İrandan 19 kilo narkotik gətirən dostlar məhkəmə önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində Mais Həziyev və Cavanşir Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə baxışı iyunun 16-na kimi təxirə salınıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.

Onların üzərinə keçirilən baxış zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılıb.

Mayıs Həziyev, Cavanşir Əsgərov, Elçin Mehtiyev, Nərgiz Cəfərova, Fuad Rzayev, Aqil Abuşov, Şücaət Abbasov, Misir Mirzəyev, Ədalət Feyzullayev, Kərim Gülməmmədov və onun həyat yoldaşı Mehriban Gülməmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

COMMENTS