İŞİD-ə qoşulan azərbaycanlıların uşaqları İraqdan Azərbaycana gətirildi

İŞİD-ə qoşulan azərbaycanlıların uşaqları İraqdan Azərbaycana gətirildi

Bu gün oktyabrın 28-də İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata əsasən həmin uşaqların ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, əvvəlcə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib.İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib. Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Məlumatda bildirilir ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.

“Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”, – məlumatda bildirilir.

Qeyd edək ki, həmin uşaqlar İŞİD-ə və digər radikal terrorçu qruplara qoşulmaq üçün vaxtilə İraq və Suriyaya getmiş Azərbaycan vətəndaşlarının ailələrində dünyaya gəlib. Bu uşaqların bir çoxu öz valideyinləri ilə birlikdə “xilafətdə” yaşamaq üçün aparılıblar, bir çoxu isə Azərbaycan vətəndaşlarının həmin ölkələrdə qurduqları dini evliliklərdən dünyaya gəliblər. İraq ordusu ölkənin bir hissəsini İŞİD-dən azad etdikdən sonra azərbaycanlılar da daxil olmaqla xarici ölkə vətəndaşları olan qadın və uşaqları xüsusi düşərgələrdə yerləşdirmişdi.

DOSYE.ORG

COMMENTS