. İranla bağlı BMT TŞ-nin yeni qərarı 10 il qüvvədə olacaq.
***
Ənənəvi olaraq İsrail anlaşmanın əldə olunmasından narazılığını bildirib. İsrailin baş naziri Benyamin Netanyahu İran və “altılıq” ölkələri arasında əldə olunmuş anlaşmanı “tarixi xəta” adlandırıb. Netanyahu bildirib ki, İran qəti şəkildə nüvə silahları əldə etməyə çalışmaqda davam edəcək. İranın nüvə silahı əldə etməsi istiqamətində məhdudiyyətlərin bir çoxu qaldırılacaq. Hollandiya xarici işlər naziri ilə Yerusəlimdə görüşən Netanyahu bildirib ki, İran bu müqavilə nəticəsində 100 milyardlarla dollar pul, zəngin bir mədən yatağı qazandı və bu, onun bölgədə, dünyada terroru və hücum siyasətini davam etdirməsini təmin edəcək.
Netanyahudan fərqli olaraq Rusiya prezidenti anlaşmanı yüksək qiymətləndirib. Prezidentin rəsmi səhifəsindən yayılan açıqlamada “dünya artıq rahat bir nəfəs ala bilər” deyə qeyd olunur. Açıqlamada bildirilir ki, “regional və beynəlxalq təhlükəsizliyin artması, dünyada nüvə silahının yayılmasının qarşısının alınması, Yaxın Şərqdə nüvə silahından təmiz bölgənin yaradılması və terror təhdidinə qarşı bölgədə geniş koalisiya qurulması üçün üzərimizə düşəni edəcəyik”.
Öz növbəsində İran prezidenti Həsən Ruhani xalqa müraciət edərək nüvə anlaşmasını dəyərləndirib. O bildirib ki, danışıqlar 12 il əvvəl başlayıb və iki il əvvəl seçkilərdə İran xalqının seçimi ilə danışıqlar prosesini dəstəklədiyini ortaya qoyub. İran prezidenti deyib ki, əldə olunan razılaşma qarşılıqlı hörmət formasında tərtib olunub. Qeyd edib ki, hələ müzakirələrin ilk günlərindən başlayaraq İranda inflyasiya aşağı düşməyə başlayıb və ölkə əhalisi embarqonun aradan qaldırılması üçün danışıqlar prosesini dəstəkləyib. Ruhani onun da deyib ki, nüvə danışıqlarında 4 əsas şərti olan “nüvə fəaliyyətləri davam edəcək, bu aşağılayıcı və ədalətli olmayan embarqonun qaldırılması, bizim üçün adil olmayan BMT qərarlarının ləğv olunması və BMT-nin silah embarqosunun ləğv olunması idi”. Prezident əlavə edib ki, MAQATE ilə əməkdaşlıq davam edəcək və İrana qarşı maliyyə, iqtisadi və enerji sahəsində embarqolar ləğv olunacaq.
İranın “Təsnim” Xəbər Agentliyi isə iyulun 14-də axşam saatlarında İran hökumət komandasının ali dini lider Əli Xameneyinin rəhbərliyi altında toplanacağını yazıb.
***
Qeyd edək ki, nüvə razılaşmasının imzalanması dünyanın ən nüfuzlu media orqanlarının baş xəbəri olub. Bir sıra ekspertlər bu anlaşmanın əldə olunmasını tarixi hadisə adlandırır. İngilis jurnalist Peter Osborn isə bu anlaşmaya görə Obamanın Nobel sülh mükafatı ala biləcəyini yazıb.
ABŞ prezidenti Barak Obama da İranla nüvə anlaşmasına münasibət bildirib. Bu cür müqavilələrin dostlarla bağlanmadığını qeyd edən Obama bununla da İranla münasibətdə hələ də ciddi problemlərin qaldığına işarə edib. ABŞ prezidenti qeyd edib ki, bu anlaşma nüvə silahının yayılmasının qarşısını alacaq. Eyni zamanda əlavə edib ki, İranla anlaşma “etibar üzərində deyil, təsdiq üzərində” qurulub. Obama razılaşmaya əməl olunmayacağı təqdirdə İrana qarşı embarqonun eynidən bərpa olunacağını xəbərdarlıq edib. Həmçinin o, ABŞ Konqresinin bu anlaşmaya qarşı çıxacağı halda veto hüququndan istifadə edəcəyini bildirib. Obama əmindir ki, bu anlaşma olmasa bölgədə yeni bir savaş başlaya bilərdi. Həmçinin ABŞ prezidenti İranla ABŞ arasında ciddi ixtilafların qaldığını qeyd eləsə də, bu anlaşmanın İranla əlaqələrdə yeni bir mərhələnin əsasını qoyduğunu da əlavə edib.
