İsa Qəmbər narazıları xəyanətdə ittiham etdi

Noyabrın 23-də Müsavat Partiyasının respublika müşavirəsi keçirilib. Qurultaydan sonra partiya daxilində yaranmış qarşıdurma müşavirənin əsas müzakirə mövzusu olub.

Müsavatın tədbirə aparıcılıq edən yeni başqanı Arif Hacılı deyib ki, narazıların açdığı müzakirələr partiya sərhədlərini aşıb. Onun fikrincə, “Müsavata rəğbət bəsləməyən çevrələr” bundan istifadə edir. “Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir”, – deyə A.Hacılı bildirib.

Müsavat başqanının müavini Elman Fəttah daxili qarşıdurmanın ciddi narahatlıq doğurduğunu deyib. Bildirib ki, partiyada parçalanma təhlükəsi yaratmaq lazım deyil.

Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə bildirib ki, narazılıqların əsası var. “İradım bugünkü rəhbərliyədir. Qalib tərəf dözümlü olmalıdır. Bütün problemlərin danışıqla həll olunmasının tərəfdarıyam”, – deyə T.Abbaslı qeyd edib.

O, narazıların fraksiya yaratmaq istəyinə qarşı çıxmağı da tənqid edib: “Burada qanunsuz bir iş yoxdur. Bu gün mən rəhbərliyin fəaliyyətini bəyənmirəmsə, neyləməliyəm? Dörd il gözləməliyəm ki, yeni seçki keçirilsin? Bu gün fraksiya yaradanları kimsə satqın adlandırırsa, bu, onun siyasi savadsızlığından irəli gəlir”.

Narzıların liderlərindən biri, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu da partiyanın indiki rəhbərliyinə qarşı tənqidlər səsləndirib. “Qurultaydan əvvəlki Müsavat yoxdur. Qurultaydan əvvəl Müsavat İsa Qəmbərə bağlı idi. Müsavat partiyasında yeni dönəm artıq İsa bəyin xarizması ilə idarə olunan dönəm deyil. İndiki dövr partiyanın şəffaf idarə edilməsi dövrüdür. Müsavatın daxili demokratiya problemi var. Biz daxili demokratiyaya hazır deyilik. Qərarlar birtərəfli verilir. Rayon təşkilatlarını prosesə qoşmaq, onların bəyanatlar verməsi arzuolunmaz haldır. Bunlar partiyanı parçalayacaq bəyanatlardır”, – deyə o, bildirib.

Q.İbadoğlu narazı halda deyib ki, A.Hacılının qardaşları mütəmadi olaraq prosesə qarışır və qarşı tərəfin ünvanına təhqir yağdırır. O, həmçinin, vəziyyəti nizama salmaq üçün təkliflər paketi təqdiim edib. Təkliflərə partiyadan qovulan narazı üzvlərin bərpası, növbədənkənar qurultayın keçirilməsi kimi məsələlər daxildir.

Müsavat Qadınlar Şurasının sədri Ellada Məmmədli narazıların fikrinin nəzərə alınmalı olduğunu deyib. “Mən Qubad bəyin tərəfdarıyam deyə öldürməlisiniz? Bir-birinizi düşmən görməkdən çəkinin. Çıxaq gedək partiyadan? Siz nə istəyirsiniz?. Problemlərin səbəbini izah etmirsinizsə, biz fraksiya qərarını ortaya qoyuruq”, – deyə o bildirib.

Tədbirdə Müsavatın keçmiş başqanı İsa Qəmbər də iştirak və çıxış edib. O, bildirib ki, hazırda partiyanın əsas fəaliyyət istiqaməti bələdiyyə seçkiləri və siyasi məhbusların müdafiəsi istiqamətində olmalıdır. Daha sonra o, partiyadakı narazıları xəyanətdə ittiham edib və onlara qapını göstərib: “Kimlərsə partiyanı saxtakarlıqda ittiham edir, həmçinin deyirlər ki, Müsavatın hakimiyyəti saxtakarlıqda ittiham etməyə haqqı yoxdur. Bu, elə hakimiyyətin marağında olan məsələdir. Hakimiyyətə bundan gözəl nə xidmət ola bilər?.

Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavatın arasındadır. Narazıların tutduğu yol haqqlı deyil. Baqşanlıq seçkisindən narazı qalan tərəf üç yoldan birini tuta bilərdi. Ya deyə bilərdi ki, əhəmiyyətli səs yığıb və bu səbəbdən partiyanın idarə edilməsində, qərarların verilməsində iştirak etmək niyyəti var. Bu niyyət nəzərə alına bilərdi. Yaxud dörd il gözləyib yenidən seçkiyə qatılmaq qərarı verə bilərdi. Üçüncü yol isə partiya sıralarını tərk etməkdir. Əvvəlki iki yolu tutmayanların gec-tez partiya nizamnaməsi ilə problemi yaranacaq. Partiya cəzalarından heç kim sığortalanmayıb. Ona görə hər kəs nə istədiyini aydın şəkildə müəyyənləşdirsin. Hakimiyyətlə birləşib partiyanı qurultaysonrası gərginlik sindromuna salmaq xəyanətdir”.

COMMENTS