Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin partiya daxilində məsələlərə münasibət bildirməsindən sonra ictimaiyyətdə müxtəlif fikirlər səsləndirildi.
Mətbuatda yayılan şərhlərə görə, İ.Qəmbər məlum statusu ilə demək istəyib ki, partiyada narazı üzvlər hakimiyyətin sifarişini yerinə yetiriblər. Onlar arasında isə partiya üzvü Vurğun Əyyubun da adı çəkilib.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Vurğun Əyyubla əlaqə saxladıq. V.Əyyub Hafta.az-a açıqlamasında bildirdi ki, yayılan əsassız məlumatlara cavab vermək niyyətində deyil. Lakin o, həmçinin bir neçə məqama aydınlıq gətirdi:
“Ümumilikdə götürəndə bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Sadəcə olaraq, biz müsavatçılar partiyanın demokratik bir şəkildə, nizamnaməyə uyğun idarə edilməsinin tərəfindəyik. Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?”.
Vurğun Əyyub bildirib ki, digər üzvlərdən fərqli olaraq, o, istefa barəsində düşünmür:
“Müsavat Partiyasını yenidən bərpa edən şəxslərdən biriyəm. Eyni zamanda, həyatımın böyük bir hissəsini bu partiyanın qurulmasına həsr etmişəm. Bu baxımdan istefa barəsində qətiyyən düşünmürəm”.
COMMENTS