İŞİD-in yaradılmasında Barak Obama günahkardır?

Elxan Şahinoğlu: “Barak Obama qoşunları İraqdan çıxararkən, əslində, İŞİD üçün çox münbit bir şərait yaratdı”

Amerikalıların təxminən 90 faizi ABŞ prezidenti Barak Obamanın və dövlət başçısı vəzifəsinə demokratlardan olan namizəd Hillari Klintonun xəyanətə görə həbsi ideyasını dəstəkləyir.

ABŞ-ın “RedStateWatcher” portalının “Əgər Tramp  Hillari və Obamanın xəyanətə görə həbsinə çağırış etsəydi, onu dəstəkləyərdizmi” sualı ilə keçirdiyi sorğuya, respondentlərin 11 faizi “yox” cavabını verib, qalan 89 faiz isə onların həbsinə səs verib.

Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçılardan olan namizəd milyarder Donald Tramp B.Obama və H.Klintonu İŞİD-i yaratmaqda ittiham etmişdi. Sorğunun nəticəsindən isə bəlli olub ki, ABŞ vətəndaşları da Trampın fikrini dəstəkləyirlər.

B.Obama və Hillari Klintonin siyasi fəaliyyəti ilə İŞİD-in yaradılması arasındakı birbaşa və dolayı əlaqələrə, eləcə də ABŞ cəmiyyətində mövcud olan ictimai fikrin səbəblərinə gəlincə, bunu musavat.com-a politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh etdi.

Politoloq bildirdi ki, son zamanlar Donald Trampın reytinqi müəyyən qədər artıb və o, bu məqamdan istifadə edərək, demokratların namizədinin və indiki prezidentin zəif nöqtələrini vurur: “Əslində Barak Obama prezident seçilərkən onun şüarı qoşunların İraqdan çıxarılması idi. Bu, diqqəti cəlb edən şüar idi və çoxlarının dəstəyini qazandı. Ancaq Tramp bir məsələdə haqlıdır ki, ABŞ qoşunlarını çıxartdıqdan sonra orada bir boşluq yarandı. Bu boşluqdan isə yeni yaranan İŞİD terror qruplaşması istifadə etdi, həmin ərazilərdən çox böyük silah və hərbi sursat ələ keçirtdi. Yəni, Tramp ona işarə vurur ki, B.Obama qoşunları çıxararkən əslində İŞİD üçün çox münbit bir şərait yaratdı. Amma İŞİD-in məhz B.Obamanın günahı ucbatından yaradılmasını demək ədalətsizlik olardı. Çünki, o zaman gərək biz ondan əvvəlki Buş hakimiyyətini də günahlandıraq. Çünki, C.Buş 2003-cü ildə İraqa müdaxilə edib, Səddam Hüseyni devirməsəydi, bilmək olmazdı ki, hadisələr necə inkişaf edərdi. Bəlkə də heç İŞİD də olmazdı. Çünki, İŞİD dağılan İraq ərazilərində yarandı. İŞİD-in yaradıcıları keçmiş İraq vətəndaşlarıdır. Yəni, C.Buşun müdaxiləsi olmasaydı və İraqda xaos yaranmasaydı, yüzminlərlə insan qırılmasaydı, bəlkə də İŞİD də yaranmazdı. Burada əslində Tramp Obamadan öncə Buşu günahlandırmalı idi, ancaq bunu etməz. Çünki, Buş onun öz partiyasından olan bir siyasətçidir. Ancaq Obamanı tənqid etmək asandır”.

E.Şahinoğlu bildirdi ki, bir siyasətçi kimi Hillari Klintonun da zəif nöqtələri, nöqsanları var: “Birincisi, Rusiya ilə münasibətlər idi ki, bu ölkə ilə münasubətləri normallaşdırmağa çalışarkən bunun tam əksi baş verdi. Rusiya daha da azğınlaşdı, yeni ərazilərə hücum etdi, Gürcüstanı və Ukraynanı parçaladı. İndi isə Suriyada mövqelərini gücləndirməyə çalışır. Hillari Klintonun ən böyük günahlarından biri də Liviyadakı ABŞ səfirinin öldürülməsinə olan biganəlik idi ki, bunu da ABŞ siyasi dairələri və cəmiyyəti tənqid edir. Çünki, həmin dairələrin fikrincə, Hillari Klinton o zaman məsələyə diqqət ayırmadı. Bu zəif nöqtələri bilən Trmp məhz bu baxımdan hər iki şəxsi tənqid edir”.

Bütün deyilənləri nəzərə alaraq, politoloq Trampın artıq real namizəd olduğunu vurğuladı: “Tramp reytinqlərlə hesablaşan bir siyasətçidir. Respublikaçılar Partiyasında gedən debat zamanı Buşun qardaşı da o debata qatılmışdı və o, nəsə deyəndə, Tramp onu bir sözlə susdurdu ki, “Sən sus, sənin reytinqin heç 4 faiz də deyil”. O isə heç bir cavab verə bilmədi. Qeyd etdiyimiz kimi, cəmiyyət İŞİD-in yaradılmasının günahını B.Obama və Hillari Klintonda görür. Tramp bundan da istifadə edərək, hədəfləri onların üzərində cəmləyir.

Bütün bunlar onu deməyə əsas verir ki, Tramp real namizədlərdən birinə çevrilir. Cəmisi 5-6 ay öncə Trampın bu cür yüksək sıçrayışını düşünmək çətin idi. Çünki, o, ekstravaqant siyasətçi idi, heç Konqresdə də təmsil olunmayıb. Əgər demokratların ən güclü namizədi Hillari Klinton olsa, biz onunla Tramp arasında çox güclü debatların şahidi olacağıq”.

COMMENTS