İsgəndər Həmidov: “Yerəvanda Əkrəm Əylislinin adına küçə var”

İsgəndər Həmidovla sənət söhbəti

 

– İsgəndər bəy, Bəxtiyar Vahabzadə müstəqilliyimizin ilk illərində tanınmış bir ziyalı kimi…

– Yenə deyirəm və həmişə də deyəcəyəm: Bəxtiyar Vahabzadə məndən ötrü bir zirvədir. Həmişə də zirvə olub. Sovet dövründə də, müstəqillik illərində də. O, bir örnəkdir.

– Niyə? Məsələn, hansı xüsusiyyətinə görə Bəxtiyar Vahabzadə sizin üçün zirvədir?

– Bizi 1989-cu ildə Türkiyəyə dəvət elədilər. Orada əski Müsavatçılar və başqa insanlar da vardı. Sual verdilər ki, siz bizim gizli buraxdığımız kitabları oxuyub inqilabçı olmuunuz. Bizim yoldaşların bir çoxu onlara xoş gəlməkdən ötrü razılaşdılar. Amma mən başqa cavab verdim.

– Nə dediniz ki?

– Dedim ki, mən Bəxtiyar Vahabzadənin əsərlərini oxuyub inqilabçı olmuşam. Buna görə Bəxtiyar müəllim mənim üçün örnəkdir.

– Aydındır.

– Bəxtiyar Vahabzadə axıra qədər də mövqeyini dəyişmədi. Bəlkə, türk dili məsələsində sözünü demədi? Bəlkə, kiməsə yaltaqlandı, kiməsə yarındı?

– Əlbəttə, heç kəsin qarşısında əyilmədi.

– O, həmişə Bəxtiyar Vahabzadə olaraq qaldı. Simasını heç vaxt dəyişmədi. O insan yaranandan yandı, ölənə qədər yandı, öləndən sonra da yandı. Ona görə də Bəxtiyar Vahabzadə haqqında mən heç vaxt fikrimi dəyişməmişəm. Və digər tərəfdən, deməli, o nəhəngdir ki, biz bu gün onu yada saldıq.

– Tamamilə doğrudur.

– Adi bir misal çəkim. Bəxtiyar Vahabzadə həyətdə ikiotaqlı evdə olurdu. Dörd uşağı, bir də özü. Universitetdə kafedra müdiri idi. Artıq mən orqanda işləyirdim.

– Bəli…

– Bir gün dedilər ki, Bəxtiyar Vahabzadə tələbələri ilə Şıxəli Qurbanovun qəbrinin üstünə gələcək və orda çıxış edəcək. Gecə saat birin yarısında Bəxtiyar Vahabzadənin evinə getdim.

– Nə üçün?

– Dedim ki, səhər Şıxəli Qurbanovun qəbrinin üstünə gəlmə və tələbələri də gətirmə. Soruşdu ki, niyə? Dedim, tələbələrini döyəcəklər. Ona görə də o, tələbələrinə gətirmədi, amma özü gəldi. Şıxəli Qurbanovun qəbrinin üstündə başsağlığı da verdi. Mən onda Bəxtiyar Vahabzadənin cəsarətini və güclü vətəndaşlıq mövqeyini gördüm.

– Yeri gəlmişkən, Şıxəli Qurbanov da dəyərli və millətini sevən insan olub.

– Əlbəttə, çox böyük insan olub. O, Mərkəzi Komitədə Mədəniyyət şöbəsinin müdiri olanda Novruz bayramını dövlət səviyyəsinə qardırdı. Buna görə onu öldürdülər.

– Özü də heç nədən öldü.

– Dişini çəkdirməyə getmişdi. Guya bunun dişinə “navakayn” vurdular, bu da şoka düşüb öldü.

– Allah rəhmət eləsin.

– Çox xatırlamaq istəmirəm. Şıxəli Qurbanovun uşaqları, nəvələri var. Ürəklərini kövrəltmək yaxşı deyil. Amma əfsuslar olsun ki, biz ölülərimizin üzərində özümüzə karyera qururuq. Bu, çox dəhşətdir.

– Heç şeir yazmısınız?

– Yox… Şeiri şair yazar. Siyasətçi də şeir yazar?

