İsa Qəmbər Qurana əl atdı

Müsavat partiyasında ilginc hadisələr yaşanıb. Mətbuatın iddia etdiyinə görə, avqustun 18-də Müsavatın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsində aparılan müzakirələr zamanı başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edən Arif Hacılı ilə Qubad İbadoğlu arasında münasibətlər kəskinləşib.

 

Hətta az qala əlbəyaxa dava baş verib. Arif Hacılı Qubad İbadoğlunun QHT sektorunda çalışdığını, partiya üçün heç bir xidməti olmadığını deyərək onun hansı haqla başqan olmaq istədiyini deyib. Qubad İbadoğlu isə Arif Hacılının bank hesabını və villalarını açıqlaya biləcəyini vurğulayıb. Digər başqanlığa iddialı Tural Abbaslı isə Hüseyn Məlikdən müşavir vəzifəsindən çıxarılmasını, partiyadan uzaq salınmasına etirazını ifadə edib.  “Bizim Yol” qəzetinin iddiasına görə, sonda İsa Qəmbər tərəfləri partiyadan getməyəcəyinə dair Qurana and içdirmək istəyib.  

 

Müsavatda qarşıdurmalar yaşanır Məlumat üçün deyək ki, Müsavat partiyasında bu cür halların baş verməsi normal qarşılanır. Düzdür, indiyə qədər partiyada əlbəyaxa dava düşməyib, ancaq buna yaxın hallar müşahidə edilib. Məsələn, Müsavat Məclisinin keçmiş üzvü Tapdıq Abbasın partiya sıralarından çıxarılması məsələsi Məclisdə müzakirə edilən zaman ciddi qarşıdurma yaşanıb. Həmin zaman əvvəlcə Mustafa Hacıbəyli, sonra isə Arif Hacılı T.Abbasın partiyadan qovulmasını tələb edib, Məclis sədri Sülhəddin Əkbəri bu şəxsin tərəfini tutmaqda günahlandırıb və nəticədə söz davası yaşanıb. İkinci buna oxşar hadisə isə Müsavat Partiyasının sonuncu qurultayı zamanı qeydə alınıb.

 

Həmin qurultayda Məclis seçkiləri zamanı səslərin sayılmasının saxtalaşdırılmasına cəhd edilib. Partiyada olan Sülhəddin Əkbər qanadı elə qurultay zamanı bu pozuculuğun üstünü açıb və nəticədə ciddi qarşıdurma yaranıb. Sonda başqan İsa Qəmbərin sədrliyi ilə bu məsələləri araşdırmaq üçün komissiya yaradılıb. Ancaq bu hadisənin üzərindən bir neçə il keçməsinə baxmayaraq, qurultayda səsləri saxtalaşdırmaq istəyənlərlə bağlı komissiyanın rəyi ortalıqda deyil.  Əlbəyaxa dava təkzib olunur, amma… Avqustun 18-də partiyada aparılan müzakirələr zamanı əlbəyaxa dava düşməsini tərəflər təkzib edir. Hazırda Müsavatda başqan olmaq üçün üç real iddiaçı var-Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı. Qarşıdurmanın da bu şəxslər arasında getdiyi şübhəsizdir. Partiyadaxili mənbələrin sözlərinə görə, bu mübarizədə Tural Abbaslı və Qubad İbadoğlu eyni mövqedə durur.   Əlbəyaxa davanın bir tərəfi olduğu iddia edilən Arif Hacılı bu xəbərləri təkzib edib. Belə xəbərlərin yayılmasını şayiə adlandıran Hacılı bəyan edib ki, Müsavatın strukturlarında belə hallar baş verməyib və bu səviyyəli müzakirələrin aparılması da gözlənilmir.

 

Başqanlığa iddia edən Tural Abbaslı da dava olması haqda xəbərlərin doğru olmadığını söyləyib. Bildirib ki, bu haqda yazılanlar əsassızdır və həqiqəti əks etdirmir. Abbaslı əlavə edib ki, İsa Qəmbərin ortaya Quran çıxarması kimi halla qarşılaşmayıb. Ancaq gənc iddiaçı müzakirələr zamanı fikir və mövqelərin üst-üstə düşməməsi kimi halların olduğunu və bunun da normal qarşılandığını söyləyib. Qubad İbadoğlu da Arif Hacılı və Tural Abbaslının fikirlərindən fərqli bir şey deməyib. Söyləyib ki, Arif Hacılı ilə münasibətləri normaldır, avqustun 18-də aralarında heç bir konflikt baş verməyib. Nəzarət Arif Hacılıdadır Müsavatdaxili mənbələr isə qeyd edirlər ki, qurultayla bağlı partiya daxilində, həqiqətən də, gərginlik müşahidə olunur, lakin tərəflər bunu açıqlaya bilmirlər. Çünki hazırda hiss olunmayan mübarizə gedir və informasiyanın kənara ötürülməsi həmin tərəfin nüfuzdan düşməsinə yol aça bilər. Qeyd olunur ki, Əslində ötən həftə Hüseyn Məlikin partiyada fəaliyyətini dayandırması da qurultayla birbaşa bağlıdır. Çünki Məlik Qubad İbadoğlunu dəstəkləyib və partiyada Arif Hacılının təbliğ olunmasına qarşı çıxıb, bu etirazını hətta İsa Qəmbərə də çatdırıb.

 

Mənbə onu da bildirir ki, hazırda partiyadan bir informasiya çıxan kimi bunu bir qrup digər qrupun üstünə ataraq onu zərərləşdirmək istəyir. Məsələn, son günlər daha çox Tural Abbaslını qınayır, ondan nəyə görə, Hüseyn Məliklə bağlı açıqlamalar verdiyini soruşurlar. Mənbə daha sonra qeyd edib ki, avqustun 18-də, doğrudan da, aparılan müzakirələr zamanı ciddi fikir ayrılıqları yaşanıb. Buna səbəb qurultayla bağlı texniki məsələlərin müzakirəsi olub. Məsələn, son iclasda başqanlığa iddialı olan şəxslərin rəsmi təbliğata başlaması, bunun neçə gün olması məsələsi müzakirə olunub.

 

Bir tərəf 20, digər tərəf 25 gün müddətində kampaniya aparılmasını təklif edib. İkinci problemli məsələ isə qurultaya qonaqların dəvət olunması, siyahının hazırlanması, bülletenlerin çap olunması haqda da müzakirələr aparılıb. Sonda qərara gəlinib ki, bu məsələnin həlli partiyanın təşkilat şöbəsinə tapşırılsın. Bu şöbə isə Arif Hacılının tam nəzarətindədir. Bu isə digər iddialı namizədlərin narazılığına səbəb olub.

COMMENTS