İŞİD BTC-yə təhlükə yarada bilər?

İlham İsmayıl: “Orada vuruşan bəzi azərbaycanlılar SOCAR-ı hədəf götürə bilər ki, ondan pul qoparsınlar”

 

Xəbər verildiyi kimi, Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıb. İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıb. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə mətbuata açıqlamasında bildirib ki, bu məlumat həqiqətə uyğun deyil: “ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur”.

İŞİD-in fəaliyyətini hələ də genişləndirməkdə davam etməsi isə bu qurumun daha ciddi təhlükə mənbəyinə çevrilməsi ilə müşayiət olunmaqdadır. Əsas təhlükə isə yenə dünyanın müxtəlif bölgələrindən İŞİD sıralarına qoşulanların sayının artmasıdır. Bu sırada yenə Şimali Qafqaz əsas yerlərdən birini tutmağa başlayır. Eyni zamanda bir sıra MDB ölkələrindən də İŞİD sıralarına qoşulanların sayında artım var. Bu isə ekspertlərin İŞİD təhlükəsinin getdikcə böyüməsi barədə narahatlıqlarını dilə gətirməsinə səbəb olub. İŞİD döyüşçülərinin regiondakı bütün neft yataqlarını, neft kəmərlərini, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəmərini hədəfə alacaqları barədə bəyanatları isə narahatlıqları bir qədər də artırıb.

Bu mövzuda danışan sabiq MTN polkovniki İlham İsmayıl isə bildirdi ki, İŞİD-in əslində əsas məqsədi neft ələ keçirib satmaq olsa da, Bakı-Tiflis -Ceyhana təhlükə yarada bilməz: “İŞİD-in fəaliyyətinə diqqət yetirsəniz, Suriyanın Dakka şəhərindən tutmuş Mosula qədər tutduqları yerlərdə əsas məqsədləri neft yataqlarını, neftayırma zavodlarını ələ keçirib pul əldə eləməkdir, nəinki İslam dövləti qurmaq. Dakka şəhəri yaxınlığında bu terror təşkilatı iki neft yatağını və neftayırma zavodunu tutmuşdu. Həmin yataqları Suriya rejiminin özünə satdı. Əgər bu gün Suriya 300 min barel neft çıxarırsa, İŞİD 30 min barel neft çıxarır. İŞİD həmin nefti ucuz qiymətə Suriya rejiminin özünə və Türkiyəyə satır. Ola bilsin ki, İŞİD-də vuruşan bəzi azərbaycanlılar bu neft taktikasından ruhlanıb SOCAR-ı hədəf götürə bilərlər ki, onun adını hallandırıb pul qoparsınlar. Məncə, bu cür bəsit düşüncələrə oradakı hansısa azərbaycanlılar düşə bilər”.

Sabiq MTN zabiti vurğuladı ki, İŞİD-də olan kimlərinsə SOCAR-ı, Bakı-Tiflis-Ceyhan neft kəmərini hədələmələri isə xüsusilə mənasızdır: “BTC xətti təkcə Azərbaycana məxsus olsaydı, bəlkə də İŞİD hansısa təhlükə törədə bilərdi. Bu, beynəlxalq kəmərdir və onun böyük sahibləri var. Həmin sahiblər də dünyanın sahibləridirlər. Ona görə də İŞİD-in hər hansı bir addım atması, hədələrini reallığa çevirməsi asan məsələ deyil. BTC çox yaxşı qorunur, çox ciddi təhlükəsizlik tədbirləri altındadır. Təbii ki, region ətrafında məlum hadisələrin getdiyi bir vaxtda daha da ciddi rejimdə qorunur. İndiyə qədər olan mövcud mühafizə işinin öhdəsindən gəlib, bundan sonra da öhdəsindən gələsidir”.

İ.İsmayıl qeyd etdi ki, coğrafi nöqteyi-nəzərdən də İŞİD-in hansısa ölkələrdən keçib gəlib BTC-ni partlatması çox çətin, mümkün olmayan bir işdir.

COMMENTS