İrandan ermənilərə açıq DƏSTƏK: Azərbaycana qarşı

İrandan ermənilərə açıq DƏSTƏK: Azərbaycana qarşı

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığında son günlər baş verən insidentləri barədə danışıb. 

Nikol Paşinyan regionda sabitliyin və sülhün bərqərar olması baxımından 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli Bəyanatların tam icrasının vacibliyini vurğulayıb. Lakin İran Prezidenti həmişəki kimi bu dəfə də Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təhdid xarakterli mesajlar verib. Rəisi Cənubi Qafqazda son vaxtlar baş verən gərgin hadisələrə toxunaraq, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə bu yaxınlarda keçirdiyi görüşdə İranın öz sərhədlərinə həssaslıqla yanaşdığı barədə bəyanatına toxunub.

O bildirib ki, İran Qafqaz regionunda sərhədlərin dəyişdirilməsi ilə bağlı istənilən cəhdə qarşı çıxacaq.

“İran regionun siyasi coğrafiyasına heç bir dəyişiklik təklif etməyəcək, sərhədlərdəki dəyişiklikləri qəbul etməyəcək və onların dəyişdirilməsi ilə bağlı istənilən cəhdə qarşı çıxmağa hazırdır. Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün bütün imkanlarımızdan istifadə edəcəyik”,- İbrahim Rəisi Nikol Paşinyanla telefon danışığı zamanı belə deyib. 

Qeyd edək ki, bu yaxınlarda İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib. “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”, – deyə Əli Xameneyi yazıb.

Bu baxımdan, İbrahim Rəisinin sərhədlərin dəyişdirilməsindən danışması Ayətullah Xameneyinin bəyanatının davamı kimi şərh oluna bilər. Əslində, İran hakimiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra öz sərhədlərini və ərazi bütövlüyünü bərpa etməsindən narahatlığını ifadə edir.

Eyni zamanda, İran Zəngəzur dəhlizinin açılmasını özünün Cənubi Qafqazdakı maraqlarına zidd hesab edir. Son günlər Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində 165 kvadrat kilometr ərazini, o cümlədən strateji əhəmiyyətli yüksəklikləri erməni işğalından azad etməsi, eyni zamanda, ermənilərin Laçından çıxmağa razılaşması, görünür, İranı məmnun etməyib. Bu hadisədən dərhal sonra Prezident Rəisinin Paşinyana zəng edərək İranın sərhədlərin dəyişidirilməsinə qarşı çıxacağını bəyan etməsi Azərbaycana təhdid və ya Ermənistana dəstək məqsədi daşıyır.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət”ə bildirib ki, İran Prezidenti ermənilərin, erməniliyin və onların havadarlarının avantürası ilə hərəkət edir:

 

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlərinin adlarını bərpa etdi. Məsələn, Zəngəzur, İrəvan, Göyçə, Qarakilsə, Basarkeçər və digər erməniləşdirilmiş tarixi Azərbaycan torpaqları öz qədim adları ilə adlandırlmağa başladı. Ermənistana isə sərhədlərin delimitasiyası təklif olunub və bununla bağlı Rusiyanın da daxil olduğu üçtərəfli işçi qrup fəaliyyət göstərir. Ancaq İran tərəfi tarixi Azərbaycan toponimlərinin bərpasından təşvişə düşüb. İran hakimiyyəti Ermənistanın yürütdüyü siyasəti eynilə Güney Azərbaycanda həyata keçirir. Azərbaycana məxsus tarixi yer adları dəyişdirilərək farslaşdırılıb. Məsələn, Qaradağ mahalına Arazbaran, yaxud Muğana Parsabad adı verilib. Qərbi Azərbaycanın, Ərdəbilin yaşayış yerlərinin, çaylarının adlarını necə dəyişdiribsə, eyni addımları da Ermənistan atıb. Azərbaycan isə bu tarixi ədalətsizliyi aradan qaldırır. 44 günlük müharibə dövründə Ermənistanın havadarlarının guya Qarabağda hansısa terrorçuların Azərbaycanın tərəfində döyüşməsi barədə yalan təbliğatına qoşulan İran indi də Azərbaycanın Ermənistan ərazisini tutub xəritəni dəyişəcəyi barədə təxribatçı mövqedən çıxış edir. Halbuki, Azərbaycan indiyə qədər belə bir addım atacağını deməyib. Azərbaycan sərhədlərin müəyyənləşməsini istəyir və bu istiqamətdə fəaliyyət göstərir. Regionda sərhədlərin dəyişməsini istəyən yeganə ölkə Ermənistandır. 30 ildir Ermənistan Azərbaycana ərazi iddiası irəli sürür, Qarabağ bölgəsini və ətraf rayonları işğal etmişdi, Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinə, Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edir. Ermənistan 30 il ərzində Azərbaycanın işğal altındakı torpaqlarında quldurluq fəaliyyətini İranla birlikdə həyata keçirib. Bu gün də Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşməsini ləngidir. Bütün bunların hamısını Ermənistan etdiyi halda, İbrahim Rəisi və onun rəhbəri Ayətullah Seyid Əli Xameneyi ermənilərin uydurduğu küyü reallıq kimi qələmə verib şişirtməyə çalışır. 

