İŞİD-in hədəfi Rusiyadır

“İŞİD” döyüşçüləri Suriyada olan rusları və ukraynalıları özlərinin “qəniməti” hesab edirlər. Analitik.az-ın xəbərinə görə, bu barədə Rusiya Ali Məhkəməsinin icraatında olan işin materiallarında məlumat verilir.

Belə ki, 2014-cü ilin dekabrında RF Ali Məhkəməsində olan iş materialında bildirilir ki, İŞİD-in şimal cəbhəsinin komandanı Gürcüstan əsilli Tarxan Batiraşvilinin rəhbərliyi altında “Xattabın Briqadaları” döyüşür. Bu briqada Şimali Qafqazdan olan, vaxtilə Şamil Basayevin və Cövhər Dudayevin briqadalarında olmuş şəxslərdən təşkil olunub. Həmçinin, “Abu Hanifa camaatı” adlanan “türk camaatlığı”ndan olanlar da bu briqadanın tərkibindədir.

Məhkəmə sənədlərinə görə, İŞİD döyüşçüləri Suriyada yerləşən Rusiya və Ukrayna vətəndaşlarını, bu ölkələrə aid obyektləri, səfirlikləri özlərinə “hədəf” seçiblər. İŞİD liderləri, həmçinin, Rusiya Federasiyasının ərazilərini də öz məqsədləri üçün işğal etmək niyyətindədir.

Məhkəmə materiallarında o da göstərilir ki, İŞİD-ə qoşulma, bu qruplaşmalara cəlb etmə, qanunsuz dəstələrin formalaşmasında iştirak və s. bu kimi əməllərin aşkarlandığı faktlar üzrə 2014-cü ildə RF Cinayət Məcəlləsinin 205, 208-ci maddələri üzrə 58 cinayət işi açılıb, istintaq aparılır.
2014-cü ilin dekabrında Rusiya Ali Məhkəməsinin qərarı ilə “İslam dövləti” (İŞİD) və “Əl-Nusra Cəbhəsi” beynəlxalq terrorçu təşkilat kimi tanınaraq ölkə ərazisində onların hər hansı fəaliyyəti qadağan edilib. Bu barədə Rusiya Federasiyasının Baş Prokurorluğu Ali Məhkəməyə təqdimat verib.

COMMENTS