Azərbaycandan İŞİD terrorçularına qoşulan kimlərdir?

Ölkənin şimal və şimal-qərb zonasından daha çox radikal təriqət üzvləri Suriya döyüşlərində iştiraka gedir; İlham İsmayıl: “Rusiya faktoruna görə bu zonada həmişə fəallıq olub”

 

Suriya və İraq torpaqlarında döyüşən azərbaycanlıların ölüm xəbərlərinin ardı-arası kəsilmir. “İslam Dövləti” terror təşkilatına qoşulan həmyerlilərimizin sayı dəqiq bilinmir. Suriyadakı “Qafqaz ordusu”nda azərbaycanlıların sayca az olmadığı göz qabağındadır. Lakin diqqət çəkən məqam “cihad”a qoşulanların əsasən şimal və şimal-qərb bölgələrindən olmasıdır. Ölkənin qərb, cənub zonalarından İŞİD, Əl-Nusra terrorçularına qoşulan demək olar ki, yoxdur. Aran bölgəsində isə Salyan, Neftçala və Şirvandan döyüşməyə gedənlər olub. Ancaq Suriyada döyüşən azərbaycanlıların çox hissəsi şimal bölgəsi rayonlarından olanlardır.

 

Qeyri-rəsmi məlumatlara görə, təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb. Xaçmaz rayonundan son dövrdə təxminən 30-a yaxın sakin döyüşmək üçün gedib. Ümumiyyətlə, Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu bildirilir.
Gedənlər arasında ailəvi azərbaycanlıların daha çox üstünlük təşkil etdiyi bildirilir. Eyni zamanda, Quba, Qusar, Zaqatala-Balakən, İsmayıllıdan İŞİD-ə qatılanlar olub. Elə son olaraq İsmayıllıda güləş üzrə ölkə çempionu Rəşad Baxşəliyevin adını çəkmək mümkündür. Onun döyüşlərdə öldürüldüyü xəbəri yayılıb.

 

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl hesab edir ki, şimal zonasından Suriyaya gedənlərin çox olmasının səbəbi var. Sabiq polkovnikin sözlərinə görə, Rusiyanın Şimali Qafqazda hər zamanda ərəb ölkələrindən gələn terror aktlarına, milli azadlıq hərəkatı adlanan hadisələrə təsiri olub: “Eyni zamanda, Azərbaycan tranzit ölkə kimi istifadə olunub. Bu gün də əsasən Zaqatala, Qusar və digər bölgələrdən daha çox radikal təriqətlərə qoşulanlar var. Ancaq təkcə şimal zonasını hesab etmək olmaz. Bakı, Sumqayıt və başqa şəhərlərdən də İŞİD qruplaşmalarına qatılanlar var. Sadəcə, Rusiya faktoruna görə həmişə şimal zonasından daha çox fəallıq olub”.
İ.İsmayılın fikrincə, Yaxın Şərqdə döyüşlərdə iştirak edib geri qayıdan azərbaycanlıları potensial terrorçulardır: “Onların arasında qayıdanlar da var. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi əməliyyat keçirdi və şübhəli şəxs qismində 26 nəfəri həbs etdi. Radikal qruplar bizim üçün o zaman təhlükəli olardı ki, nəzarətsiz buraxılardılar. Azərbaycanda nəzarət var və nümunələrinin şahidiyik”.

 

Ekspert Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müşavirədə radikalizmlə bağlı narahatlıqların dilə gətirilməsini təbii hal sayır: “Əgər söhbət radikallıqdan gedirsə, narahat olmağa əsas var. Yaxşı haldır ki, dini komitə də, QMİ də narahatlıqlarını bildirirlər. Deməli, nəzarət var. Çünki hər iki qurumun üzərinə məsuliyyət düşür. İlk növbədə dini maarifçilik olmalıdır”.
Müsahibimiz Azərbaycan tərəfinin radikal qrupların güclənməsində hansı boşluqlar buraxdığını açıqladı: “Əslində radikalizmin güclənməsi Azərbaycanın yox, bəşəriyyətin problemidir. Azərbaycan da xəritədə müsəlman ölkəsidir. İdeoloji cəhətdən hazırlanmış adamlarla mübarizə çətin olur. Ən inkişaf etmiş müsəlman ölkələrində belə bu problemlər meydana gəlir. Azərbaycan tərəfinin buraxdığı boşluq onda olub ki, dini maarifçiliyin səviyyəsi aşağıdır. Yəni radikalizm iqtisadi problemlərdən doğmayıb. Ancaq bu boşluqlar maariflənmə ilə doldurula bilər, kompleks proqramla problem aradan qaldırıla bilər”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə axar.az-a deyib ki, Azərbaycanda vəziyyət başqadır: “Nə Rusiya dövlət səviyyəsində, nə də Şimali Qafqazda yaranmış problem təbii yolla ölkədə çaxnaşma yarada bilməz. Birincisi, inanmıram ki, Rusiya Azərbaycanda din faktorundan istifadə etsin. Çünki bu, Rusiya üçün bumeranq effekt göstərə bilər.
İkincisi isə Azərbaycanda vəziyyətin nəzarət altında olmasıdır. Dini radikalizm çərçivəsində nəzarət çox güclüdür. Buna görə də yaxın zamanlarda Suriya hadisələrini Azərbaycanda yox, Şimali Qafqazda görə bilərik».
Musavat.com

COMMENTS