– Axı şeir yazan siyasətçilərimiz də var. Məsələn, İsa Qəmbər…

– İsa bəy, hərtərəfli adamdır. Ola bilər ki, şeir də yazır. Amma mən şeir yazmamışam, heç yazmaq fikrinə də düşməmişəm və hesab edirəm ki, heç vaxt da şeir yazmaq fikrinə düşməyəcəm.

– Şeir yazmağa qarşı bu qədər sərt sərhəd nəyə lazımdır ki? Hər halda, şeir yazmaq insanlıq əlamətidir.

– Düzdür, insan həssas məqamlarda şeir yazır. Orası elədir. Amma mənə elə gəlir ki, şeiri şair yazmalıldır, döyüşçü döyüşməlidir və siyasətçi də siyasətlə məşğul olmalıdır. Təəssüf ki, bizdə yeni bir elm də icad olunub: hərşeyşünaslıq.

– Hə…

– Məsələn, bir insan elə bilir ki, hər şeyi bilir. Amma hər şeyi bilmək olmaz ki… Böyük filosof Nitsşenin bir sözü var. Deyir, savadlı adam savadsız adamdan ona görə seçilir ki, savadlı adam hansı qaynaqdan nəyi axtarmağı yaxşı bilir. Amma bizdə nədən danışırsan, deyirlər, bilirik. Halbuki heç nə də bilmirlər. Ona görə pis gündəyik.

– Nə olub ki, pis gündəyik?

– Torpağımız işğal altındadır. Ta bundan böyük nə olacaq ki…

– Bayaqdan bir neçə dəfə Sucaəti xatırlamısınız…

– Sücaətin elə şeirləri var ki, adama ləzzət eləyir. Məsələn, Bəhmənin necə gözəl şeirləri var. Bunların Sovet dövründə yazdığı şeirləri kim yaza bilərdi?

– Bildiyimə görə, Musa Yaqubdan da çoxlu şeirlər bilirsiniz.

– Musa Yaqubu mən çox istəyirəm. Musa Yaqub yaxşı insandır, yaxşı şairdir. Heyif, deyirlər, bir az xəstədir. Əgər Bakıdadırsa, məmnuniyyətlə yanına gedəcəm.

– Bakıda deyil, İsmayıllıdadır.

– Lap İsmayıllıda olsun. Məmnuniyyətlə gedib görüşəcəm. Musa Yaqub çox qəribə və sadə insandır, elə bil bizim birimizdir. Yəni xasiyyət cəhətdən, oturub-durmaq cəhətdən deyirəm. Sadəcə, bizdən fərqi odur ki, onun talantı çoxdur. Doğrudan, həmişə Musa Yaqubu çox istəmişəm.

– Adətən, Musa Yaqubu çox istəyənlərin Vaqif Səmədoğlundan xoşu gəlmir. Sizdə necədir?

– Vaqif Səmədoğlu ilə əvvəllər tez-tez görüşürdük. İndi xəstədir. Allah şəfasını versin. Tez sağalsın.

– Onun 75 illik yubileyi dövlət səviyyəsində keçirildi. Getmişdim. Vaqif müəllim çox maraqlı çıxış da elədi. Yeni orden də verdilər.

– Mənə elə gəlir ki, bəzi muğənnilərdənsə, Vaqif Səmədoğluna orden, medal verilməyi daha yaxşıdır.

– Əlbəttə…

– Həyatdır, Allah kimə nə ömür veribsə, onu da yaşyırıq. Amma zaman keçəcək, 50 il, 60 il, 70 il… Tarixçilər yaşadığımız dövrü tədqiq eləyəcəklər, tarix yazmaq istəyəcəklər. Onda hər kəs öz həqiqi qiymətini alacaq.

– İsgəndər bəy, Röyanın çox gözəl səsi var, görürəm ki, hamının onun səsindən xoşu gəlir, yəqin, sizin də…

– Mən Röyanı çox istəyirəm. Röya yaxşı oxuyur, səsi çox xoşuma gəlir. Qəribədir ki, həm də o qadında bir cəsarət hiss eləyirəm. Bir neçə dəfə həqiqəti dediyini görmüşəm. Yəni necə var, özünü elə də aparır. O qadının maskası yoxdur. Qabağıma çıxsa, bilmirəm, Röya məni tanıyar, yoxsa tanımaz. Və yaxud bilmirəm, mən onu tanıyaram, yoxsa yox… Nə olsun ki, mən muğamatı daha çox sevirəm, amma onun səsində qəribə bir məlahət var.

