Moskvanın Lefortovo məhkəməsi Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanı terror təşkilatının fəaliyyətində iştirakda şübhəli kimi saxlayıb.
BBC xəbər verir ki, məhkəmə istintaqın tələbini təmin edərək Karaulova barədə dekabrın 23-ə qədər həbs-qətimkan tədbiri seçib.
Bundan əvvəl qızın vəkili Aleksandr Karabanov deyib ki, müdafiə etdiyi şəxs barəsində ev həbsi qərarı verilib. Vəkil məxfilik səbəbilə işin detallarını açmaqdan imtina edib.
Çərşənbə axşamı Rusiya mediası Karaulovanın ekstremist İslam Dövləti (İD) qruplaşmasına qoşulmasıyla bağlılığı ehtimal edilən bir neçə şəxsin həbsiylə bağlı məlumat yayıb. Karaulovanın Suriyaya getmək və radikal islamçılara qoşulmaq cəhdi mayın sonunda məlum olub. O, valideynlərindən gizlin olaraq xarici pasport əldə edib və Türkiyəyə gedib.
Sərhəddə qızı İnterpolun Türkiyə əməkdaşları saxlayıb və onu Rusiyaya deportasiya ediblər. İlk dindirilmələr zamanı hüquq-mühafizə orqanları Karaulovaya qarşı cinayət işi açmamaq qərarına gəlib.
COMMENTS