İŞİD Kobanidə dinc sakinləri mühasirəyə aldı

“İŞİD” qüvvələrinin ələ keçirməyə çalışdığı Suriyanın Kobani şəhərinin mərkəzində 700-dək dinc sakin mühasirədə qalıb.

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

“Yüzlərlə Kobani sakini şəhərin mərkəzini tərk edə bilmir. Onlar, təxminən, 700 nəfərdir. Onların böyük əksəriyyəti qocalardır. Bundan başqa Kobani yaxınlığında Suriya-Türkiyə sərhədində 10-12 min sakin cəmləşib. Onların əksəriyyəti “İŞİD”-in hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşir”, deyə Fərhan Hak bildirib.

Qeyd edək ki, “İŞİD” bir aya yaxındır ki Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Kobani şəhərini ələ keçirməyə cəhd edir. Terrorçular şəhərin bir neçə məhəlləsini və yaşayış məntəqəsinin üzərindəki strateji yüksəkliyi nəzarətə alıb.

ABŞ təyyarələrinin “İŞİD” mövqelərinə zərbə endirməsinə baxmayaraq, terrorçular xeyli irəliləməyə müvəffəq olublar.

Qeyd edək ki, “İŞİD” bir müddət əvvəl Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib. APA-nın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, “İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib. Qızğın döyüş zamanı, kürd özünümüdafiə qüvvələri “İŞİD”-in həmləsini dəf edərək, düşməni təhlükəsiz məsafəyə çəkilməyə məcbur edib.

COMMENTS