– Yəqin, klassik muğamata qulaq asırsınız.

– Düzdür, klassik muğamata qulaq asmağı daha çox xoşlayıram. Amma sözsüz ki, yaxşı muğam oxuyan gənclərimiz də var.

– Bəzən muğamı tənqid də eləyirlər. Deyirlər, muğam başa düşülmür və yaxud muğam milli Azərbaycan musiqisi deyil.

– Muğamı tənqid eləyənlər, əslində, özünün kim olduğunu biruzə verir. Muğamı başa düşməyən eşşəkdir, uzunqulaqdır. Uzunqulaq da belə deməlidir, başqa nə deyəcək ki?

– Vay dədə…

– Muğamı necə başa düşməmək olar ki? “Qarabağ şikəstə”sini, “Cahargahı”, “Rastı” necə başa düşməmək olar? Muğamı kim pisləyirsə, qoy pisləsin. Əksinə, ona bir az da geniş meydan vermək lazımdır ki, öz daxilini açsın. Başa düşmürəm, muğam pisdir, çırtma vurmaq yaxşıdır?

– Meyxana…

– Meyxana farsdan, Hindistandan gələn mirzo musiqisidir. O, necə muğamdan yaxşı ola bilər?

– Muğam, özü də Alim Qasımovun sehirli səsində…

– Mən Alim Qasımova 10 il bundan qabağa qədər qulaq asmışam.

– İndi xoşunuz gəlmir ki?

– Deyim ki, 10 il bundan qabağa qədər bir muğam ustası, rəhmətlik Xan Əminin davamçısı Alim Qasımov vardı. İndi də çiynin-zadın oynadan Alim Qasımov var. Əfqanlardan oturub-durmaq götürüb.

– Amma səsi səsdir.

– Səsi, əlbəttə ki, böyük səsdir. Amma nə olsun ki… Qulaq asmıram. O, öz həyatını yaşayır, biz öz həyatımızı. Məndən ötrü Yaqub Məmmədov var, Xan Əmi var, Cabbar Qaryağdıoğlu var, Arif Babayev var. Bunların hamısı korifeylərdir.

– Heç muğam gecələrinə gedirsiniz?

– Bəli, gedirəm. Düzdür, muğam müsabiqələrinə bizi dəvət eləmirlər. Amma tutalım, Elnur var. Qəşəng muğam oxuyur. Onun konsertlərinə tez-tez gedirəm. Düzdür, mənim muğam gecələrinə getməyim onları şərəfləndirməyə bilər, amma özüm gedib ordan ləzzət alıram. Heç mən də kiməsə xoş gəlmək üçün musiqi gecələrinə getmirəm. Sadəcə, yenə deyirəm, özümün xoşuma gəlir. Qarabağdan bizə bircə “Qarabağ şikəstəsi” qalıb, başqa nə var ki?

– Niyə ki? Axı “Qarabağ” kafesi də var.

– Yox… Onların heç biri mənim üçün Qarabağı əvəz eləmir. Vətəndaşlarımızın həyatını qurban etdiyi torpağın adını kafeyə qoyub, sonra da orada şəngülüm-məngülüm mahnısı çaldırıb, camaata araq içirdəsən. Belələri o torpaqları sevməyən adamlardır. Onlar torpaqlara həsrəti olmayan oğlanlardır ki, öz şəxsi gəlirlərini torpaqdan üstün tuturlar.

– İsgəndər bəy, Kəlbəcər yadınıza düşəndə, maraqlıdır, formal olaraq, ovunmaq üçün nə edirsiniz?

– De ki, Kəlbəcər nə vaxt yadına düşmür ki? Sual belə olsaydı, daha asan cavab verərdim.

– Onda sualı dəyişirəm: Kəlbəcər nə vaxt yadınıza düşmür?

– Bizim evimiz Tərtərdədir. Amma 1963-cü ildən Bakıdayam. Mən yuxuda birdən Kəlbəcərdə elə yerlər görürəm, orada yaşayan Kəlbəcərlilərə zəng eləyirəm ki, İstisuda belə yerlər var. Deyirlər, var. Əgər mən bir an, bir dəqiqə, bir saat ağlıma salsam ki, Ağdam, Kəlbəcər, Şuşa alınmayacaq, həmən günü ölərəm, yaşaya bilmərəm.

