Qruplaşmanın yaponlara rəhm etməməsinin özəl səbəbi varmı?..
İŞİD terror təşkilatı ikinci yapon girovu Kendzi Qotonun da başını kəsib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq videoyazı artıq terrorçular tərəfindən sosial şəbəkədə yerləşdirilib.
Xatırladaq ki, ötən həftə İŞİD buraxılması üçün 200 milyon dollar tələb elədikləri başqa bir yapon girovu edam etmişdi. Az sonra onlar şərti dəyişdilər və ikinci yaponun buraxılması üçün Yaponiya hökumətinə İordaniya ilə anlaşıb, həbsdə saxlanılan terrorçu qadın Sacida ər-Rişavinin azad edilməsi tələbini irəli sürdülər.
Qeyd edək ki, terror qruplaşması İraq və Suriya vətəndaşlarını bir qayda olaraq edam etsə də, bir çox hallarda əcnəbiləri pul qarşılığında azad edir. Ötən il yayılan BMT hesabatına əsasən, son illərdə məhz terrorçu qruplar bu cür girov qarşılığında pul almaqla 125 milyon dollardan çox vəsait əldə ediblər. Ancaq İŞİD bu dəfə yaponlar üçün fantastik məbləğ tələb etmişdi. Yaponiya isə buna qarşılıq terror təşkilatı ilə bazarlığa getməyəcəyini bəyan etsə də, müxtəlif ölkələr, o cümlədən Türkiyə vasitəsi ilə girovun azad edilməsi istiqamətində danışıqlar aparırdı.
Yeri gəlmişkən, Türkiyənin İŞİD-in əlində olan girovların azad edilməsi ilə bağlı təcrübəsi var. Belə ki ötən il iyunun 10-da İŞİD İraqın Mosul şəhərini ələ keçirərkən Türkiyənin bu şəhərdə yerləşən baş konsulluğunu da işğal edərək 49 nəfər konsulluq əməkdaşını girov götürmüşdü. Uzun sürən danışıqlardan sonra sentyabrda konsulluqda girovluqda olan 49 nəfər baş konsulla birlikdə Türkiyəyə təhvil verildi. Əvvəlcə Türkiyə hökuməti girov diplomatların keçirilən əməliyyat nəticəsində azad edildiyini bəyan etsə də, sonradan yerli və xarici mətbuatda Ankaranın girovları dəyişdirdiyini yazdı.
Məsələn, “Hüriyyet” qəzeti İŞİD-in girovlara qarşılıq olaraq 50 İŞİD-çini qaytarıldığı haqda xəbər yaydı. Xəbərdə bildirilirdi ki, Suriyada islamçı üsyançıların “Tövhid” briqadasının əlində girovluqda olan İŞİD-in komandirlərindən olan Hacı Bəkirin həyat yoldaşı və uşaqlarının da içərisində olduğu 50 İŞİD-çi Türkiyənin Mosul konsulluğunun əməkdaşlarına əvəz olaraq qaytarılıb.
“Tövhid briqadası” Suriyada ən güclü qruplaşmalardan biridir və “Müsəlman Qardaşlar” Hərəkatına bağlıdır. Məqalədə aparılan danışıqların nəticəsi olaraq “Tövhid briqadası”na əlindəki əsirləri azad etməsi razılaşdırılıb. Beləliklə də Mosul konsulluğunun 49 əməkdaşı Türkiyənin Akçakale sərhəd-keçid məntəqəsindən keçərək ölkəyə daxil olduğu anlarda Suriyanın Hələb şəhəri yaxınlığında “Tövhid briqadası” 50 girovu İŞİD-ə təhvil verib.
Britaniyanın “Times” qəzeti isə 49 konsulluq əməkdaşına qarşılıq olaraq 180 nəfər İŞİD üzvünün azad edildiyini yazmışdı. Hansı ki, azad edilən İŞİD-çilərdən bir neçəsi Britaniya vətəndaşı olub. Xəbərdə azad edilən Britaniya vətəndaşı İŞİD-çilərin 18 yaşlı Şahbaz Süleyman və 26 yaşlı Hişam Folkard olduğu və onlar barəsində İngiltərə kəşfiyyatının cinayət işi açdığı qeyd edilir. Ancaq azad edilən 180 nəfər arasında digər Qərb ölkələrindən də İŞİD üzvlərinin olduğu bildirilirdi. Belə ki, siyahıda 3 Fransa, 2 İsveç, 2 Makedoniya, 1 İsveçrə və 1 nəfər Belçika vətəndaşı da olub.
Xəbərlərdə qeyd olunur ki, Türkiyə hökuməti İŞİD üzvləri ilə konsulluq əməkdaşlarını dəyişdirmək üçün vasitəçi olaraq yerli qəbilələr və silahlı terror təşkilatları ilə əməkdaşlıq edib. Türkiyə hakimiyyəti isə bu iddiaları cavablandırmır, prezident Ərdoğan bildirib ki, mühüm olan Türkiyə vətəndaşlarının sərbəst şəkildə ölkələrinə geri qaytarılmalarıdır. Eyni zamanda Ankara bu hadisəni “diplomatiyanın qələbəsi” adlandırıb.
Görünən odur ki, İŞİD yapon girovları daha çox diqqət çəkmək üçün edam etməyə qərar verib. Çünki tələb olunan məbləğ xeyli dərəcədə böyük idi və onun verilməsi mümkün deyildi. Yeri gəlmişkən, ötən ilin yayında İŞİD bir neçə amerikalı girovu heç bir qarşılıq tələb etmədən edam edib. Ancaq bir qədər əvvəl İtaliyadan olan iki girov qadın azad edilib. Müşahidəçilərə görə, qruplaşma bununla da daha çox diqqətləri üzərinə çəkmək, qəddar obrazını və Amerika ilə danışıqlara getmədiyi görüntüsünü yaratmağa çalışır.
Musavat.com
COMMENTS