Aşura ərəfəsində İraqda savaş qızışıb; hökumət Kərbəla və Nəcəfin təhlükəsizliyini möhkəmləndirməyə çalışır
“Al Jazeera” televiziyasının verdiyi xəbərdə deyilir ki, Amerikanın intensiv hava zərbələrinin müşayiəti ilə hərəkətə keçən İraq ordusu və kürdlər ölkənin şimal və cənubunda İŞİD-in əlində olan bir neçə şəhəri geri ala bilib. Bu barədə “Al Jazeera”yə İraq hökumətinin rəsmi nümayəndələri məlumat verib.
Kürd pəşmərgə qüvvələri isə şənbə günü bəyan edib ki, onlar ölkənin şimalındakı bir neçə şəhəri və kəndi yenidən geri alıblar. İraq ordusu isə bildirib ki, Bağdaddan 50 km kənarda olan Jurf əl Sakhr şəhərin tutublar. Maraqlıdır ki, bu şəhərdə 80 min əhali yaşayır və onların əksəriyyəti sünnidir.
ABŞ ordusundan isə bildiriblər ki, onlar son 2 gündə İŞİD-ə qarşı 22 hava hücumu həyata keçiriblər. Hava hücumları əsasən İŞİD-ın Mosul və Fallucahdakı mərkəzlərini hədəf alıb. Amerikalılar həmçinin neftlə zəngin Baijini də havadan bombalayıblar.
Kürdlərin kəşfiyyat xidməti “Reuters” agentliyinə bildirib ki, peşmərgələr Mosul yaxınlığındakı Zumar şəhəri tərəfə doğru xeyli irəliləyiblər. Amerikanın hava hücumundan sonra onlar beş tərəfdən səhər tezdən İŞİD-in hərbi istehkamlarına hücuma keçiblər. İraqın dövlət televiziyası isə deyib ki, hücumlar zamanı ən azı 50 nəfər İŞİD üzvü öldürülüb, terrorçulara məxsus 10 zirehli texnika da sıradan çıxarılıb.
Peşmərgələr onu da bildirib ki, maşına qoyulmuş bombanın partladılması nəticəsində onların 7 nəfər döyüşçüsü öldürülüb. Zumar avqust ayından İŞİD-in nəzarətindən çıxaraq, peşmərgələrin nəzarətinə keçən ilk şəhər olmuşdu.
İraq hökuməti isə deyib ki, onlar əvvəllər də Jurf al-Sakhara nəzarət edirdilər. Bu şəhər Babil vilayətində yerləşir. Ənbardan Bağdada gedən yol da buradan keçir. Ən önəmlisi isə odur ki, şiələr üçün xüsusi önəmi olan Nəcəf və Kərbəla da bu istiqamətdədir.
“Biz İŞİD qüvvələrini bu gün Jurf al-Sakhardan qovub çıxara bildik. Hazırda biz İraq bayrağını yerli hökumət binasının üzərindən asmışıq”, şəhərin valisi Sadiq Madloul deyib.
İraq dövlət televiziyası əlavə edib ki, İŞİD döyüşçüləri çıxıb getdikləri yerləri minalayıblar. Ancaq İraq ordusu 300-dən çox minanı taparaq, zərərsizləşdirib.
Qeyd olunur ki, bu hərbi əməliyyat Aşuraya bir həftə qalmış həyata keçirilib. Tezliklə yüz minlərlə İmam Hüseyn tərəfdarları Kərbəlanı ziyarət edəcəklər, İmamın məqbərəsinə baş çəkəcəklər.
İraq hökuməti bildirib ki, döyüşlər zamanı hökumətə bağlı 8 əsgər ölüb. Onlar İraqın İŞİD qüvvələrindən təmizlənməsi əməliyyatında qəhrəmanlıq göstəriblər. İraq hökuməti onu da bildirir ki, 100 nəfərə yaxın İŞİD döyüşçüsü hökumət qüvvələri tərəfindən mühasirədə saxlanılır.
COMMENTS