Qeyd edək ki, dünyanın gündəm mövzusuna çevrilən İranın nüvə probleminin həll olunması və Qərblə anlaşmanın əldə olunmasının bütövlükdə bölgə üçün yeni vəziyyət yaradacağı güman olunur. İranın uzun illər kəskin düşmənçilik xəttindən imtina edərək Qərblə anlaşma əldə etməsi Tehranın bölgədə imkanlarını və gücünü artıracaq. Bir sıra müşahidəçilərə görə, anlaşma və buna qarşılıq olaraq embarqoların, sanksiyaların ləğvi İslam Respublikasının iqtisadi qüdrətini artıracaq, maliyyə ehtiyatlarının böyüməsinə, yeni texnologiya və sənaye imkanlarının genişlənməsinə səbəb olacaq.
***
İran-Qərb danışıqları başladıqdan sonra əsas suallardan biri də məhz Azərbaycana bu anlaşmanın necə təsir edəcəyi ilə bağlıdır. Hökumət nümayəndələri İran-Qərb anlaşmasının Azərbaycanın mənafeyinə uyğun olduğunu bildirsələr də, müstəqil ekspertlər əksini qeyd edirlər.
Məsələn, politoloq Hikmət Hacızadə hesab edir ki, demokratik Azərbaycan üçün İran-Qərb anlaşmasının nəticəsi müsbət olacaq. Lakin bunun üçün hələ müəyyən mərhələ keçilməlidir: “İndiki Azərbaycana təsiri mənfi olacaq. Neftin qiyməti ən azı qalxmayacaq, İran külli miqdarda neft satmağa başlayacaq. Bundan başqa, əgər işlər belə yaxşı getsə, Qərblə digər sahələrdə də razılaşmalar əldə oluna bilər. Ola bilsin ki, İran hökuməti başqa məsələlərdə də yumşalma siyasi xətti götürdü. Bu olsa, əlbəttə ki, demokratik Azərbaycan üçün çox xeyirli olacaq”.
Hacızadənin fikrincə, İran və Qərb arasında yaxınlaşma davam etsə, o zaman Azərbaycanın Qərb üçün önəmi azalacaq: “İlk növbədə iqtisadi təsirləri olacaq. Əgər yumşalma prosesi, Qərblə sazişlər davam eləsə, o zaman Azərbaycanın strateji dəyəri azalacaq. O zaman bizim hava limanlarımız, hansılar ki, Qərb ondan istifadə edərək Əfqanıstana uçur, yaxud da neft layihələri əvvəllər Azərbaycandan gedirdi. Amma əgər İranla münasibətlər yumşalarsa, o zaman Azərbaycanın dəyəri aşağı düşəcək, bu layihələr hamısı İran ərazisindən gedəcək”.
Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçının fikrincə isə İran-Qərb anlaşmasının Azərbaycana müsbət təsiri olacaq: “Azərbaycanın ən önəmli qonşusu İran artıq dünya siyasi səhnəsində normal bir dövlətə çevrilir. Və bu, əlbəttə, müsbət hadisədir. Yəni əlbəttə ki, qonşu ölkənin müharibə vəziyyətində olması Azərbaycan üçün heç də yaxşı sayıla bilməzdi. Türkiyənin Suriya məsələsindəki vəziyyətinə baxın. Türkiyə nə etsə də Suriyanın problemləri Türkiyəyə bulaşdı”.
Bayram Balçı deyir ki, artıq bu anlaşmadan sonra Azərbaycan hakimiyyətinin Qərb üçün önəmi azalacaq, bu zaman demokratiya məsələsi gündəmə gələcək: “Yəni buna qədər Azərbaycanın özü üçün deyil, İrana qarşı faydası üçün önəm daşıyırdı. Ən çox da İsrail üçün. Amma bunun olmaması daha yaxşıdır. Üstəlik, Azərbaycan hakimiyyəti artıq İran kartı kimi bir siyasi bəhanədən məhrum olacaq. Bu da Azərbaycan demokratiyası üçün yaxşı bir fürsət olacaq”.(musavat.com)
COMMENTS