Amerikalılar durumun ağır olduğunu deyir, kürdlər kömək tələb edir, qruplaşma Ənbar vilayətini də ələ keçirməyə hazırlaşır…
Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhəri uğrunda İŞİD və kürd yaraqlıları arasında döyüşlər 1 aya yaxındır davam edir. Şənbə günü İŞİD qüvvələri hücumları intensivləşdirərək Kobanidə PYD-nin bir neçə binasını, o cümlədən polis mərkəzini ələ keçirib. Hazırda şəhərin bir neçə istiqamətində İŞİD-çilərlə kürdlər arasında döyüşlər davam edir.
Kobani əyalətinin rəhbəri Ənvər Müslim BBC-nin türk xidmətinə açıqlamasında hazırda şəhərin 30 faizinin İŞİD-in nəzarətində olduğunu deyib. Kürd nümayəndəsi hazırda İŞİD-in Türkiyə ilə sərhəd qapısı olan Mürşidpınara ardıcıl hücumlar etdiyini qeyd edib. Kobanidə hazırda nə qədər mülki əhalinin qalması mövzusu son günlər geniş müzakirə olunur. Ə.Müslim hazırda bununla bağlı dəqiq rəqəm deyə bilmədiklərini, ancaq Kobanidə minlərlə mülki insanın qaldığını deyib.
Qeyd edək ki, daha əvvəl İŞİD yaralılarının müalicə üçün Türkiyə xəstəxanalarına aparıldığı haqda xəbərlər yayılmışdı. İndi isə Kobanidə savaşan yaralı kürd döyüşçülərinin Türkiyəyə aparılıb burda müalicə edildiyi haqda xəbərlər yayılıb. “əl-Cəzirə”nin məlumatına görə, sentyabrın 19-dan oktyabrın 11-dək olan dövrdə Kobanidən Türkiyəyə 554 yaralı kürd döyüşçüsü aparılıb. Bəzi günlərdə hətta 20-30 yaralının Türkiyəyə aparıldığı iddia olunsa da, ölənlər haqda məlumatlar verilmir. Ancaq gələn məlumatlarda Kobani ilə üzbəüz Türkiyə tərəfdə yerləşən Suruç qəsəbəsinin girişində Kobanidə ölənlər üçün yeni qəbiristanlıq yeri ayrılıb. Son günlərdə bu qəbiristanlıqda 21 YPG döyüşçüsü dəfn edilib.
Bu arada məlum olub ki, İŞİD yaraqlıları İraqda da hücumlarını intensivləşdiriblər. İraqın Ənbar vilayətinin mərkəzi Ramadı şəhərinə son günlər İŞİD-in hücumlarının artması müşahidə olunur.
Artıq İŞİD qüvvələri Ramadidə yerləşən ordu bazasını ələ keçiriblər. Bölgənin hərbi komandanlığı mərkəzi hökumətə müraciət edərək yardım istəyib.
ABŞ hökuməti Ramadidə durumun “həssas” olduğunu bildirib. Ənbar vilayəti İraqın strateji baxımdan mühüm əyalətlərindən hesab olunur. Hadida su anbarının bu bölgədə yerləşməsi onun əhəmiyyətini daha da artırır. Ramadinin ələ keçirilməsi İŞİD-in su anbarı üzərində nəzarəti ələ alması və Bağdada hücum etməsi üçün şərait yarada bilər. İraqın “əş-Şərqiyə” telekanalının məlumatıan görə, artıq Ənbar vilayətinin Şurası hökumətə müraciət edərək ABŞ-dan quru qoşunlarını köməyə çağırmasını tələb edir. Mərkəzi hökumət isə ölkə ərazisinə xarici güclərin yeridilməsinə qarşıdır. Yerli rəhbərlik isə bəyan edib ki, əgər gərəkli kömək gəlməsə su anbarı 10 gün ərzində İŞİD-in nəzarətinə keçəcək.
Bölgədə kürdlərin və İraq ordusunun hücumlarının davam etməsi müşahidə olunsa da, müşahidəçilrə İraq ordusunun fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edirlər. Bu arada İraqın nüfuzlu şiə ruhani lideri Müqtəda əs-Sədr bəyan edib ki, şiə könüllü birliklərinin azad etdiyi bölgələri 15 gün ərzində orduya təhvil verəcəklər. Hazırda İraqda çoxlu sayda könüllü hərbi birliklərin yaradıldığı və bu birliklərin İŞİD-ə qarşı əməliyyatlara qatıldığı qeyd olunur.
Bu ərəfədə bir qrup İran vətəndaşı olan kürdlər İranın SEPAH qüvvələrinin xaricdə əməliyyatlar üçün ixtisaslaşmış “Qüds” briqadasının komandanı Qasim Süleymaniyə müraciət edərək Kobaniyə dəstək verməsini xahiş ediblər. Daha əvvəl Əmirli qəsəbəsinin azad edilməsində yaxından iştirak edən Süleymani uzun illər Yaxın şərqdə İranın həyata keçirdiyi əməliyyatların əsas təşkilatçısı olub. Son aylarda əsasən İraqda tez-tez görünən Süleymaninin kürd və şiə könüllü birliklərində çəkdirdiyi şəkillər yayılır.
ABŞ müdafiə naziri Çak Hagel isə bəyan edib ki, Kobani çox ciddi bir problemə çevrilib. Hagel hava zərbələri İŞİD-in hücumlarının qarşısını alsa da, ümumilikdə şəhərin mühasirədən çıxması üçün uzun müddət lazım gələcəyini deyib. Eyni zamanda o, İŞİD-i məhv etmək üçün ABŞ hökumətinin əlindən gələni etdiyini deyib. Eyni zamanda məlum olub ki, Almaniya ordusundan sonra Britaniya hərbi təlimatçıları Şimali İraqın hərbi qüvvələri olan peşmərgəyə təlim keçəcək.
COMMENTS