Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik.
Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrlə Faizə Əliyeva institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib.
Modern.az saytına məlum olub ki, Faizə Əliyevaın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib. O da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər.
Rəsmi məlumatda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən pensiya yaşı çatdığına görə azad edildiyi bildirilən Faizə Əliyeva barədə sayta daha bir neçə məlumat daxil olub. Məlumatlara görə, Faizə Əliyeva çoxdandır səhiyyə naziri Oqtay Şirəliyevlə konfliktdəymiş. Ancaq bunun səbəbi açıqlanmır.
O da məlum olub ki, Faziə Əliyeva “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun baldızıdır.
Xatırladaq ki, AZAL şefinin xanımı Zərifə Həmzəyeva Azərbaycanda məşhur iş adamı kimi tanınır. Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir. “Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisə var. Şirkət iki yüz addan çox məhsul istehsal edir.
COMMENTS