Bu, Azərbaycana qarşı növbəti təbliğat və təzyiq kampaniyasıdır. İran da bu kampaniyanın içərisində yer alır. Çünki İran Ermənistanın Azərbaycana qarşı apardığı pis əməllərin heç birindən uzaqda durmur. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də, indi də bütün pisliklərin içərisində İran rejimi və onun aparıcı fiqurları iştirak edib. İbrahim Rəisi nə üçün Paşinyana demir ki, sərhədlərin delimitasiyası və demarkasiyasını sürətləndirmək lazımdır? Zəngəzur dəhlizini açmaq lazımdır. “3+3” formatında regional əməkdaşlıq inkişaf etdirilməlidir. İran Prezidenti niyə bunları demir? İran Azərbaycanın ziyanına və maraqlarına zidd olan tezisləri, çıxışları dilə gətirir”. 

Sədrəddin Soltanın sözlərinə görə, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatının məqsədi 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndində əksini tapmış öhdəliklərin icrasını təmin etmək və Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasına nail olmaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan işğal altındakı torpaqlara, o cümlədən Laçın rayonuna Livan, Suriya və Ermənistandan köçürülərək qanunsuz məskunladırılmış ermənilərin həmin ərazilərə sahib çıxmaq istəyinin qarşısını alıb. Bu da İranı narahat edir.

“XİX əsrin 30-cu illərində Azərbaycanın İrəvan, Zəngəzur, Göyçə, Qarabağ ərazilərinə köçürülən ermənilər orada yer adlarını dəyişdikləri kimi, indi bu prosesi işğal etdikləri bölgələrdə həyata keçirməyə çalışdılar. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən İran əndişələnir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin torpaqlarda quruculuq işləri aparacaq. Məcburi köçkünlər öz yurdlarına dönəcək. Azərbaycan iqtisadi cəhətdən qüdrətli, demokratik, insan haqlarının qorunduğu dövlətə çevriləcək. Cənubi Qafqazda Azərbaycan aparıcı söz sahibi olacaq. İstər 1918-ci il AXC dövründə, istərsə də indi hakimiyyətə mane olan əsas problem erməni işğalı idi. Hazırda onun qarşısı alınır. Bu isə İranda Güney Azərbaycan türklərinin, hətta fars olmayan digər milli azlıqların, etnik qrupların milli haqlarının təmin edilməsinə impuls verir. İran da bundan narahatdır. Azərbaycan Qərbə inteqrasiya edir, Qərbin enerji təhlükəsizliyində aparıcı rol oynayır, Mərkəzi Asiya ilə Türkiyənin yaxınlaşmasında körpü rolu oynayır. Bütün bunlar Azərbaycanı Yaxın və Orta Şərqdə aparıcı fiqura çevirir. İran da, Ermənistan da bundan narahatdır. Ermənistanda Rusiyanın himayə etdiyi qüvvələr Azərbaycanın güclənməsini istəmir, Paşinyan da onların çaldığı havaya oynayır. Rusiya ilə İran da müttəfiqdir. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə müxtəlif şantaj və çirkin üsullarla mane olmağa çalışır. Dünyada və bölgədə sərhədlərin dəyişdirilməsini istəyən İran hakimiyyətidir. İran rejimi “İsrailə ölüm!” şüarını irəli sürməklə İsrailin dünyanın xəritəsindən silinməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan isə “Ermənistana ölüm!” şüarı səsləndirmir. Əksinə, Azərbaycan Ermənistana sülh və əməkdaşlıq təklif edir. Amma İran İsraili məhv etməyə çalışır və ətrafındakı bütün ölkələrlə düşmən münasibətdədir”. 

Müşfiq Abdulla
Cebhe.info

COMMENTS