Top.Mail.Ru

İranda daha bir qorxulu virus yayılıb -İDDİA

İranda daha bir qorxulu virus yayılıb -İDDİA

Koronovirusun ən çox yayıldığı ölkələr sırasında ilk üçlüyə düşmüş İrandan heç də xoş olmayan xəbərlər gəlir. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatların bir qismi virusa yoluxan və bundan dünyasını dəyişənlərin sayının getdikcə çoxalması, digər qismi isə qonşu ölkədə yeni virus növünün peyda olması ilə bağlıdır.

Bildirək ki, hal hazırda İranda koronovirusa yoluxanların sayı 7200 nəfərdən çoxdur. İndiyə qədər cəmi 600 adamın sağaldılaraq, evə buraxıldığı deyilir. Ölüm sayı isə dünən gecə etibarı ilə 270 nəfərə yaxınlaşıb. Lakin yerli bloggerlər bəyan edirlər ki, Tehranın açıqladığı rəqəmlər həqiqəti əks etdirmir. Onların iddiasına görə, İranda koronovirusa yoluxanların sayı ən azı 50 min nəfərdən çoxdur. Elə ölüm hallarının da hazırkı rəsmi rəqəmlərdən ən azı 2 dəfə çox olduğunu vurğulayırlar.

Qeyd edək ki, iran deputat, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Şehruz Bərzegər qəribə iddia ilə çıxış edib. O bildirib ki, İranda hazırda koroniovirusla yanaşı, mənşəyi bilinməyən başqa bir virus da peyda olub. O deyib ki, həmin mənşəyi bəlli olmayan virusu Gilanda apardıqları araşdırma zamanı müəyyən ediblər. Məsələ səhiyyə naziri Səid Nəməki və Məclisin spikeri Əli Laricaniylə də müzakirə olunub. “Səhiyyə nazirinin açıqlamasına görə, Gilan şəhərində müəyyən edilmiş koronovirusun bir qismi Vuhanda tapılmış “Korona 19” virusundan tamamilə fərqlidir. Bu virus 25 yaşlı tibb bacısına belə acımayıb”.

Onun sözlərinə görə, eyni virus Qum şəhərində də müşahidə edilib. “İkinci virusun qaynağı haradır, bəlli deyil. Səhiyyə nazirinin dediklərindən başa düşdüyüm odur ki, ölkədə iki çeşid virus var. Biri Vuhan şəhərində tapılan, digəri isə mənşəyi bəlli olmayandır. Təxmin edirəm ki, ikinci virus ABŞ-ın İranda yaydığı bio-terror virusu ola bilər”.

Bildirək ki, İranda durum heç də yaxşı deyil. Əhali arasında ciddi panika var və koronovirusa yoluxma halları getdikcə sürətli şəkil aldığından Tehran hökuməti də aciz duruma düşüb. Belə vəziyyətlərdə İrandakı rejim adətən ya sesnsasiya doğuracaq açıqlamalarla çıxış edir, ya da gündəmi dəyişdirmək üçün yeni vasitələrə baş vurur. İndiyə qədər müşahidə olunan əsas təbliğat vasitəsi isə bütün günahların ABŞ-ın üzərinə yıxılmasından ibarətdir. Belə ki, ən kiçik məsələdə belə Amerikanı ittiham edən İran, görünür bu dəfə də analoji addım atmaq qərarına gəlib.

Bu əsnada onu da bildirək ki, İranda baş verənlər Azərbaycanda da həssaslıqla izlənilir. Çünki hər il 2 milyondan artıq insanımız İrana keçir, eyni zamanda, il ərzində İrandan Azərbayacana gələnlərin sayı da az deyil. Belə olan təqdirdə, ölkəmizin bütün baş verənlərdə maraqlı olması təbiidir və diqqət mərkəzində saxlanılmalıdır. Əks təqdirdə, deyilən iddia doğru olarsa, bunun Azərbaycana zərər vurmadan yan keçəcəyi inandırıcı deyil.

DOSYE.ORG

COMMENTS