İŞİD İslam deyil?

İslam adına zorakılığı təbliğ edən cərəyanların yayılmasının arxasındakı səbəblər

 
İŞİD-in bu qədər sürətlə böyüməsi, güc qazanması, faktiki olaraq bir neçə böyük dövlətlə savaşaraq qələbə əldə etməsinin arxasında ciddi amillər var. Bu, sadəcə bir qrup fanatikin toparlanıb silahlı qrup yaratması və ya çılğın ərəb şahzadələrinin maliyyəsi ilə yaradılan terror qrupunun imkanları deyil. 
 
İŞİD-i Qətər dövlətinin (başqa dövlətlərin də adları hallanır –K.R) yaratması, yəni sırf siyasi layihə olması iddiaları da ciddi qəbul oluna bilməz. Məlum olduğu kimi bu cür qruplaşmalara qoşulan insanlar daha sonra ortalama 3-5 il yaşayır, bu insanların çox hissəsi ölümü gözə alır, “şəhadət” ideyası uğurunda canlarından keçir. Bu da bir daha təsdiqləyir ki, hər nə qədər marginal qrup, terror təşkilatı adlandırılsa da, İŞİD-in arxasında ona güc verən ideya var. Məhz bu ideyadır ki, təkcə son bir ayda bu təşkilata 6 min nəfər üzv qoşulub. Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə iyul ayında qruplaşmaya Suriya ərazisində 6-7 min nəfər arasında yeni insan qoşulub. 
 
Artıq İŞİD Səudiyyə Ərəbistanı müftilərini də narahat etməyə başlayıb. Ölkənin baş müftisi Əbdüləziz əl-Şeyx bəyanat verərək İŞİD-in “xarici” cərəyana mənsub olduğunu bildirib. Şeyx bildirib ki, bölücülük və terrorun yer üzündə əsas qurbanları müsəlmanlardır. “Xaricilər İslam dinindən deyil. Müsəlmanları günahkar bilən bu insanlar müsəlmanların qan və mallarını halal elan edən xaricilərin davamçılarıdır” – deyə Şeyx bildirib. 
 
Qeyd edək ki, xaricilik Hicrətin 40-cı illərində ortaya çıxmış, təkfirçi görüşlü insanların cərəyanıdır. İmam Əliyə (ə) və İslam hakimiyyətinə qarşı çıxan bu qrup “hakimiyyət Allaha məxsusdur” ideyasını bayraq edərək qanuni İslam hakimiyyətinə qarşı çıxıb və müsəlmanlar arasında böyük fitnə-fəsada səbəb olublar. 
 
Deməli ortada İslamın yanlış anlaşılması və ya izahatından söhbət gedir. Tarixin hansısa mərhələsində İslam dininin göstərişləri bir sıra ölkələrdə müsəlmanlara səhv təqdim olunub. Bu zaman isə İslamın iki əsas mənbəyində təhriflər olub. İslam alimlərinə görə, müəyyən dövrlərdə maraqlı şəxslər və ya siyasi cərəyanlar din adından etdikləri təhriflər vasitəsilə öz maraqlarını reallaşdırmağa çalışıblar. Məlum olduğu kimi İslam dinində əsas hökmlər toplusu Quran və sünnə, yəni Məhəmməd Peyğəmbərin (s.ə.s) söylədikləri (hədis), etdikləri (sirə) və baş verməsinə razı olduğu işlərdir. Bütün müsəlmanların etiqadına əsasən Quran-Kərim təhrif olunmayıb və müqəddəs kitabın özündə də qeyd edildiyi kimi, Qiyamətə qədər insanlar onu təhrif edə bilməyəcək. 
 
Deməli İslamla bağlı üzə çıxan dinə zidd fəaliyyətləri yalnız Quranın təfsirində baş verən yanlış yozumlar və eləcə də Məhəmməd (s.ə.s) adından yayılan hədislərdə axtarmaq lazımdır. Bu gün İslam alimləri sübut edir ki, tarixin müəyyən mərhələlərində təhrif olunmuş, saxta hədislər ortaya çıxıb. Nə qədər qəribə də olsa İslam dini ilə bağlı mübahisəli, qalmaqallı, bir çox hallarda zorakılığa, qətlə əsas verənlər məhz bu cür saxta olduğu sübuta yetirilən hədislərdir. Təcrübə göstərir ki, siyasiləşmiş İslam cərəyanları bir çox hallarda məhz bu kimi hədislərə istinad edərək öz zorakılıqlarına, cinayətlərinə haqq qazandırır, əsas tapırlar. 
 
Bu məsələdə İŞİD və onun kimi qruplaşmaların əsas silahı heç şübhəsiz ki, təkfirçilikdir. Təkfir, yəni bir nəfərin kafir olduğunu elan etməkdir. Radikal islamçılar məhz digər insanları, xüsusən də müsəlmanları təkfir edərək rahat şəkildə ölümünə fərman verirlər. Çünki onların inanclarına görə, kafir elan etdikləri insanları qətlə yetirmək olar. Halbuki Allah Quran-Kərimin Nisa surəsinin 94-cü ayəsində təkfir etməyi qadağan edir: “Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!”.
 
Bu mövzuda ən bariz nümunələrdən biri də Məhəmməd peyğəmbərin (s.ə.s) hədisidir. Allah elçisi müsəlmanlara faktiki olaraq başqalarını təkfir etməyi qadağan edir: “Kim bir qardaşına “ey kafir!” deyərsə ikisindən biri ona düçar olar”. 
 
Ancaq təkfirçi-radikallar məhz dəqiq olmayan, səhihliyi şübhə doğuran mənbələrə istinad etməklə bu gün Yaxın Şərqdə qanlar tökür, günahsız insanları qətlə yetirir, qadınları qul kimi satır. Deməli əslində problemin kökündə dinin yanlış anlaşılması və ya yozulması dayanır. Bunun qarşısını almaq üçünsə əsas vəzifə həqiqi İslam dəyərlərini bilən vicdanlı müsəlman alimlərinin üzərinə düşür. İslam mənbələrini saxta, sonradan dinə pərçim edilmiş mətnlərdən təmizləyib, islamı olduğu kimi insanlara çatdırmaq, dinin mahiyyətindən uzaq, daha çox qəddarlığı, qətl və zorakılığı təbliğ edən çağırışların İslam dininə aidiyyəti olmadığını isbat etməkdir. Yoxsa, bu gün İŞİD adı ilə, sabah bir başqa adlarla çoxlu sayda qruplar ortaya çıxmaqda davam edəcək. 

 

COMMENTS