İraqlı professor Əli Naşimi Abbas Əl- Maliki mərkəzi elmi kitabxabanada olub

İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak və Bağdadın Əl-Mustansiriya Universitetinin professoru, tarix elmləri doktoru Əli Naşmi Həmidi Abbas Əl-Maliki Mərkəzi Elmi Kitabxanada olub.

Öncə MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonaqları səmimi salamlayıb, iraqlı qonaqların kitabxanaya səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, onların gəlişindən məmnun olduğunu deyib.

Sonra Professor Əli Naşmi Həmidi Abbas Əl-Maliki “İraqla Azərbaycan arasındakı milli tarixi əlaqələr” mövzusunda mühazirə oxuyub. Bildirib ki, ölkələrimiz arasında uzun illərdir tarixi köklərə əsaslanan iqtisadi, mədəni, dini əlaqələr mövcuddur. Azərbaycan ilə İraqı möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimiz terrora qarşı fəal mübarizə aparırlar.

Qonaq səfərdə etdiyi xarici ölkələrin universitetlərində keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı fikirləri oxuduğu mühazirələrdə hər zaman qeyd etdiyini vurğulayıb.

Professor mühazirəsində İraqda yaşayan azərbaycanlı mütəfəkkir, alim və şairlərdən bəhs edib. Qeyd edib ki, zaman-zaman insanlar Azərbaycandan İraqa gəlib, Nəcəf, Bağdad, Kərbəla şəhərlərində təhsil alıb, dini, dünyəvi elmləri öyrəniblər. Onların arasında dövrün tarixçiləri, filosofları olub.

Bağdadlı alim orta əsr Azərbaycan şair və mütəfəkkirləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, filosof, astronom Nəsirəddin Tusi və digər şəxsiyyətlər haqqında maraqlı tarixi faktlara da toxunub. Vurğulayıb ki, bu şəxsiyyətlər təkcə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin deyil, bütövlükdə Şərq mədəniyyətinin inkişafı üçün istər özlərinin yaşadığı, istərsə də sonrakı tarixi mərhələlərdə dəyərli məktəb qoyub.

Sonra natiq Azərbaycan və İraq arasında iqtisadi, siyasi və mədəni sahədə əlaqələrin müasir inkişaf mərhələsindən söhbət açıb. Qeyd edib ki, bu inkişaf günbəgün artmaqdadı və getdikcə daha geniş sahələri əhatə edəcək.

“İstərdik ki, İraq mədəniyyəti Azərbaycanda daha yaxşı tanınsın. Eləcə də İraq cəmiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti ilə yaxından tanış olsun”, – deyən professor bunu nəzərə alaraq Azərbaycan haqqında kitab yazacağını da bildirib.

Mühazirənin sonunda iştirakçıları maraqlandıran suallar bağdadlı alim tərəfindən cavablandırılıb.

Sonra tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edib. Alim İraqın Azərbaycanla bağlılığı və bu torpaqda uyuyan dahi azərbaycanlılar barədə söz açıb, tarixi həqiqətlərdən danışıb. İraq haqqında geniş məlumatlarla zəngin olan məqalələrindən və kitablarından bəhs edib.

Daha sonra çıxış edən səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak ölkələrimiz arasında mövcud əlaqələrin starteji əhəmiyyətindən danışıb. Bildirib ki, xalqlarımız arasındakı yüksək mədəni və tarixi əlaqələr münasibətlərimizin hərtərəfli inkişafına öz töhfəsini verir. Bu gün Azərbaycan ilə İraq arasında münasibətlər yüksək səviyyədədir.

Görüşdə digər qonaqlar da çıxış edib, münasibətlərimizin xalqlarımızın mənafeyi naminə bundan sonra da dostluq və əməkdaşlıq müstəvisində inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ruslan Kərimov,

AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

COMMENTS