İŞİD İraqda neft yataqlarını nəzarətdə saxlayır

Beynəlxalq Enerji Agentliyi (İEA) dünyanın neft bazarında son duruma dair hesabatı açıqlayıb.

 

Hesabata əsasən, İŞİD terrorçuları İraqda gündə 80 min barel neft hasil etməyə qabil 7 yatağı öz nəzarətlərinə götürüblər. Gündəlik 80 min barel xam neftin bazar qiyməti 8,24 milyon dollar edir. İŞİD həmin yataqlarda hasilata başlamış olsa, terrorçuların təkcə bu neft yataqlarından əldə edəcəkləri aylıq gəlir 250 milyon dolları ötəcək. Hesabata əsasən, İŞİD hazırda bu yataqlardan hasil olunan neftdən öz ehtiyaclarını ödəmək və qaçaqmal yolu ilə satış həyata keçirmək üçün istifadə edir.

Qeyd edək ki, İŞİD terrorçularının Şimali İraqda ölkənin əsas neft yataqlarını nəzarətə götürməsi bu ölkədə neft hasilatının 50 faiz aşağı düşməsinə səbəb olub. Əvvəllər İraqda gündəlik 400 min barel neft hasil olunurdusa, hazırda bu rəqəm 200 minə enib. Hasilatın aşağı düşməsində Beyci neft emalı zavodunun terrorçuların əlinə keçməsi də mühüm rol oynayıb. İraq hazırda hasil etdiyi nefti Şimali İraqdan Türkiyəyə çəkilən yeni neft kəməri ilə ixrac edir.
Xatırladaq ki, İŞİD Suriyanın Deyruz Zor bölgəsində mühüm neft yataqlarını öz nəzarətində saxlayır. Terrorçular İraq və Suriyada neft və su ehtiyatlarını, enerji infrastrukturunu ələ keçirərək güclənmək strategiyasını həyata keçirir.

COMMENTS