– Maraqlıdır, axırıncı dəfə nə vaxt kitab oxumusunuz?

– Dünən…

– Hansı kitab idi?

– Mən ən ağır və ən çətin günümdə Aleksandr Dümaya müraciət edirəm.

– Niyə məhz Dümya?

– Çünki o insanda bütün ağır vəziyyətləri bir yumor hissiylə, gülüşlə yazmaq qabiliyyəti olub.

– Düma aydındır. Bəs sonra…

– Sonra bədbinliyə qapılanda Volter Skotu, Puşkini, Lermantovu, Bəhməni, Səməd Vurğunu, Sucaəti oxuyuram.

– Kitabxananız var?

– Əlbəttə, var. Mənim dünyada ən böyük varlığım və qazancım kitabxanamdır.

– Çağdaş ədəbi prosesdən necə, xəbəriniz varmı?

– Hə, izləyirəm.

– Kimlər xoşunuza gəlir?

– Bayaq dedim. Vaqif Bayatlı, Ramiz Rövşən…

– Cavanlardan deyirəm.

– Cavanlardan 4-5 nəfər var. Hansı ki, gəlib otururlar, fikir mübadiləsi yürüdürük. Onlar mənə öz ideyalarını təqdim eləyirlər, mən onlara öz fikirlərimi bildirirəm. İki nəfər gənc Kəlbəcərli şair var, onlarla çox ünsiyyətdə oluram.

– Yəqin biri Kəlbəcərli şair Ələmdar Cabbarlıdır.

– Sonra Ağdamdan bir-iki yaxşı şairimiz vardı.

– Bəs niyə adlarını çəkmirsiniz?

– Onları utandırmaq istəmirəm.

– Niyə?

– Çünki indi məcbur olub tamadalıq eləyirlər.

– Yəqin, aşıqlarla da aranız sazdır.

– Əlbəttə… Aşıqlarla da tez-tez görüşürəm. Çox qəribədir ki, yaxınlarda təzə bir aşıq kəşf eləmişəm. Özü də Gəncəlidir. Görən kimi tutuldum. Azərbaycanda iki nəfər sazı solaxay çalıb. Biri Aşıq Ələsgərdir, bir də bu Gəncəli aşıqdır. Sonra şeirlərini oxudum, gördüm ki, dəryadır. Əfsuslar olsun ki, adamsızdır. Adamın yoxdursa, çətin məsələdir. Əgər bir şairə şərait yaratsaydılar, o gedib tamadalıq eləməzdi ki, özünü bu qədər alçaltmazdı ki…

– Tamadalıq eləmək özünü alçaltmaqdır ki?

– Yəni demək istəyirəm ki, öz işi ilə məşğul olardı. Gedir, içki məclisidir, biri çıxarıb pul verir, deyir, şeir de! Başa düşmürəm, şeir pulnan gəlir? Sücaətlə Bəhmən şeir deyəndə adamın içalatı yanırdı.

– İsgəndər bəy, deyirsiniz ki, bu qədər kitab oxumuşam, amma…

– Mən hər gün iki-üç saat kitab oxumasam, yata bilmərəm.

– Maraqlıdır, Daxili İşlər Naziri olanda da kitabla aranız yaxşı idi?

– Əlbəttə… Heç kitabı əlimdən yerə qoyurdum ki…

– Yəqin, o illərdə Əkrəm Əylislinin də əsərlərini oxuyurdunuz?

– Məndən ötrü Əkrəm Əylisli heç vaxt yazıçı olmayıb.

– Niyə?

– Çünki mən o adamı şəxsən tanıyıram. Və o adamın nə qədər şəxsiyyətsiz olduğunu da bilirəm.

– Axı Əkrəm Əylisli istedadlı bir insandır. Niyə bu qədər təhqir edirsiniz?

– Nə olsun ki… Heç kəs onun istedadını inkar etmir. İkincisi, o, mənim xalqımı təhqir eləyə bilir, mən ona “şəxsiyyətsiz” deyə bilmirəm?

– Yəqin, deyəcəksiniz ki, onun istedadı şərə xidmət eləyir.

