“Azərbaycan heç nədən çəkinmədən erməni hərbçilərinin cəsədlərini ərazidən götürsün…”
Erməni tərəfi noyabrın 12-də Azərbaycan ordusu tərəfindən təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 hücum vertolyotunun üç nəfərdən ibarət heyət üzvlərinin cəsədlərini götürmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib.
Adıçəkilən qurum, ATƏT və digər bir sıra beynəlxalq təşkilatlar isə Azərbaycanın cəsədlərin götürülməsinə şərait yaratmasına nail olmağa çalışırlar. Azərbaycan hökuməti isə hələ ki, dözüm nümayiş etdirərək cəsədlərin götürülməsinə razılıq vermir.
Cəmiyyətin ən müxtəlif kəsimlərindən isə Azərbaycan dövlətinin bu mövqeyinə dəstək gəlməklə yanaşı, təkliflər səslənir ki, Ermənistanın əsirliyində olan kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün imkan yaranıb. Azərbaycan erməni cəsədləri ilə onları dəyişməyə nail olmalıdır. Bu mövqedə olanlardan biri də sabiq daxili işlər naziri İsgəndər Həmidovdur.
O, musavat.com-a açıqlamasında bildirdi ki, vətəndaşlarımızın erməni əsriliyindən azad edilməsi üçün yaxşı imkan yaranıb, və Azərbaycan hakimiyyəti bu şansdan istifadə etməlidir: “Azərbaycan ordusunun işğalçı Ermənistanın ərazilərimizə soxulan hərbi vertolyotunu vurması məni sevindirdi. Nəhayət bizim də ürəyimiz açıldı. Düşmən vertolyotunu vuran hərbçimizə təşəkkür edirəm. Onun vertolyotu vurması Azərbaycanın kəlbəcərli girovlar Dilqəm Əsgərovu və Şahbaz Quliyevi ermənilərin əlindən almaq üçün imkan yaradıb. Azərbaycan dövləti vertolyotun yerə düşdüyü ərazidəki erməni hərbçilərinin cəsədləri ilə kəlbəcərli girovların dəyişdirilməsinə nail olmalıdır. Azərbaycan hökuməti ATƏT və digər beynəlxalq qurumların erməni hərbçilərin cəsədlərinin götürülməsinə şərait yaradılması barədə tələb və təzyiqlərinin qarşısında geri çəkilməməlidir.
Azərbaycan hakimiyyəti həmin beynəlxalq təşkilatların qarşısında qəti şəkildə məsələ qaldırmalıdır ki, doğma kəndinə getdiyi üçün əsir götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılmasına Ermənistanı məcbur etsinlər. Yalnız bundan sonra cəsədlərin götürülməsinə şərait yaradılacağı birmənalı şəkildə bəyan edilməlidir. Beynəlxalq təşkilatlara deyilməlidir ki, canlı insanlar aylardır ermənilərin işgəncəsi altındadırlar onları azad etmək cəsədləri azad etməkdən daha vacibdir. Mənim bir təklifim ondan ibarətdir ki, Azərbaycan heç nədən çəkinmədən həmin erməni hərbçilərinin cəsədlərini ərazidən götürsün və normal vəziyyətdə saxlasın. Ermənistana da bildirsin ki, Dilqəmlə Şahbazı azad etməyincə, cəsədləriniz bizdə qalacaq. Heç bir beynəlxalq təşkilatın bu məsələdə təzyiqini vecimizə almamalıyıq. Ermənilər Kəlbəcərdə qətlə yetirdikləri Həsən Həsənovun meyidini neçə ay sonra Azərbaycana qaytardılar. Bu davranışın əsasını ermənilər qoyub. Dilqəmlə Şahbazı azad etmək üçün mən təklif etmişdim ki, 4-5 ermənini ələ keçirib onlarla dəyişmək lazımdır. Azərbaycan hökuməti hələ ki, bunu edə bilməyib. Ancaq bu vertolyot vurulmasından sonra mənim təklifimin müəyyən mənada reallaşdırılması üçün şərait yaranıb. Canlı erməni olmasın, cəsədləri olsun. Əsas odur ki, girovlarımızı azad edək”.
Sabiq nazir hesab edir ki, Ermənistan hökuməti mümkün olduğu qədər çalışacaq ki, cəsədlərlə girovları dəyişməsin. Ancaq Azərbaycan o cəsədləri götürməyə imkan verməsə, yaxud cəsədləri götürüb saxlasa, ola bilər Ermənistan cəmiyyəti tərəfindən Ermənistan hökumətinə təpkilər, etirazlar baş qaldırar ki, girovları qaytarıb cəsədləri alsınlar: “Daxildən ictimai təzyiq işğalçı Ermənistan hakimiyyətini girovları qaytarmağa vadar edə bilər”.
İ.Həmidov Dilqəm Əsgərovla Şahbaz Quliyevin qondarma məhkəmə və təzyiqlər qarşısında Azərbaycanın zərərinə heç bir ifadə verməməsinin heyrətamiz olduğunu dedi: “Onların hər ikisinin qadasını alım. Görün bu iki qardaşımızın iradəsi, vətənə sevgisi nə qədər böyükdür ki, işgəncələr, ölüm təhlükəsi onların Azərbaycana qarşı hər hansı ifadə verməsinə səbəb ola bilməyib. Yaxşı mənada heyrət etməmək mümkün deyil. Onlar düşmən əsirliyində də igidlik göstərirlər, hamımız belə oğullarımızla fəxr etməliyik. Hər oğulun hünəri deyil düşmən əsirliyində ola-ola Dağlıq Qarabağ adında dövlət tanımadığını, tutulmasaydı Kəlbəcərə yenə gələcəyini bəyan etsin”.
COMMENTS