– Əkrəm Əylisli Sovet dövründə yüz qram arağa və yüz qram kolbasaya kimi istəsən satardı. Gördü ki, Orxan Pamuk türk millətini pislədi və Nobel mükafatı aldı. Salman Rüştü Quranı pislədi, dünyayla bir oldu. Əkrəm Əylisli də bu yolu keçdi. Milləti, vətəni satdı.

– Sizcə, Əkrəm millətini nəyə satdı?

– Əkrəm bu milləti şöhrətə satdı. Yerəvanda Əkrəm Əylislinin adına küçə var. Bunu deyirəm. Ermənilər fransızlarla birləşib Əkrəm Əylisliyə Nobel mükafatı verdirəcəklər. Geci-tezi var. Amma min dənə Nobel mükafatındansa, küçədə bir ağbirçək qadının sənə “sağ ol” deməyi gözəldir. Əkrəm bunu seçmədi, o birisini seçdi. Mən bir türkəm və millətimi sevən bir insanam. Məsələn, Rüstəm Behrudi “Salam, dar ağacı” və “Bozqurd” şeirlərindən sonra heç nə yazmasa da, mənim üçün həmişə nəhəngdir.

– Cavan aktyorlarımız var: Elməddin, Fərda, Rafael, Coşqun… Onların tamaşalarından zövq ala bilirsiniz?

– Hərdən baxıram. Xoşuma gələni də var, gəlməyəni də var. Amma ağız, göz, qaş oynatmaqla adam güldürməyi qəbul eləmirəm. Halbuki Yaşar Nuri heç bir artıq hərəkət eləmirdi, amma üzünə baxan kimi adamı gülmək tuturdu. Mən Avropalı deyiləm, Asiyalı da deyiləm.

– Asiyalı da deyilsiniz, bəs nəsiniz?

– Yenə deyirəm, mən türkəm və bir kişinin arvad paltarı geyinib rol aparmağını təsəvvür eləyə bilmirəm və eləmək də istəmirəm.

– Lap güldürsə belə…

– Bəli… Lap güldürsə belə, qəbul eləmək istəmirəm.

– Axı ilk dəfə Leyli rolunu da kişi oynayıb: Ağdamski.

– Düzdür. Amma o vaxtı qadınlardan oxuyan olmayıb. Heç kəs qadınını səhnəyə buraxmayıb. O bir Ağdamkiydi, gəldi və getdi.

– Görəsən, İsgəndər Həmidov Murad Köhnəqalanın şeirlərini də oxuyub?

– Hə, oxumuşam.

– Maraqlı gəlib?

– Maraqlısı da var, maraqsızı da var. Mübahisəlisi də var. Amma Murad Köhnəqalanın özünəməxsus yazı üslubu var. Düzdür, özü ilə şəxsi tanışlığım yoxdur, amma deyim ki, onun şeirlərində özünəvurğunluq da hiss edirəm.

– Murad Köhnəqala da bizim dəli-dolu, vurub-tutan, döyən şairlərimizdəndir, yəqin, bilirsiniz…

– Bilirəm.

– Düzü, heç bilməzdim ki, ədəbiyyatdan bu qədər məlumatınız var.

– Qəribədir, hamı elə bilir ki, mənim nə incəsənətdən xəbərim var, nə ədəbiyyatdan xəbərim var. Mən də normal insanam. Mənim də ürəyim var, mənim də ürəyim qanla işləyir.

– Əlbəttə…

– Bir dəfə bir şəhid anası yaxamdan tutub üzümə tüpürdü. Dedi ki, niyə sən ölməmisən, mənim oğlum ölüb?

– Həmin məqamda nə hiss keçidiniz?

– Sevindim.

– Niyə?

– Sevindim ki, bu millətin müqaviməti var. Düzdü, sonra o şəhid anası gəlib mənim üzümdən öpdü. Dedi, mən bilmədim sən İsgəndərsən.

– İsgəndər bəy, görəsən, siz Daxili İşlər Naziri olanda da belə sadə və səmimi idiniz?

– Kəramət, mənim həmişə bir sifətim olub. Yəqin, o vaxtlar sən balaca uşaq olardın. Amma inan ki, həmişə indi gördüyüm kimi olmuşam.

COMMENTS